525.Az

Yaddaşdan lövhələr


 

Yaddaşdan lövhələr<b style="color:red"></b>

QAPILARI TAYBATAY AÇIN... QAPIYA ƏLƏM GƏLİR!

Uşaqlıqdan hamı mənə qəribə baxırdı. Ailəmizdə dörd uşaq vardı. Ancaq məni kəndimizdə heç kim tanımırdı. Qapıya gələn qonaqlar mənim də qonaq olduğumu sanırdılar. O qədər qaraqabaq uşaq idim ki, bir dəfə qonşu qadınlardan biri demişdi:

- Qızın baxışlarına bax, elə bil adamı parçalayacaq. Allah, sən saxla!

O qədər ciddi və qorxulu baxışlarımın olmasını bilmirdim o günəcən... Və o sözü eşidəndə artıq 9-cu sinifdə oxuyurdum. Amma hələ kənddə məni üzdən tanıyan yalnız müəllimlərim və sinif yoldaşlarım idi. Adım isə... Adımı tez-tez eşidirdim:

- Şəfa yenə olimpiadada yer tutub!-bunu günorta saat 12-də quzularını evə aparan Xanbaba dayı demişdi. Mən də çəpərimizə söykənib onun üzünə baxmışdım. Məni görməzdən gəldiyini sanmışdım, amma tez də yadıma salmışdım ki, axı, məni tanımır...

- Şəfanın şeirini gördünmü, qəzetdə çıxıb!- məndən iki sinif aşağı oxuyan oğlan demişdi. Yenə üzünə baxmışdım. Məni tanımırdı...

Və bütün bunlarla yanaşı yuxularımı danışmağa qorxardım. Çünki həmişə yuxuda gördüyümü danışanda nəsə olurdu. Bir dəfə yuxuda gördüm ki, bizim əldamının tavanı ilə divarın arasından bir əl uzanır içəriyə... Mən də qorxuram... Diksinib ayıldım. Amma susdum... Bu yuxunu da gizlədim. Az keçmədi, o əl yenə yuxudan oyatdı məni. Üçüncü dəfə görəndə qaçdım nənəmin üstünə. Yuxumu danışdım. Nənəm salavat çevirdi, anamı çağırdı:

-Qapıya ələm gələcək. Qızın yuxusuna gəlibsə, gələcək. Hazırlıqlı olun.

Oxuduğum kitab hələ yadımdadı: Cəmşid Əmirovun "Qara Volqa"sı... Qara paltarlı, qara papaqlı, ağ saqqallı, ağ saçlı, nurani bir qoca qapımıza gəlmişdi. Əlində uzun ağaca bağlanmış ələm...

-Ay ev yiyəsi, ələmə nəziriniz var, onu çıxarın... Ay ev yiyəsi...

Anam, nənəm əl-ayağa düşmüşdülər. Baba bir udum çay da içmədi.

-Məni bura ələm gətirdi, nəziri verin, gedim. Ələmin yolu uzundu-dedi.

Nəzirini alıb getdi... Və mən kitabımı yarımçıq qoyub küçəyə çıxıb onun arxasınca baxdım...

QAZAXDA ÜZÜM... İSTƏDİM BİRİN ÜZÜM...

2008-ci ildə Qazaxa ilk səfərim idi. Qıraq Kəsəmən kəndində İsrafil ağanın evinin divarlarına baxmağa gedirdik. Üzü Kürə tərəf dayandıq. Sağ tərəfdəki qırmızı başdaşıları marağımızı çəkdi. Məzarlığa yaxınlaşdıqca ürəyim xoflanırdı, gözlərim dolurdu... Və hər qəbrin ayaq ucunda balaca, üzü Kürə yuvalar vardı... Qəbirlərin arasında bir az hərlənib yolun soluna keçdik. Ucsuz-bucaqsız kimi görünən üzüm tənəklərinə baxdım... Yarpaqların arasındakı üzümlərdən birini üzmək istədim. Tənəyə çatmağa bir neçə addım qalmış kənd tərəfdən bir kişinin əllərini yelləyərək, qışqıra-qışqıra gəldiyini gördüm:

- Ayəəə... Ay qızım... Ay uşaqq... Dəymə! Tənəyə dəymə! Dəyməəə!!

İncimişdi ürəyim... Bir salxım üzüm nəydi ki, qıyılmırdı mənə? Kirimişcə geri qayıdıb yolun aşağı enən hissəsinə doğru yönəlmişdim. Kişi bizə çatanda əllərini dizlərinə dayayıb təngnəfəs halda dedi:

- İncimiyin, ay uşaq. Biz bu vaxt üzümə əl vurmuruq. Saat 12 olanda, gün qızanda ilanlar Kürə tökülür, düz saat dördəcən, gün əyilənəcən suda olurlar. Biz də canımıza cəfa basıb üzümü yığırıq o günün duran vaxtında. Bu dəyqə o tənəkdə hər yarpağın altda bir ilan qıvrılıb yatır, əl uzatsan çalar, peşmançılıq olar...

Kişinin gözlərində elə parıltı vardı ki... Canıma üşütmə düşmüşdü... O gözəl yay səhərində Kürün sahilində üşümüşdüm... Dişlərim dişlərimə dəymişdi... Yalnız indi yadıma düşmüşdü ki, uşaqlıqda nənəm bizə ilanın yuvasını göstərmişdi:

- İlan yuvasını üzü suya tərəf eşir...

Dönüb qırmızı başdaşılarına və onların ayaq ucundakı yuvalara baxmışdım...

Kişi özünü dikəldib yolun Kürə enən hissəsinə gəlmişdi, əlini irəli uzatmışdı:

- Qırılmışlar burdan tökülür çaya... İzlərinə bax, a qızım, elə bilmə qazaxlılar bir gilə üzümü qıymır sana!

Torpaq yolun üzüaşağı millənən yerində ilanların izləri aydınca görünürdü... Hətta, aradabir köhnə qabıqları da vardı... O izlərə ayaq qoymağa cəsarətim çatmamışdı... Yolun çəmənlik hissəsi ilə İsrafil ağanın evinə getmişdik... Yanmış, qaralmış divarlara baxmışdıq... Əlimi o divarlara sürtmüşdüm... Əllərimin qarasına gözlərimin yaşı düşdükcə, damla-damla ağarmışdı ovuclarım...

"MƏN NAĞILSIZ YATAMMERAM..."

Qazaxda gecələmək istəmirəm o ilk və son gecədən bəri... Onda Qarahəsənlidə Xalıqverdi müəllimgildə qalmışdım. Gecəni yatmamışdım. Nənəmin danışdığı hekayəti dönə-dönə xatırlamışdım, Xalıqverdi müəllimlə necə qohum olduğumuzu düşünmüşdüm...

Nənəm Hajımuğan qızı idi. Hajımuğan Göyçə gölünün o biri sahilində imiş. Sonradan bəri tərəfə keçib Hajımuğanlılar. Bu hadisə neçənci illərə təsadüf edir, bilmirəm, amma onları da yerindən-yurdundan edən ermənilər olub. Nənəmin danışdığı hekayət isə ondan da irəliyə dayanır.

... Hajımuğanda iki nəsil arasında qan düşmənçiliyi düşür. Qanlı nəsildən biri köçünü tutub Arazı keçməyə qərar verir. Bu nəslin ən gözəl qızı kəndin sayılıb-seçilən nəslində gəlin olur. Təzəcə ana olan bu gəlinin qızına Narın adını verirlər. Gəlinin əri zahı gəlini kənddə qoyub özü sürünün başında dağa qalxır. Gəlinə xəbər çatır ki, nəslin-kökün, atan-qardaşın Arazı keçəcək. Uşağını qucağına alıb özünü atasının köçünə, anasının arabasına çatdırır. Əl çəkmir ki, mən də sizinlə gedirəm... Gəlinin ərinin arxasınca kəndin dəli-dolu bir oğlu at çapır, haray salır dağlara:

- Gəlin Narını götürüb köçə qoşuldu, hey...

"-Narın!"-deyə bir səs qopur gənc atanın sinəsindən... İlxının ən gözəl atını seçib köçün dalınca dəhləyir. Köç Arazı keçhakeçdə çatır. Köçə hay düşür. Gəlin atasına yalvarır ki, onu geri göndərməsin, nəsli-kökü olmadan yaşaya bilməz bu tayda... Gəlinin atası qılıncını sıyırıb irəli atılır:

- Qızımı vermərəm!

Gənc ata da başını dikəldir:

- Qızımı vermərəm! - Əlini atıb arabadanca gəlinin qucağından Narını götürür, atın başını geri döndərir... Deyilənə görə, Narının atası ölənəcən deyərmiş:

- Gəlinin harayı qulaqlarımdan getmir...

Nənəmin anası idi körpəykən ana qucağından ayrılmış Narın... Xalıqverdi müəllim isə onun qardaşı idi... Və mən Qazax gecəsinin mistikasında illərin o tayına uçurdum... Bütün bu hekayəti gözümlə görürdüm... Yaşayırdım... Səhərin açılmasıyla başımı qaldırıb aynadan eşiyə baxırdım... Hələ onda bilmirdim ki, üstündən illər keçəcək, bir gün Qazaxlı Rüstəmin şeirini eşidəcəyəm: "Mən nağılsız yatammeram..." Mənsə... Mənsə, o mistik nağılla yatmamışdım... Özüm-özümə danışmışdım o nağılı...

"MƏN RUH GƏMİSİYƏM..."

Hər il martın 21-də Qazaxda "Səməd Vurğun-poeziya bayramı" keçirilir. 2014-cü ildə mən də getdim. Qoşdum nəfəsimi Qazağın dərviş havasına, qoşuldum Qazağın əhli-ürfanlarına... Üzdən tanımırdım deyə yavaşca Gülnar Səmanın qoluna toxunmuşdum:

- Barat Vüsal hansıdır?

Əliylə irəlini göstərmişdi... Ağsaçlı bir dərviş görmüşdüm elə bil... Boğazımda qəhər yığılmışdı... Ona yaxınlaşmaq, salam vermək o qədər çətin gəlmişdi ki, mənə... Yaxınlaşmamışdım... Karvan Ədəbiyyat Muzeyindən yola başlamışdı. Səməd Vurğunun poeziya evində hərəmiz bir şeir oxumuşduq. O qədər həyəcanlı və ağlamağa hazır idim ki, hansı şeiri oxuduğumu özüm də unutmuşam... Hələ də xatırlamıram... Ordan üz tutmuşduq Osman Sarıvəllinin və Eldar Nəsibli Sibirelin məzarını ziyarət etməyə... Orda da titrəmişdim... Gözlərimi yumub üzümü Qırmızı körpüyə tutmuşdum... Külək saçımı qarışdırdıqca ağlamışdım... Göz yaşlarımı küləyə vermişdim, hara aparır aparsın... Qayıdıb bir də Molla Vəli Vidadinin məzarını ziyarət etmişdik... Burda ağlamağı da bacarmamışdım... O qədər aciz idim ki, Qazax torpağında... Torpağın qarşısında aciz idim, havanın qarşısında ruhum bükülmüşdü... Gözlərimi hərləyib Barat müəllimi axtarmışdım... Bir kənarda durub gənclərə baxırdı. Baxışlarından bircə misra asılmışdı: "Mən Ruh gəmisiyəm, minin, di gedək!"

YÖNÜNÜ GÜNƏ ÇEVİR!  

Hacı Mahmud Əfəndinin məzarını da ilk dəfə 2008-ci ildə ziyarət etmişdim. Ondan sonra yenə yuxularımda o yeri ziyarət edirdim. Balaca alaqapıdan içəri girirdim, türbənin qapısında isə dayanıb növbəmi gözləyirdim ki, girim ziyarət eyləyim... Yenə getdim... Bu qış... "Qışda İncə dərəsi gözəl olmur"-demişdi mənə bir İncəli balası... Yalan deyirmiş... Aslanbəylidə üzümüzə vuran seyrək qar dənələri də mistik bir gücün bizi qarşılamağının bəyazlığı idi... Hacı Mahmud Əfəndinin evi, müsafirxanası, həyətindəki niyyət ağacları, məscidin həyətindən, təpənin üstündən bütün kəndə açılan mənzərə... Elə bil uzaqlardan bir dərviş harayı gəlirdi qulaqlarıma: "Haydı, qalxın, ömrünüzün, ruhunuzun, nəfsinizin yönünü günə çevirin!" Əfəndimizin evindən məscidə olan bir neçə metrlik yolda dizlərim neçə dəfə bükülmüşdü... Özümü toxdadıb yerə çökməmişdim... İrəliləmişdim...

Deyirlər ki, Seyid Nigarinin Amasyadakı türbəsini Hacı Mahmud Əfəndi tikdirib. Öz müəlliminin haqqını belə halal tutub...

İncə dərəsində incələn hisslərimlə öz ustadımı- Sədnik Paşa Pirsultanlını xatırlamışdım.... Baş-başa verərək ağlaya bilərdik, ustad-şəyird ikimiz də... Elə ağlayardım ki... Dolmuşdum, amma ağlaya bilmirdim... Nəfəsimi içimə çəkib havanı dinləyirdim... "Haydı, qalxın, ömrünüzün, ruhunuzun, nəfsinizin yönünü günə çevirin!"

Yönümü günə çevirməyə çalışmışdım... Bacarmışdım...

SÖZ... SÖZ EŞİDİN!  

Qazax səfərində yol yoldaşımız Rüfət Axundlu idi... Və yolboyu ruh ətri gələn şeirlərini dinləyirdik... "Sol çiynindən mələkləri, Yıxasan, rahat olasan!"... Damcı-damcı yağan yağışda təkəmseyrək qar dənələri uçuşurdu, amma buna qar demək olmazdı... Damcı-damcı boğazıma yığılan qəhərin sellənməsini istəyirdim... Damcılıya gedirdim... İki sevənin ayrılığına ağlayan bu qayalarla birgə ağlaya biləcəkdim, əmin idim... Bu əminliklə ayağımı maşından yerə qoyan kimi əllərim əsmişdi... Qar bərkimişdi... Elə gözəl yağırdı ki... Çiynimizə yağan qara baxıb Rüfətin şeirini düşünürdüm, amma sağı-qolu qatmışdım... Damcılıda damcılayan "qayanın göz yaşları"na barmaqlarımın ucu ilə toxunmuşdum... Yenə titim-titim titrəmişdim... Gözlərimdən sellənən qəhərin qarşısını Avey dağı da kəsəmməzdi daha... Dodaqlarımı kilidləmişdim, amma ruhum canıma sığmırdı... Sonuncu hıçqırığı içimdə çəkdim... Ruhum acmışdı, ruhum... Söz axtarırdım, söz! İndi də Taleh Mansurun şeiri yadıma düşmüşdü: "Ruhun badəsinə söz süz!"

Ya da Şahinə Könül demiş, şeir oxuyun, ay camaat, şeir!

Oxumuşdum:

Bu qışı da yola sal,
Yazda özüm gələrəm...
Bakı sənlə məğrursa,
Gəncəylə sevgiliyəm...

2015

 





18.11.2015    çap et  çap et