525.Az

Dəyişməzlik


 

ABİD TAHİRLİNİN 60 YAŞI MÜNASİBƏTİ İLƏ

Dəyişməzlik<b style="color:red"></b>

Mən ilk dəfə Abidlə az qala otuz il bundan əvvəl - hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır - 1987-ci ildə tanış olmuşam, elə həmin vaxtdan etibarən də bir yerdə işləmişik və bütün bu dövr ərzində Abidin gənc bir jurnalistdən elmlər doktorunacan, “Odlar yurdu” qəzetinin baş müxbirindən əsl vətəndaş qayələri ilə hörmət qazanmış bir dövlət qulluqçusunacan keçdiyi həyat yolu mənim gözlərimin qabağında olub.

Və bu yol - acısı və şirini ilə bərabər, şərəfli bir yol olub, daima öz üzərində çalışan, axtaran və tapan zəhmətkeş bir qələm sahibinin, harda işləyibsə, daima öz işinin məsuliyyətini hiss edən vətənpərvər bir insanın yolu olub.

1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində “Odlar yurdu” qəzetinin qısa bir müddətdə 250000 (iki yüz əlli min!) tirajla çap olunmasında və hər nömrənin bizdə də, xarici ölkələrdə yaşayan həmvətənlərimizin arasında da əldən-ələ gəzməsində, Sovet İttifaqında hələ hakim ideologiyanın fironluq etdiyi bir dövrdə bu qəzetdə Sovet mətbuatında M.Ə.Rəsulzadənin xatirələrindən, ADR-nın parlament iclaslarının materiallarından tutmuş Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bu kimi siyasi xadimlərin haqqında uzun fasilədən sonra ilk dəfə olaraq dərc edilən pozitiv məlumatlara qədər yazıların işıq üzü görməsində qəzetin redaktoru Ramiz Əsgərlə bərabər, Abidin də çox ciddi rolu olmuşdur.

Ümumiyyətlə, gəmidə oturub, gəmiçi ilə dava edən, demək olar ki, hər gün KQB ilə sözləşən, bir sıra hallarda isə çarpışan, çox zaman Sistemin (o cümlədən də KQB-nin!) ciddi təzyiqlərinə və təxribatlarına məruz qalan “Vətən” Cəmiyyətinin xaricdə yaşayan vətənpərvər azərbaycanlılarla əlaqələr yaratmasında, Ankarada fəaliyyət göstərən Azərbaycan Milli Şurasının sədri Məhəmməd Kəngərli, Ankarada nəşr olunan “Azərbaycan” jurnalının  redaktoru Əhməd Qaraca və bu kimi qatı antisovet məfkurəli siyasi xadimlərin ilk dəfə Azərbaycana dəvət olunmasında, onları Moskvada qarşılayıb, Moskvadan da sağ-salamat yola salmaqda Cəmiyyətin başqa əməkdaşları kimi Abidin də çox səmərəli və səriştəli fəaliyyəti olub.

1990-cı il yanvarın 20-dəki qırğından sonrakı günlərdə, xüsusən yanvarın 21, 22, 23-də -  ağına-bozuna baxmayan Sovet soldatlarının Bakını işğal etdiyi, əllərində avtomat bütün küçələri nəzarətdə saxladığı o dəhşətli günlərdə “Vətən” Cəmiyyətinin teleksi Azərbaycan ilə dünya arasında yeganə ünsiyyət vasitəsi idi və o ölüm-dirim zamanı həmin teleks ilə Şeyxülislam Allahşükür Paşazadənin sərt bəyanatını dünya informasiya orqanlarına yaymaqdan tutmuş, “Amerikanın səsi”, “Azadlıq” radioları, başqa xarici, o cümlədən, Türkiyə informasiya mərkəzləri ilə əlaqə yaradıb, onlara operativ məlumatlar verməyəcən gecə-gündüz bilməyən bir fəaliyyətdə Abid də öz həmkarları ilə birlikdə mühüm xidmətlər göstərdi. Bu xidmətlərin nəticəsi idi ki, misal üçün, Pakistanın o zamankı baş naziri Benəzir Buhutto bizim teleksin məlumatına əsaslanaraq SSRİ rəhbərliyinə etiraz notası verdi, yaxud da məşhur ABŞ konqresmeni Cim Mudi bizim dəvətimizlə Bakıya gəldi və ilk xarici siyasi xadim oldu ki, 20 Yanvar qurbanlarının məzarlarını ziyarət etdi, konqresdə bu məsələni qaldırdı.

Bütün bunlarla bağlı çox xatirələr söyləmək olar, ancaq bütün bunları ən ətraflı şəkildə elə Abidin özü yaza bilər və güman edirəm ki, Abidin vətəndaşlığı və publisist istedadı o kitabı yazdıracaq.

Abid Tahirli bir çox məqalələrin, kitabların müəllifi kimi tanınmış bir publisist olmaqla bərabər, bu gün mühacirət problemləri, xüsusən mühacirət mətbuatı sahəsində, bizim mühacirətdə yazıb-yaradan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Şəfi bəy Rüstəmbəyli və bu kimi mütəfəkkirlərimizin, lazımınca tanımadığımız və qiymətləndirmədiyimiz qələm sahiblərinin fəaliyyətinin və yaradıcılığının  öyrənilməsində tanınmış bir mütəxəssis tədqiqatçıdır.

Onun “Azərbaycan mühacirəti”, iki kitabdan ibarət “Azərbaycan mühacirət mətbuatı”, “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” kimi monoqrafiyaları bu sahədə yaranmış böyük bir boşluqdan sonra ictimai fikrimizdə yeri olan əhəmiyyətli və sanballı tədqiqatlardır.

Bu qısa qeydlərdə orasını da demək istəyirəm ki, Abid təmiz, etibarlı, xeyirxah bir şəxsiyyətdir və bu uzun illər ərzində mən flyuger kimi dəyişən bir çox insanlardan fərqli olaraq, Abidin şəxsiyyətində heç bir dəyişiklik görməmişəm, əksinə, o təmizlik də, etibarlıq da, xeyirxahlıq da illər keçdikcə, elə bil, daha da artıb və saflaşıb.

Abid 60 yaşı haqlayır, ancaq heç kim ona 40 yaşdan artıq verməz və Abidi belə dəyişməz, cavan saxlayan da onun şəxsiyyətindəki həmin təmizlik, etibarlılıq, xeyirxahlıqdır.

7 oktyabr 2015

 





16.11.2015    çap et  çap et