525.Az

Qarabağ münaqişəsi İtaliya mətbuatında


 

Qarabağ münaqişəsi İtaliya mətbuatında<b style="color:red"></b>

İtaliyanın “Adnkronos” xəbər agentliyi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən reportaj yayıb.

Bakıda səfərdə olan müəllif Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində uzun illərdir Cənubi Qafqazda gərginlik hökm sürməkdədir.

1994-cü ildə tərəflər arasında atəşkəsə dair imzalanmış sənəd problemi kökündən həll etmədi, sadəcə münaqişə “dondurulmuş” halda qaldı. Münaqişə təkcə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün ağır problemdir.

Reportajda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirlərinə də yer verilib:
 
“Münaqişə 20 ildən çoxdur ki, dondurulmuş vəziyyətdə qalır və beynəlxalq ictimaiyyət hələ də bu məsələdə düzgün mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də Ukrayna böhranı zamanı göstərilən mövqe nümayiş etdirilməlidir. Biz yalnız belə olan halda bir nəticə əldə edə bilərik”.

Müəllif Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə də yer verib:

“Ermənistan tərəfi uzun illərdir münaqişənin nizamlanmasına dair konkret təkliflərə biganə yanaşır və cəzasızlıq sindromundan əziyyət çəkir. Avropa İttifaqı rəsmi Yerevanın danışıqlar masasında ciddi iştirakı üçün konkret sanksiyalar tətbiq etməlidir. Azərbaycan tərəfdaşları ilə birgə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səylə çalışır”.

Reportajda diqqətə çatdırılır ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər gün silah səsləri eşidilir, ölənlər və yaralananlar olur. Bununla belə sülh üçün hələ də ümid var.

AzərTAc

 





19.11.2015    çap et  çap et