525.Az

Şükür Şənolun şeirləri


 

Şükür Şənolun <b style="color:red">şeirləri</b>

[email protected]

...bu, nə əvvəl, bu, nə son

( epistolyar şərtiliklər çərçivəsində üç bölümlü lirik ricət)

 

a. yaşıdım söz, fikir sevdalıları

və Rəsul Rzadan Anara sevginin qədəri

...günün tən ortasında

yayın qora qovuran cırhacırında

anamızın ağartıya bulaşmış əlləriylə

nehrədən əndərib kasaya tökdüyü

ayranı içərdik

bu yerin uşaqları

isti nə, göydən od yağsa belə

kvas nədi bilməzdilər həyatlarında

xana-xana artıb, duran

bu böyük obanın uşaqlarından

biri də məndim

agah oldum dünyada nə var

səbirlə dinlədiyim dərs saatlarında...

.....................................................................

hər dərsin öz yeri

dil-ədəbiyyat müəllimimizdən

öyrənirdik sözün necə

qöncə olub sonra çiçək açdığını

hər gün daha artıq

anlaya-anlaya sözün sehrini

uzun gecələr sobanın dibində

uzanıb qoç dərisinin üstündə

baxmayıb boyumuza, yaşımıza

və yorğunluğumuza

böyüyə-böyüyə bilirdik hər şeyin təhrini...

.....................................................................

çox sevdiyim yazıçılardan

şairlərdən biriydi Rəsul Rza

hələ də yadımdadı o illərdən

“ilk qışqırıqdan

son süküta qədər bir yol”

“yarı his, yarı kül

kövrək, yavan çörək”

“insan şəklinə girmiş

alovlu qadın ehtirası”

və tarixin ən böyük canisi

mayor Klod İzerlinin monoloqu

yaddaşımda yumağa dönən

bu caninin

şüa xəstəliyinə tutulmuş

xirosimalı qızla dialoqu...

.....................................................................

bir dərs uzunu

bu böyük şairin bütöv həyatını

bir əfsanə kimi öyrəndik kəlmə-kəlmə

yaşıdım ədəbiyyat sevdalıları və mən

ömür-gün yoldaşının

həlim və mehriban Nigar xanım Rəfibəyli

olduğunu da bildik

bu kübar xanımın

kitabı da əl-əl gəzdi aramızda

həyat eşqi, Vətən və övlad sevgisi

şeirlərini “dağların saf havası

çiçəklərin xoş ətri” kimi

qəlbimizə aldıq, yaddaşımıza yazdıq

yaxşı misra, yaxşı roman oldu

sözə aşiq ürəyimizin dərmanı-davası...

.....................................................................

kitablardan və şəkillərdən tanıdığımız

misraları dillərdə, ağızlarda

bu iki şairə olan sevgilərdi

sənə olan sevgilərimiz bir vaxt

amma az sonra sənin də

sözlərini gördük ağ kağızlarda

fikirlərin yeni və təzə, hər şey fərqli

qəzet və jurnalların səhifələrində

sənin ruhun kimi sənin yerinə

bir gənc yazar gəlirdi evimizə

uğrunda vuruşurdu sənə yazılan baxt...

 

b.  içki kimi oynaq və köpüklənən

şeirlərin nəşəsi

...dəyirman yolunda

əmim dəmirçi Əhədin at arabasında

göy otun üstündə oxudum

ilk dəfə “Bayram həsrətində” kitabını

1967 də, “Ağ limanı” oxuyanda

saxtalı və sazaqlı bir qış gecəsiydi

hamı yatmışdı evdə

ala pişiyimiz ayağıma svanırdı

itimiz pəncərənin qabağında

gecəni oyaq qalmağıma məəttəliydi

və yorğun gözlərimi doyuzdurardı

dan yerinin qızartısı günəşin doğuşunda

bir dəfə də dərsə aparmadığım

köynəkdən, pencəkdən, çantadan

mənə görə, hər şeydən baha

xəlfətdə yazdığım

bir can dəftərim vardı

mənim gizlin yerim

qart və qoca palıd ağacının koğuşunda...

.....................................................................

on üç yaşım vardı o il

türkçü atamın kitabxanasında

dahi Əbdülhəqq Hamiddən

üzü bəri Tofiq Fikrətdən Nazim Hikmətə qədər

hamısını bir-bir su kimi içmişdim

bu qoca dədəmin kitab rəfində

uzaq Amerikadan Avropaya

bütün böyüklər vardı

şahanə və gözəl Kassini “Ağ kölə”də

sözün qüdrətiylə çox möhtəşəm yaradan

hər kəsə hürriyyət istəyən Riçard Xildret

edam olunmuş qadında Düma və bir tərəfində

əxlaqsız Marion de Lormda Hüqo

fransız şairlərin milli içkiləri kimi

oynaq və köpüklənən şeirləri

o illər indi bir şirin xatirə

və artıq əfsanə, bir kitab dastan

necə sığa bilər mənim yazdığım

bir vərəq kağıza, beş, on sətirə...

.....................................................................  

həyatımız günə bir roman

və nəşəli şeirlər

bunnan dahilərə könül verib, baş əyirdik

onlar uzaq, sən özümüzünkü və gənc

sənin qədər və Əli Kərim qədər

biri olmaq istəyirdik...

.....................................................................

qəlbimizdə uca Allah

bu əl mənim, ətək sənin

düşdük bu yolun ağına

heç yoruldum söyləmədik

nə düzünə, nə dağına

gündüz gödək, gecə uzun

üzülən əl, ayaq oldu

babam İsmayıl Səfəvi

ona ağır döyüşlərdə

din və iman dayaq oldu...

...yenə amalımız Vətən

bu sevdayla yüyürən biz

nadan, naşı qabaqladı

yıxılıb, duran dostlara

can sızladı, qəlb ağladı

yaxşı yamana qarışıb

hərə bir hava istəyir

yaxşıları sülh və barış

yamanı dava istəyir...

...söz sərrafı yaxşı bilir

kimdi hətərən-pətərən

kimdi gerçək yazı yazan

çox baş qoşma, boş ver, getsin

indi nə çox yolun azan

dolub, daşan ürəyində

qəm yelləyir aşıq, ozan

nə çox namərd və naxələf

çox yaxşını pisə yozan...

...mənim babam söyləyərdi

gül bükülməz hər bələyə

andıqda və xəzinədə

ləl deyilməz hər lələyə

gözlərində qəhər görüb

mağmın bidik hər fağırı

bir ölçüdə olmur heç vaxt

sözün yüngülü, ağırı

zalım sığmır yerə-göyə

şeytana qul yolun azır

fikir vermə səbr eylə ki

mələklər olanı yazır...

c. yazarlar birliyinə sayğı və salam

...yenə ötən əsrin

son onilliyində olduğu kimi

başlanğıcında bu yüz ilin

təzə nəsə yazmaq ehtirasımı

yoxun qara üzü öldürmək həvəsindədi

o zaman da neçə romanın

canına qıydım, fəsillərini

ilk və axır cümlələrini belə bətnində boğdum

div boyda bir nəhəngi

cırtdan yaxşıdı, qarışqa elədim

istəməsəm də roman yox, şeir doğdum...

.....................................................................

mərdi namərdə möhtac edən

şeytana qul zalımlar

üzdə yer vermədilər

həyatın dibində süfrəmə ruzi istədim

nələr etmədim

yetər, dedilər bircə karyerə getmə

hələ oradakılar

səni sıralarına almaz, alar da

çox dedilər

az eşitdim, getdim

qarlı günlərdə, qızmar havalarda

ilan mələyən yerlərdə

dördkünc ağ daşları

kitabları rəfə düzən kimi

ağır tonajlı tırlara yüklədim

daş karxanasına əyildi

heç kimə əyilməyən qəddim...

.....................................................................

yoxun qara üzünü ağartmaq üçün

traylerin ağır yükünü Binədə neçə illər

yerə qoydum qaranlıq anbarların küncündə

hər qarşıdan gələn bayrama

bir hədiyyənin puluna

qaldım saat ikiyə, üçə

yaza bilmədiyim

romanlara kül olduğum qədər

fikirləşdim qadınım və qızım üçün də...

...................................................................

bu, nə əvvəl, bu, nə son

yadınızda varamsa sevgili dostlar

hərdən məndən də çatdırın

on ildə bir dəfə

ayağım qapısına dəyməyən

sırasında olduğum

yazarlar birliyinə sayğı və salam

mən Hadi deyiləm

nədə ustadımız böyük Hamid

amma yenə də

roman yazıb Nobel mükafatı almağa

ölmək istəməyən ümidim var, vəssalam...

...................................................................

yaşaya bilsəm sevgili dostlar...

17 noyabr 2012.

 





14.01.2013    çap et  çap et