525.Az

İsa Qəmbər yenidən Lənkərana gedəcək


 

İsa Qəmbər yenidən Lənkərana gedəcək<b style="color:red"></b> Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 13-də Lənkərana səfəri zamanı baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirib.
 
 APA-nın məlumatına görə, İsa Qəmbər Lənkəran rayon İcra Hakimiyyətinin hadisə haqda arqumentlərini əsassız adlandırıb. O bildirib ki, kortejinə hücumun hakimiyyət tərəfindən törədilməsinə heç bir şübhə yoxdur: “Bunun iqtidar tərəfindən törədilməsini sübuta yetirməyə çalışacağıq. Çünki kənarda dayanan polis hücum edənlərin qarşısını almaq üçün heç bir addım atmadı”.
 
İ. Qəmbər hadisəni sui-qəsd cəhdi adlandırıb. O, hadisə zamanı onlara atılan daşı da jurnalistlərə göstərib. Müsavat başqanı bu hücumun Lənkəran əhalisi tərəfindən törədilmədiyinə əminliyini vurğulayıb və həmin bölgənin ziyalıları tərəfindən yenidən rayona dəvət olunduğunu söyləyib: “Yaxın vaxtlarda Lənkəran səfərinin vaxtı müəyyənləşdiriləcək. Biz dostlarımızla bu bölgəyə yenidən səfər edəcəyik”.
 
İ. Qəmbər hücum edənlərin arasında “Xəzər Lənkəran” futbol klubunun geyimində olan şəxsin komandanın “fan-klub”una aidiyyəti olmadığını, bununla bağlı artıq “fan-klub”dan açıqlama verildiyini də qeyd edib.
 
Müsavat başqanı hadisə zamanı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edildiyini xatırladaraq artıq polis qurumlarına müraciət etməyəcəklərini və məsələnin məhkəmə müstəvisinə çıxarılacağını bildirib: “Biz bu məsələnin üstünə gedəcəyik”.
 
Sualları cavablandıran İ. Qəmbər deyib ki, bu olayda Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin əlinin olmasına inanmır: “Biz tələbə yoldaşıyıq və aramızda çox yaxşı münasibətlər olub. Gənclik illərində bir-birimizi davalarda da müdafiə etmişik. Mən tanıyan Zeynal bu hərəkəti etməz”.
 
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər yanvarın 13-də partiyanın zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib. İ. Qəmbəri aparan kortej Lənkəran şəhərində hücuma məruz qalıb. Nəticədə partiya başqanını müşayiət edən bir neçə şəxs xəsarət alıb.
 
Lənkəran şəhər-rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, hadisə barədə onlara məlumat daxil olmayıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə APA-ya açıqlamasında ünvanlarına səslənən ittihamları rədd edib: “Bizim İsa Qəmbərin Lənkərana gəlişindən xəbərimiz olmayıb, bu barədə hadisədən sonra xəbər tutmuşuq. Bizə verilən məlumata görə, İsa Qəmbərin qarşısını şəhid ailələri, imkansız insanlar kəsərək, onun gəlişinə etiraz ediblər. İsa Qəmbərin yenidən aranı qarışdırmaq məqsədilə Lənkərana gəldiyini deyən insanlar onun rayonu tərk etməsini istəyiblər. İcra nümayəndələrinin ünvanına səslənən ittihamların heç bir əsası yoxdur”.
 





14.01.2013    çap et  çap et