525.Az

Minsk qrupu özünə “alternativ” tanımır


 

“HƏMSƏDRLƏR QƏTNAMƏLƏRƏ CİDDİ YANAŞMASALAR DA, AZƏRBAYCAN BU SƏNƏDLƏRƏ İSTİNAD EDƏRƏK TORPAQLARINI GERİ QAYTARA BİLƏR”

Minsk qrupu özünə “alternativ” tanımır<b style="color:red"></b>

ATƏT-in Minsk qrupu Avropa Şurası Parlament Asambleyasının (AŞ PA) Demokratiya və siyasi məsələlər komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin qəbul olunmasından narahatlıq keçirir.
 
Bunu həmsədrlərin hər addımında hiss etmək mümkündür. İlk olaraq, amerikalı həmsədr Ceyms Uorlik AŞ PA-nın qərar qəbul etməzdən əvvəl Minsk Qrupu ilə məsləhətləşməli olduğunu bildirməklə hansı mövqedə olduqlarını göstərib.

Daha sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda səfərdə olarkən AŞ PA-nı öz səlahiyyətlərinə uyğun olmayan işlərə qarışmaqda günahlandırıb.

Noyabrın 12-də isə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə bəyanat yayıblar. Heç şübhəsiz ki, burada yer alan fikirlər də qurumun mövqeyinin gücləndirilməsi və alternativsizlik şəraitində öz yoluna davam etməsinə hesablanıb.

Bəyanatda deyilir ki, AŞPA-da hazırda müzakirə olunan qətnamə layihəsi və məruzə ilə bağlı bu qurumun Qarabağ münaqişəsinin nizamlanmasına olan diqqəti nəzərə alınır: “Biz insanların, o cümlədən, mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişə xeyli müddətdir uzanır. Tərəflər dinc nizamlanmanı sürətləndirmək üçün zəruri tədbirlər görməlidirlər.

Biz əminik ki, nizamlanmaya nail olunmasına dair tədbirlər Fransa, Rusiya və ABŞ prezidentlərinin birgə bəyanatında qeyd edildiyi kimi tərəflərin qarşılıqlı razılığı əsasında olmalıdır”.

Həmçinin qeyd olunub ki, ATƏT-in mandatına uyğun olaraq, həmsədrlərin vəzifəsi dinc nizamlanmaya, əsasən hərtərəfli nizamlanma üçün danışıqların asanlaşdırılmasına yardım göstərməkdir: “Biz konkret mövqelər üzrə hakim və ya vəkil deyilik. Münaqişənin nizamlanması ilə bağlı yeni danışıqlar formatının və işçi qrupların yaradılmasına dair təkliflər səslənir. Hesab edirik ki, Minsk Qrupu çərçivəsində unikal vasitəçilik təcrübəsi var. Tərəflər Minsk Qrupunu qəbul edir və ATƏT iştirakçısı olan dövlətlər tam etimad göstərir. Danışıqların həssaslığını nəzərə alaraq, formatın dəyişdirilməsi və ya paralel mexanizmlərin yaradılması cəhdləri danışıqlar prosesini poza və nizamlanmaya əngəl törədə bilər.

Eyni zamanda, biz münaqişənin ədalətli və davamlı nizamlanmasında maraqlı olan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq”.

Bəyanatdan göründüyü kimi, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını deyil, daha çox öz “fəaliyyətlərini” ön plana çəkirlər. Bir sözlə, Qrup özünə alternativ tanımır. Halbuki, unikal vasitəçilik təcrübələrinin olduğunu deyən həmsədrlər 20 ildən artıqdır münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail ola bilməyiblər.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk Qrupunun məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini öz inhisarlarında saxlamaqdır: “Ayrı-ayrılıqda həmsədr dövlətlərin hər biri problemi öz maraqları çərçivəsində nizamlamağa çalışırlar. Bu gün Rusiya münaqişənin həllinə maraq göstərir. Lakin bu, ABŞ-a heç cür sərf etmir. Hazırkı parametrlər üzrə münaqişənin həlli Vaşinqtonun regionda təsirini sıfırlaşdırır. Bu isə o deməkdir ki, ATƏT formatında münaqişənin həlli mümkün deyil. Çünki ATƏT-də qərarlar konsensus şəklində qəbul olunur. Yəni, bir ölkə qərarın əleyhinə səs verirsə, sənəd qəbul olunmur. Bununla bərabər münaqişənin Minsk Qrupundan kənarda həll olunması, həmsədrlər üçün formalaşdırdıqları monopoliyanın yırtılması deməkdir”.

M.Əhmədoğlu hesab edir ki, AŞ PA siyasi komitəsində qəbul olunan qətnamə nə Azərbaycan, nə də ermənipərəstlikdən qaynaqlanır: “AŞPA münaqişəyə ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində yanaşıb. Qurum işğal faktını təsdiqləyib”.

Müxtəlif vaxtlarda həmsədrlərin Azərbaycan torpaqlarının işğalı faktını dilə gətirdiyini deyən politoloq bu, fikirlərin dəyişikliyə də uğradığını, “işğal” sözünün “nəzarət” sözü ilə əvəz olunduğunu da deyib.

Politoloq qeyd edib ki, istənilən halda AŞ PA-nın yanaşması ədalətlidir. Onun sözlərinə görə, qurumun siyasi komitəsində qəbul olunan qətnamə Azərbaycana əlavə üstünlüklər verir: “AŞ PA-da qəbul olunan qərarlar mühüm əhəmiyyətə malikdir. Rəsmi Bakı bu, sənədə istinad edərək məsələni Avropa Parlamenti, Avropa Komissiyasında qaldırıb hüquqi baxımdan müsbət nəticələr əldə edə bilər.

Politoloq hesab edir ki, bu səbəbdən ATƏT-in Minsk Qrupu böyük narahatlıq keçirir: “Dağlıq Qarabağ probleminin ATƏT hüdudlarından kənarda həll olunması qurumun vasitəçi kimi əhəmiyyətini məhdudlaşdırır. Ona görə də, həmsədrlər çalışır ki, nəyin bahasına olursa-olsun münaqişənin nizamlanması məsələsini öz inhisarlarında saxlasınlar. Hərçənd, hazırda onların məqsədi münaqişəni hər hansı bir formada tənzimləmək deyil. İlk növbədə parametrlər onların maraqları ilə üst-üstə düşməlidir”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, son zamanlar AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq artır: “Demokratiya və siyasi məsələlər komitəsində qətnamənin qəbuluna qarşı AŞ PA-da da müqavimət var idi. Haqlı olaraq, qəbul olunan sənəddə qeyd olunub ki, Azərbaycan torpaqları işğaldan azad olunmalı, ölkənin ərazi bütövlüyü təmin olunmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Bu qərar Ermənistanın xoşuna gəlmədi. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu məsələyə qısqanclıqla yanaşdılar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İrəvanda səfərdə olanda bildirib ki, AŞ PA Dağlıq Qarabağ probleminə qarışmamalıdır, bu, onun mandatına uyğun gəlmir. Faktiki olaraq, Moskva ilə İrəvan bu məsələdə eyni mövqedən çıxış edib”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanı narahat edən məsələ AŞ PA-nın Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etməsidir: “Həmsədrlərin də fəaliyyətinin heç bir nəticəsi yoxdur. Ancaq AŞ PA qətnaməsində status-kvonun dəyişdirilməsi tələb olunur. Ona görə də, Ermənistan hakimiyyəti çalışır ki, Minsk Qrupu fəaliyyətlərində AŞ PA qətnamələrini nəzərə almasın. Əgər həmsədrlər maraq göstərməsə,  AŞ PA-da qəbul olunan qətnamələr kağız üzərində qala bilər. Lakin məsələ burasındadır ki, son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın lehinə qəbul olunan qətnamələr gələcəkdə Ermənistana problemlər yaradacaq. Məsələylə bağlı əvvəl yalnız dörd BMT qətnaməsi var idi. İndi isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar və AŞ PA-da təsdiqlənən sənədlər var. Bundan başqa noyabrın 23-də Sərsəng su anbarı ilə bağlı daha bir ciddi qətnamənin qəbul olunması gözlənilir. Bütün bu qətnamələr Azərbaycanın manevr imkanlarını genişləndirir. Ermənistan və həmsədrlər qəbul olunan qətnamələrə ciddi yanaşmasalar da, Azərbaycan bu sənədlərə istinad edərək beynəlxalq hüquq çərçivəsində istənilən yolla torpaqlarını geri qaytara bilər”.

Ceyhun ABASOV

 





14.11.2015    çap et  çap et