525.Az

Ölən əsgərlər və endirilən rütbələr


 

Ölən əsgərlər və endirilən rütbələr <b style="color:red"></b>

Zahid ORUC
Millət vəkili 

Daşkəsəndə baş verən məlum faciə hərbi sistemdəki son itkilərimizdir. Diqqət etdinizsə,təkcə Ceyhun Qubadovu deyil,həbs olunanları və rütbəsi endirilənləri də ziyanımıza işləyən ağır bir hadisə kimi dəyərləndirirəm.

Əlbəttə,cinayət cəzasız qala bilməzdi və qanunlar bunu tələb edir ki, qeyri-nizamnamə əməlləri ucbatından insan həyatına təhlükə baş verirsə,ona adekvat məsuliyyətin çəkilməsi də mütləq şərtdir.Lakin bir hərbi hissə fonunda atılan addımlar bizi həqiqi istəyimizə – peşəkar və sağlam ordunun formalaşmasına qovuşduracaqmı?

Bu ölkənin Ali Baş komandanı 10 illik siyasətində əsgərə və zabitə ən yüksək dəyər verdiyini sübuta yetirib.Respublikadaxili bütün səfərlərində hərbçiləri ziyarət edib,döyüş hazırlığına və hərbi təlimlərə birbaşa nəzarətini həyata keçirib,səngərdə xidmət edən insanların əlini sıxıb və onları mükafatlandırıb.

Müdafiə Nazirliyinin rəhbərliyi də belə etməliydi.Nazirdən Qərargah rəisinədək hər kəs səngəri elektron xəritələrdə və döyüş sənədlərində deyil,gerçək dislokasiyalarda yaxından tanımalı, əsgər və zabitlərin dərin inamını qazanmalıydılar. Ərazisi itirilmiş bir millətin hərbi nazirinin reytinqi hər bir siyasətçidən yüksəkdə durmalıdır. Əmrlərin yerinə yetirilməsi müdafiə və hücuma qərar verənlərin şəxsiyyətinin mötəbərliyindən birbaşa asılıdır.

2.7 milyard manat dövlət vəsaiti böyük hərbi güc yaratmağa qadir vəsaitdir. Dövlətin rəhbəri ən müasir silahları və texnikanı millətin müdafiəsinə yönəldir,qabaqcıl ölkələrlə yüksək əməkdaşlıq qurur. Bu işi həyata keçirən qurumların borcudur ki,şəffaflıq və ünvanlılığı təmin etsinlər,düzgün idarəetməni həyat keçirsinlər.

Hər bir dövlət güclü orduya malik olmaq istəyir. Bunu təmin etməyə dair dünyanın qabaqcıl təcrübələrindən bəhs etməyəcəyik. Doktrinalar və təhlükəsizlik konsepsiyalarına dair elmi baxışlarımızı gələcəkdə təqdim edəcəyik. İndi isə populyar bir dildə çox sadə sualların cavabını verməliyik.

Həqiqətənmi nazir Səfər Əbiyevin və on illərlə rəhbər kreslolarında rotasiyasız əvəzolunmazlıqlarını yəqin etmiş şəxslərin vəzifəsindən azad olunması yeganə çıxış yoludur? Bu məsələ Prezidentin kompetensiyasıdır və gəlin virtual qərarlarımızı fundamental məsələlərə yönəldək. Şübhə etmirəm ki, dinamik bir nazirin bölgələri və döyüşçülərini şəxsən tanıyan, beynəlxalq sistemlərə açıq bir simanın şəxsində silahlı qüvvələrə fərqli bir ruh və yeni idarəetmə keyfiyyətləri gələ bilərdi. Bununla yanaşı unutmayaq ki, Avropada ordular qərargahlar vasitəsilə kollegial idarə olunur və bəzən rəhbər şəxs mühüm səlahiyyətlərə malik olmur. Lakin bizim üçün ən başlıcası, dünyada rəhbər tutulan vahid bir prinsipdir: ORDU SAĞLAM OLMALIDIR!

Bunun üçün hansı tədbirlər tələb olunur? Ötən il qəbul etdiyimiz qanun dövlətin üzərinə vəzifə qoyur ki, hər bir oğlan məktəblini-gələcəyin çağırışçısını pulsuz müayinə və müalicə etsin. Bunu işlək bir normaya çevirə bilməsək ürək çatışmazlığı xəstəsi də,görmə qüsuru olanlar da ön cəbhələrə gedib çıxacaqlar.

Orta məktəb təkcə biliklər vermir, həm də sabahın hazırlıqlı döyüşçüsünü formalaşdırır. Bizdə bu işin bərbad vəziyyəti hər kəsə bəllidir. Anaların kölgəsindən çıxan yeniyetmələr fərqli bir psixoloji mühitdə ağırlığa tab gətirmir, kəskin toqquşan hərbi şəraitə və kütləvi insan mühitinə adaptasiya oluna bilmirlər.

Dövlət gələcəyin əsgərini hazırlamaq üçün xüsusi proqram qəbul etməlidir. Onda hər bir fərdin tibbi informasiya bankında toplanmış məlumatlar sübut edəcək ki, kimin yararlılıq əmsalı nə vəziyyətdədir.

Növbəti mühüm məsələ 150 ballıq zabitlərin gələcəyi ilə bağlıdır. Türkiyənin yüksək peşəkarları hesabına Azərbaycanın əvvəlki hərbi quruculuğunda daşınan missiyanı bərpa etmək gərəkdir. 750 min əsgəri idarə edən və Avropada xüsusi gücü ilə seçilən bir təcrübəni, NATO sistemini bütünlüklə qardaş ölkə vasitəsilə ölkəmizə gətirməliyik.

Müharibəni islahatları daha sürətlə aparmağın mühüm zəmini saymalı, 100 mindən artıq ordunun saxlanmasından daha mobil heyətlərə keçidin optimal yollarını tapmalıyıq. Bizə hansı sayda ordu lazım olduğuna dair peşəkar proqramlar tərtib etməliyik. Cənubi Qafqaz coğrafiyasının və dövlətin qarşıya qoyduğu geopolitik vəzifələrin kontekstində bizim maraq və mənafelərimizi müdafiə edən Silahlı qüvvələrin kvotasını qanunla müəyyən etməliyik. Bu zabitin ən yüksək sosial təminatına və şəffaflığa yol açar, kadrların rotasiyasında subyektiv amilləri ortadan götürərdi.

Orduya nəzarət üzrə beynəlxalq təcrübəni tədqiq etmək və onu tamlıqla qanunvericilik sistemimizə gətirməliyik. Ötən il Ombudsmana parlament tərəfindən səlahiyyət verildi ki, istənilən hərbi hissəyə xəbərdar etmədən baş çəksin, pozuntu və cinayətlərə dair hüquqi addımlar atsın. Lakin 17 nəfərlik bir heyətlə bu işi görmək mümkün deyil. Parlament və ictimai nəzarətin yeni formalarına keçməli, ayrıca Hərbi Ombudsman təsisatını formalaşdırmalıyıq. Qoy ora əsgər anaları da,keçmiş hərbçilər də cəlb olunsun.

Peşəkar ordu avtomatik olaraq çağırış sistemində dəyişikliyə səbəb olmalı və kontrakt sisteminə keçidi şərtləndirməlidir. Keçmiş komissarlıqlardan və onların soyğunçu əməliyyatlarından xilas olduq, lakin evsiz zabit səngərdə ailəsini düşünəcəksə, o bütün potensialını Vətənin qorunmasına yönəldə bilməyəcək. Müqavilə prosesi mənzillə təminatın birdəfəlik həllinə şərait yaradacaq.

Hərbi tibbin inkişafı naminə yeni qərarlara ehtiyac var. Əsgəri Gülhanəyə göndərməyə məcbur olmaq bizim durumumuza pis təsir edir. Əgər cəmi üç aya xəstəlik ölümcül inkişaf edirsə, Azərbaycanın Gülhanəsi bunun qarşısını almalıdır! Dünyanın hər yerində hərbi klinikalar hətta mülki insanların da güvənc yerinə çevrilir. İndi siz paradoksa baxın ki,dünən iki zabit həbs olunub, lakin tibbi ekspertlər rəy veriblər ki,əsgər öz əcəli ilə ölüb?! Yəqin,növbəti cinayət işi həkimlərə qaldırılacaq.Bir faciə onlarla ailənin həyatını məhv edəcək. Düşmənsə buna yalnız sevinir. Dünən səngərdəki erməninin bayram ovqatına heç kəsin şübhəsi olmasın.

Yüzlərlə belə təklifləri kiçik bir yazıya yerləşdirmədən, sonda bir qeydimi də bölüşmək istərdim. Silahlı qüvvələrə siyasi baxışlarını şamil edənlərə heç kəs düşmən kimi baxmır. Lakin orduya müxalifətdə durub onu ermənidən gücsüz təsvir etməyin milli adı düşmənçilikdir. Mənim anlamımda ən zəif Azərbaycan əsgəri erməni “həmkarı”ndan güclüdür. Ordu qalib gələndə bu hamının-iqtidarın, müxalifətin, dindarın və ateistin birgə qələbəsinə çevrilir!

Başsağlıqları üzrə ixtisaslaşmış fərdlər və qurumlara çevrilməkdənsə, hamımız bilməliyik: başımızın sağ olması qorunan əsgərdə və yüksələn rütbələrdədir! BAŞINIZ SAĞ OLSUN!

 





14.01.2013    çap et  çap et