525.Az

İflic olmuş əsgərin anası: "Dedilər ki, get rayona yasa hazırlaş" (FOTOLAR)


 

İflic olmuş əsgərin anası: "Dedilər ki, get rayona yasa hazırlaş" <b style="color:red">(FOTOLAR)</b>

Salyan rayonunun Yenikənd kəndində yaşayan Cəlilovlar ailəsi 2010-cu ilin oktyabrın 12-də evin böyük oğlu Davud Cəlillini hərbi xidmətə göndərib.
 
Əsgər andiçməyə qədər Lənkəranda yerləşən “N” saylı hərbi hissədə xidmət keçib. Andiçmədən sonra isə əsgər hərbi xidməti Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. Ilk 11 ay Davud Cəlilli üçün normal keçib. Bu müddətdə o, məzuniyyətə çıxaraq ailəsinin yanına gəlib. 10 gündən sonra yenidən hərbi xidmətə yollanan əsgərin problemləri başlayıb. Belə ki, məzuniyyətdən qayıdandan bir neçə gün sonra halı pisləşib və onu Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən, Sərhəd Qoşunlarının hospitalına yerləşdiriblər.
 
Həkimlər Davud Cəlillinin huşsuz olduğunu görüb ürəyində problem yarandığını düşünüblər. Müayinədən keçirərək, ürəyində heç bir qüsur olmadığını müəyyənləşdirib yenidən Şəkiyə qaytarıblar.

Əsgər hospitalda olarkən ailəsinə zəng edib. Başına gələnləri anasına danışıb. Bildirib ki, ciddi problemi yoxdur və yenidən hərbi hissəyə qayıdır.
 
Şəkiyə qayıdandan sonra, təxminən bir ay ərzində Davud Cəlillidən xəbər çıxmır. Ailəsi dəfələrlə övladının qulluq etdiyi hərbi hissənin zabitlərinə zəng etsə də, onunla danışa bilmir. Bu vaxtlarda isə əsgər tibb məntəqəsində müalicə olunurmuş. Ikinci dəfə Davudu hospitala gətirəndən sonra ailəsi onun səhhətində ciddi problemlər olmasından xəbər tutur.
 
Əsgərin anası Zərxanım Cəlilova deyir ki, oğlunun xəstə olması onlardan gizlədilib: “Birinci dəfə hospitaldan qayıdandan sonra üç həftə tibb məntəqəsində olub. Biz dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, heç bir nəticəsi olmayıb. Növbəti dəfə hospitala yerləşdiriləndən sonra bizə xəbər verdilər. Dərhal Bakıya getdim. Ancaq məni içəri buraxmadılar”.
 
Ananın dediyinə görə, növbəti cəhdlərin birində oğlu ilə görüşüb və onun vəziyyətinin pis olduğunu görüb. Ona çoxlu dərmanlar verilib, sistem vurmaq üçün qollarında damar tapa bilməyiblər, iynəni sinəsinə vurublar. İynəni bədəninə keçirmək üçün maqqaşdan istifadə ediblər”.

Zərxanım Cəlilova deyir ki, oğlu 14 ay hospitalda yatıb: “Mən də ayda bir-iki dəfə rayona gedib yenidən hospitala qayıdırdım. Ora Davud xidmət etdiyi hərbi hissədən əsgərlər də gəlirdi. Oğlumun bu hala necə düşdüyünü əsgərlərdən soruşdum. Mənə dedilər ki, komandir Davudu qışda soyuq suyla hamamda yuyunmağa məcbur edib. Bundan sonra onu üç nəfərin yerinə karaula çıxardıb. Karaul 2 saatdırsa, Davud 6 saat soyuqda ”naryad"ını edib. Bundan sonra o miningit olub".
 
Davudun atası Məhəmməd Cəlilov hospitalda olanda ona deyiblər ki, oğlu ömrü boyu belə qalacaq: “Dedilər ki, bundan sonra nə görəcək, nə yeriyəcək, nə də danışacaq. Get rayona yasa hazırlaş. Bu söhbətdən sonra lap pis oldum. Hər yerə şikayət edim. Heç bir nəticəsi olmadı. Sonradan bizə dedilər ki, oğlunuzu Türkiyəyə müalicəyə göndəririk, sənədləri hazırlayın. Yoldaşımın sənədləri qaydasında olmadığı üçün belə qərara gəldik ki, qaynımın oğlu Davudla getsin. Onun sənədlərini hospitala aparanda bizə dedilər ki, ehtiyac yoxdur, üç nəfər Davudla Gülhanə xəstəxanasına gedəcək”.
 
Davud üçün hospitaldan hazırlanan sənədlərə diqqət yetirəndə 15.03.2012-ci ildə Türkiyəyə getdiyinin, 31.03.2012-ci ildə geri qayıtdığının qeyd edildiyi görünür. Ancaq ailəsi övladlarının Türkiyəyə aparıldığına inanmadığını deyir.
 
Davud Cəlilli 14 ay Sərhəd Qoşunlarının hospitalında qalandan sonra onu oradan çıxarıblar. Ailəsinə Dövlət Sığorta şirkəti 2750 manat yardım etdiyindən əsgəri metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən 4 saylı vərəm dispanserinə aparıblar: “Pulumuz qurtarandan sonra həkimlər dedilər ki, heç cür yardım edə bilmirik”.
 
Bu ilin yanvarın 12-dən isə Davud Cəlilli evində müalicə alır. Indi onun sağ tərəfi tamam iflic vəziyyətdədir. Nə görür, nə də danışır. Yalnız anasının səsindən onu tanıyır.
 
Anasının sözlərinə görə, oğluna əlillik dərəcəsi və təqaüd almaq üçün rayonun tibbi-sosial ekspert komissiyasına müraciət ediblər: “Artıq iki aydır ki, bizi get-gələ salıblar. Əgər oğluma əlillik dərəcəsi və təqaüd verilsə, o pulla Davudu Irana aparıb müalicə edərdik”.
 
azadliq.info





 





15.01.2013    çap et  çap et