525.Az

"Minsk Qrupu hələ müəyyənləşdirə bilməyib ki..."


 

"Minsk Qrupu hələ müəyyənləşdirə bilməyib ki..."<b style="color:red"></b>

"ATƏT-in  Minsk Qrupu  həmsədrlərinin regiona səfəri ermənilərin psixoloji tarazsızlığını aşkarladı. Hərbi insidentlərin intensiv dövrü unudulmadığı dövrdə regiona səfər edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zamanı yaranan qaçqınların problemlərinin həllini və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunu daha prioritet hesab etdilər".

Belə bir açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mətbuat konfransında bildirib.  Politoloq qeyd edib ki, ona görə ermənilərin fikrincə, həmsədrlərin regiona səfəri cavabdan çox sual yaradıb: "İki məsələ xüsusilə diqqət çəkib. Birincisi, Ermənistan rəsmiləri və siyasiləri köçkün-qaçqın probleminə demək olar ki, yer ayırmırlar. Həmsədrlərin həmin mövzunu aktuallaşdırması da erməni ictimai-siyasi mühitinə təsirsiz qaldı. Dağlıq Qarabağın erməni və azərbaycanlı dialoqu mövzusu isə Ermənistanda tabu qoyulan mövzulardan biridir. Həmsədrlər ilk dəfə olaraq icmalararası dialoqa rəsmi bəyanatlarda münasibət bildirsələr də, Ermənistanın rəsmi və qeyri-rəsmi ictimai-siyasi mühiti tamamilə susdu. Dağlıq Qarabağın de-fakto "prezidentinin mətbuat xidmətinin rəhbəri" David Babayan köçkün probleminə münasibət bildirsə də, reallıqda bunu Ermənistan və Azərbaycandan qaçqın düşənlərə aid etmək olar. Babayan bu halda paritet təklif edir. Onu başa düşmək olar. Azərbaycanı tərk edən ermənilərin sayı ilə Ermənistandan qovulmuş azərbaycanlıların sayı fərqlidir. Ona görə Babayan Azərbaycana qayıdan erməni qədər də azərbaycanlının Ermənistana qayıtmasını arzulayır. Amma onun paritet ideyası Dağlıq Qarabağ tənzimlənməsində özlərinin ziyanına işləyəcəkdir. Erməni tərəfinin yaydığı məlumata görə, Dağlıq Qarabağda 150 min erməni yaşayır. Dağlıq Qarabağdan deportasiya olunan azərbaycanlıların sayı isə indi təxminən 75 min nəfərdir. Belə alınır ki, ermənilər Dağlıq Qarabağdan 75 min ermənini çıxarmalıdırlar; paritet prinsipi belə tələb edir. Yenilənmiş Madrid prinsiplərinə görə bütün məcburi köçkün və qaçqınlar əvvəlki yaşayış yerlərinə qayıtmalıdır. Ksenofob erməni siyasətçiləri, o cümlədən. Babayan ancaq seqreqasiyaya xidmət edən ideya müəllifləri ola biərlər. Barış, birgəyaşayış, tolerantlıq, multikulturalizm kimi ideyalar onlara yaddır".

Politoloq qeyd edib ki, məcburi köçkün və qaçqınlarla bağlı həmsədrlərin verdiyi bəyanatda ermənilər üçün şok məqamlardan biri də "Azərbaycanı düşmən kimi qəbul etməyən erməninin mövcudluğu" terminidir: "Amerikalı həmsədr Ceyms Uorlikin bu terminini həm Azərbaycandan köçmüş ermənilərə, həm də Dağlıq Qarabağdakı ermənilərə aid etmək olar. "Erməni və azərbaycanlıların birgə yaşayışı" terminindən sonra bu termin erməniləri ciddi təşvişə salıb. İkinci aspekt - rəsmi Yerevanın qoşunların təmas xəttində xüsusi qurğuların yerləşdirilməsi ilə bağlı israrla müdafiə etdiyi təklifinin mahiyyətini dəyişməsilə bağlıdır. Görünür, təzyiq vasitəsilə Ermənistanı başa salıblar ki, Ermənistanın dəstəklədiyi təklif qoşunların təmas xəttini dövlət sərhədinə çevirə bilir, çox vaxt və külli miqdarda maliyyə tələb edir. Eyni zamanda bu xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipilə daban-dabana ziddir. Ermənistanın bu məsələdə mövqeyinin dəyişməsini ABŞ konqresmenlərinə göndərdiyi təlimatlar təsdiqləyir. ABŞ konqresmenləri ABŞ Dövlət Departamentinə birinci müraciətlərində məhz yuxarıdakı təklifi təqdim etmişdilər. İkinci müraciətlərində isə konqresmenlər qoşunların təmas xəttində üstündə xüsusi qurğular gəzdirən ATƏT müşahidəçilərinin sayının artırılmasını təklif edirlər. Bu artıq prinsipcə yeni vəziyyətdir. Amma daha vacib məsələ Ermənistanın mövqeyini dəyişməyə vadar edilməsidir. Hər halda Ermənistan elə başa düşür ki, o hansı məsələyə münasibət bildirmirsə, deməli, həmin məsələ yoxdur. Bu artıq psixologiya sahəsinə aid məsələdir".

M.Əhmədoğlu hesab edir ki,  həmsədrlər Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimlədiklərini müəyyənləşdirməlidirlər: "ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə başlanmasını hələ bu günə qədər müəyyənləşdirə bilməyib. Eləcə də, üç həmsədr ölkələrin təmsilçiləri Dağlıq Qarabağ münaqişəsini kimin və nəyin üçün tənzimləmək istədiklərini müəyyənləşdirə bilməyiblər. Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin kimin və nəyin üçün tənzimlənməsi sualına üç müstəvidə cavab tapmaq mümkündür: "Birincisi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan üçün tənzimlənir. Əgər belədirsə, o halda vasitəçilər Ermənistan və Azərbaycan arasındakı münasibətlərin digər komponentləri danışıqlar predmetinə qoşulmalıdır. İkinci komponent iqtisadiyyat və kommunikasiya mövzularını əhatə edir. Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlıq etməyə, Ermənistana sərmayə qoymağa, Ermənistanı beynəlxalq layihələrə qoşmağa hazır olduğunu dəfələrlə bəyan edib. ATƏT MQ həmsədrləri yüz il bundan əvvəlki uydurma "erməni soyqırımı"na Dağlıq Qarabağ tənzimlənməsi kontekstindən münasibət bildirdikləri halda, Azərbaycanın iqtisadi mövzulu təkliflərini görməməzliyə vurublar. Nəhayət,  Dağlıq Qarabağ münaqişəsi bütövlükdə region üçün tənzimlənir.

Bu halda həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda Türkiyə, İran və Gürcüstanla mütəmadi danışıqlar aparmalıdır. Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət gərginləşəcəyi halda, Türkiyə ATƏT MQ-nin və NATO-nun üzvü olacağını unudacaq. İran ən proqnozlaşdırılmayan addımlar ata bilər. İranın addımlarının Ermənistanın lehinə olması istisnadır. Gürcüstan Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyətin gərginləşəcəyi təqdirdə münaqişə tərəflərindən heç də az zərər çəkməyəcəkdir. Bundan başqa, münaqişə Dağlıq Qarabağ əhalisi üçün tənzimlənir. Bu halda Dağlıq Qarabağın azərbaycanlılarının və ermənilərinin rolu həlledici olmalıdır. Hər birisi ayrı-ayrılıqda münaqişənin başlanması və gedişi barədə müxtəlif fikirlər səsləndirə bilərlər. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinbn başlanması və gedişatı barədə həqiqəti Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin polemikasından öyrənə bilər. Dağlıq Qarabağın azərbaycanlılarının və ermənilərinin dialoqunun qurulması Dağlıq Qarabağın statusunun müəyyən olunmasında alternativsizdir. Həm də dinc metoddur. İndi başlanan dialoq hər iki icmanın birgəyaşayışını formalaşdıra bilər. Bu da gələcək də ağır tutumlu siyasi məsələlərin həllinə imkan verə bilər. Həmsədrlər bu vaxta qədər bu istiqamətdə heç bir fəaliyyət göstərməyiblər. Onların belə davranışı savadsızlığın və ya qərəzin nəticəsi olmasını vasitəçilər özləri müəyyənləşdirməlidirlər. Hazırkı davranışları işğalçı müharibəyə haqq qazandırmağa yönəlib".

PƏRVANƏ

 





20.11.2015    çap et  çap et