525.Az

Fərid Hüseynin şeirləri


 

Fərid Hüseynin <b style="color:red">şeirləri</b>

And olsun

And olsun gecənin bu vaxtına ki,
əsgər yarasında qurşun kimiyəm

Sizə öz dərdimi deyə bilmirəm
Quruyam, yoxsulam, qəribəm daha 

And olsun o günlərə ki,
mən öz dizimə baş qoyub yatmışam
İndi quru çay misalı
yağışlar doldurar boşluqlarımı

Ağrıdan elə ağırlaşıb canım,
Elə bil şair yox,
şair arxasınca atılmış daşam.

And olsun məni
içimdə MƏN edən PADŞAHA
O padşaha ki, göz yaşlarım da
onun əsgərləridi.

Mən indi nə deyim, nə deyim ONA,
Deyimmi bu gecə, elə bu axşam
O qədər dərdliyəm
ONA deyiləsi “şükür” kəlməsindən özgə
Heç nəyim yoxdu?

Yeni Şeir 

Gözüm əlin uzadıb qara torpağa sarı
ömrümüz dərman adı öyrənməyə çatar ta,
unutmuşam gülməyi, hərdən dodağım qaçır.
dərdlərim dilənçidi, sevinclərə əl açır
sən də o qızsan elə, dəyişən paltarındı.
mənim səndən yoxumdu, sənin məndən varındı.
Mən yenə həminkiyəm, sən yenə də başqasan.
səni dərd eləməkdən içimdə qocalmısan
getməyə tələsmə sən yollar onsuz zindandı.
səni doğa bilməyən gözlərim ikicandı
yenə yola düşürsən, yenə başa düşmürsən.
bilmirsən ki, bilmirsən
mənim səndən yoxumdu, sənin məndən varındı.

Sual-cavab

Zindan nədir sorsan məndən
Anamın arxamca düşən
göz yaşlarıdı deməsəm,
Allaha xoş getməz

Desən ki, ən çox kimdən darıxırdın,
yolumu gözləyənimdən deməsəm
bağrım çartlar

sorsan ki, qadınların
ən vəfalısı kimdi
məni dilbilməz vaxtlarımdan sevən
anamdır deməsəm olmaz

istəsən ki, ayrılığa tərif verəm
Çörəyimi göz yaşımla
ovduğum günlər düşər yadıma,
İçimdə qapı döyülər və məni çağırıb
apararlar xatirələr,
Səssiz sözlər dolar
mənim boş qalmış yerimə

Könül üçün yazılmış şeir

Bizi öldürmədilər,
sevmirlərmiş deməli,
Qəlbimizi tısbağa kimi
arxası üstə çevirdilər.
Yaşaya bilmədik qəlbimizin bu tərəfiylə,
Öyrəncəli ola bilmədik.
Namərdlər
qəlbinin hər üzü üstə yaşayanlardı.
Qadının canında can alanda ana olur.
Kişinin canından can alanda ölü.
Qadını çox vaxt özü yıxır,
Kişini özgələri.

Sənin gözlədiyin yollar əl açıb

o qız da hər gecə satır özünü
gecənin kimsəsiz ucuz vaxtına
sənin gözlədiyin yollar əl açıb
mənim yetişməyən, mənim gəlməyən
bu susqun, bu zalım ayaqlarıma.

Sənə sarı özüm gəlləm...
Qaracaoğlana

Tanrı sənə lazımammı?
Sözüm şeirə lazımı?
Məndən dünyada nə çoxdu
Bu dünya mənə lazımmı?

Mənə o dünyanı göstər
Yükümü götürüb gəlim.
Anamın o laylasını,
Cənnətə ötürüb gəlim.

Çayımı soyudub gəlim
Nazlımı uyudub gəlim
Nolar bu çeynək sevgini.
Aman elə udub gəlim.

Gözüm sənlə dolub yenə
Onsuz olan olub mənə
Sənə sarı özüm gəlləm
Əzrail Qoşulub mənə.

 





14.01.2013    çap et  çap et