525.Az

“Şair öldü” deyərsiz!


 

“Şair öldü” deyərsiz!<b style="color:red"></b>

Mərhum qələm dostum Sabir Abdullanın əziz xatirəsinə!

...Mən öləndə durub gülər üz ilə,

Qara deyil, bəyaz libas geyərsiz.

Məclis qurub şeir ilə, söz ilə,

Soruşana “şair öldü” deyərsiz.

 

Kövrək anlarımda yazdığım bu misraları bu gün işlədəcəyim ağlıma gəlməzdi...

...Şairlər öləndə bir parça şeir, bir zərrə gözəllik, bir damla həqiqət ölür məncə...

Şairlər öləndə dünya yasa bürünür, dostlar qəmlənir, dodaqlar qəm pıçıldayır...

Bu günlərdə bir şair köçdü dünyadan, qürbətdə... qürbətin qoynuna köçdü.

Qarlı qış günündə Günəşə həsrət gözləri yumuldu, Vətənə həsrət ürəyi dayandı.

Nə qəribədir! Bir zamanlar gözəlliyi, fəlsəfəni, ayrılığı vərəqlərə köçürən bir insanı indi buz kimi torpağa tapşırıb öz sakit və isti yuvalarımıza çəkilmişik. Halbuki bir qələm dostumuz, bir şair həmkarımız yoxdur artıq bu dünyada. Tədbirlərimiz də onsuz keçəcək, şeir məclislərimiz də... Ədəbiyyat adlı anamızın ürəyində Sabir Abdulla adlı bir yara sızlayacaq, Sabir Abdulla imzalı bir göynək!

Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb.

Bir çox mükafatlara layiq görülüb, o cümlədən V.Tsıbin mükafatının laureatı olub.

Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

Gözəl Azərbaycan şairi, ictimai xadim, mehriban dost və səmimi insan Sabir Abdulla yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.

Allah ona və dünyasını dəyişən bütün qələm dostlarımıza rəhmət eləsin!

Eyni qəriblik aqibətini paylaşdığım mərhum həmkarıma bu sözləri yazmaq gəldi içimdən:

 

Yenə də uzağam ülfətinizdən,

Şöhrətim a dostlar, şanım a dostlar!

Bilsəz nə çəkirəm xiffətinizdən...

Ürəyim a dostlar, canım a dostlar!

 

Yadıma salıram yenə sizləri,

Eh, deyin heç yaddan çıxırsınızmı?!

Qalıbmı arxada ayaq izlərim?

Görən, o yollara baxırsınızmı?!

 

Gün çıxmır həsrətin köksünü yara,

Ötüşən saatlar bir il kimidir.

Bu qürbət ellərin günü də qara,

Gecəsi açılmaz dərd tilsimidir.

 

...Ayrılıq gizlicə sinəmi oyub...

Çəkirəm qəhrini qərib bir yükün!

Ölsəm, məzarıma bircə gül qoyub

Və bircə damcı da göz yaşı tökün!

 

12.01.13.

Moskva

 





15.01.2013    çap et  çap et