525.Az

Qulu Xəlillinin söz abidəsi, yaxud akademik Məmməd Arifdən dülgər Müstəcəb kişiyədək...


 

Qulu Xəlillinin söz abidəsi, yaxud akademik Məmməd Arifdən dülgər Müstəcəb kişiyədək...<b style="color:red"></b>

Çoxşaxəli yaradıcılıq aləminə sahib olan Qulu Xəlilli ədəbi mühitin bir sıra istiqamətlərinə mənsub cəmiyyətlərin hörmət etdiyi şəxsiyyət idi. Ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi ilə bağlı fundamental tədqiqatları ilə bu sahənin mütəxəssislərinin yanındaydı. Ədəbi - tənqidi əsərləri ilə ədəbiyyatın tənqid bölməsindəki adamların yanındaydı. Bir çox hekayəsi və hətta ayrıca romanı ilə yazıçıların - bədii söz ustalarının sırasındaydı. Və bu sıraların hamısında Qulu Xəlilli öncül yerdə dayanırdı. Bir də Qulu Xəlilli müəllim idi. Alimliyi, tədqiqatçılığı akademiyada qazanmışdı, filologiya üzrə elmlər doktoru olmuşdu. Ədəbi - tənqidi görüşlərini elə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) Filologiya fakültəsində - jurnalistika şöbəsində təhsil alarkən formalaşdırmışdı. Yazıçılığı ona Tanrı özü və bir də uşaqlıq illərində keçdiyi çətin yollar nəsib etmişdi. Amma müəllimliyi...  Müəllimliyi isə ona haçansa jurnalistika dərsləri keçmiş və klassik müəllimin nə olduğunu anlatmış Şirməmməd Hüseynov vermişdi. Universitetin jurnalistika üzrə elmi dərəcəsi olan müəllimlərin kasadlığını aradan qaldırmaq üçün o zaman yeni yaranan fakültənin dekanı Şirməmməd Hüseynov bu elmlər doktorunu akademiyadan qoparıb universitetə gətirdi və bizcə, bütün fəaliyyəti boyu Jurnalistika fakültəsinin təmiz dünyasını təmin edən Şirməmməd müəllimin ən böyük xidmətlərindən biri də bundan ibarət oldu. Şirməmməd müəllim sonralar Qulu müəllim haqqında səmimi bir xatirəsində yazırdı: “Çox böyük vuruşdan, çəkişmələrdən sonra Qulunu Jurnalistika fakültəsinə dəvət etdik. Mən onun simasında fakültəyə yeni milli ruh, vətənpərvərlik ehirası və məsuliyyəti gəldiyini, sıralarımızın gücləndiyini gördüm. Qulu mənalı ömrünün sonunadək də bu kollektivin əzizi, sevimlisi oldu...”

Və indi Qulu Xəlilli Jurnalistika fakültəsinin qocalı-cavanlı bütün müəllimləri, o cümlədən, bu sətirlərin müəllifləri üçün əziz bir xatirədir, böyük pedaqoq şəxsiyyətidir. Qulu Xəlilli Jurnalistika fakültəsinə gəldi və biz onu daha yaxından tanıdıq. Bu ana qədər, əlbəttə, bu ciddi alimin filoloji tədqiqatlarını, heç kimi və heç nəyi bağışlamayan  ədəbi- tənqidi məqalələrini və bir də çap olunduğu çağdan bestseller səviyyəsinə yüksəlmiş “Yaşamaq istəyirəm” memuarını oxumuşduq. Yaradıcılığında, xüsusilə tənqidi publisistikasında çox sərt görünən bu insanın tələbələrə münasibətdə, dost yanında, yoldaşlıqda nə qədər səmimi, nə qədər qayğıkeş olduğunu gördük və cavanlı-qocalı hər birimiz onun alimliyindən, müəllimliyindən, insana münasibətindən dərs aldıq.

Bu məqamda biz həyatın çox çətin anlarını yaşamış Qulu Xəlillinin bioqrafiyasına nəzər yetirsək görəcəyik ki, tale ona çox narahat, çətin keçilə bilən ömür yolu qismət elədi. Uşaqlığını Azərbaycan mühitinin qaranlıq kənd həyatında yaşamış Qulu Xəlillinin haçansa xalq adamı olacağına, bəlkə, heç atası Qasım kişi də inanmayıb. Qulu Xəlilli kimi bir insana bu qədər çətin ömür qismət edən Allah ona həm də dünyada milyonlardan birinə qismət ola biləcək döyüşkənlik, mübarizlik ruhu vermişdi. “Döyüş sizin alın yazınızdır” - Qurani-Kərimin müqəddəslik atributlarından biri də Allahın bu təyinatıdır. Döyüş Qulu Xəlillinin alnına yazılmışdı. O, adi bir orta məktəbi bitirmək üçün neçə-neçə rayon dəyişməli, məktəb görməliymiş. Sisyan, Ağcabədi, Ağdam -kiçik məktəblinin taleyi bu yollardan keçməliymiş. Pulsuz-pənəsiz Qasım kişinin böyük bir ailəsinin imkansızlığı şəraitində universitetə gəlməliymiş. Bakının vağzal gecələri, şəhər etinasızlığının, şəhər sərtliyinin, kimsəsizliyin və tənhalığın acı girdablarında bu universitetin jurnalistika ixtisasına qəbul olunmalıymış. Elə burdaca bəxtinə Xəlil Rza kimi döyüşkən bir oğlanla bir partada oturmaq düşməliymiş. Azərbaycanın Gertsen - Oqoryov tandemi yaranmalıymış və bu iki adam böyüyüb Azərbaycan oğlu adını almalıymışlar.

Güman eləmək olardı ki, çətinliklər azalmaqda, cavan bir kənd uşağı öz həyatını qurmaqdadır. Yox. Alnına döyüş qisməti yazılmış insan öz taleyində bu qismətini sona qədər yaşamalıdır. Qulu Xəlilli hələ tələbəykən öz kredosunu müəyyənləşdirir: tənqidçi - publisist. Ya, bəlkə, publisist - tənqidçi? Bizcə, fərqi var. Amma Qulu Xəlilli hansını üstün tutur, ayırd etməyə çətinlik çəkirik. Hər halda o, ənənəvi tənqidçi deyil. Bədii əsər onun üçün ictimai həyatın hansısa tərəfini izah etmək fonudur, cəmiyyətə təsir qüvvəsi olan qadir publisistikadır. Həm də dərhal hiss edir ki, senzuranın qadağa qoyduğu çox şeyi tənqid publisistikası ilə demək mümkün olur.

Elə tələbəykən ilk məqaləsində Mehdi Hüseyn kimi avtoritet sahibinin nöqsanlarını ortaya qoyur. Bir çoxları bu məqalədən sonra cavan tənqidçinin bir daha mətbuata buraxılmayacağını güman edir. Amma qəribədir, elə o məqalə ilə Qulu Xəlillini Yazıçılar İttifaqına üzv qəbul edirlər. Yəqin bu da Azərbaycan ədəbiyyatında bədii sözün qiymətini uca tutan Mehdi Hüseynin böyüklüyündən, tələbə Qulunu gələcəyin böyük tənqidçisi kimi görə bilməyindən irəli gəlmişdi.

Bundan az sonra Qulu Xəlilli özünün fundamental “Yaşamaq istəyirəm” əsərini yazır. İl olur, özünü yaxşı hiss edir, il olur, xəstəliklə döyüşdən baş aça bilmir. Amma bizim tanıdığımız Qulu Xəlilli heç vaxt taleyindən, xəstəlikdən gileylənmədi. Kişi çətin anda sinəsini irəli verər. Qulu Xəlillinin sinəsi özündən irəlidəydi. Kişi cüssəsi ilə özünün də çox sevdiyi S.Rəhimovun obrazlarına oxşayırdı. Bu xarakteri biz onda - Qulu Xəlilli universitetin Jurnalistika fakültəsində müəllimliyə başlayanda gördük.

İndi Qulu müəllimlə keçən ömrümüzü xatırlayırıq və bizi acı bir qəhər boğur. Heç biz də Qulu müəllimin qədərincə qədrini bilməmişik. Sinəsini çətin anda həmişə qabağa verən bu insanın haçansa olmayacağı ağlımıza gəlməyib.

İtirdiyimiz adamların hamısının yeri görünür. Atanın ata yeri, doğmanın doğma yeri, dostun dost yeri, hətta düşmənin düşmən yeri... Qulu müəllim kimi adamların itkisi ictimai itkidir. Bu itki Azərbaycan itkisidir; Azərbaycan ədəbiyyatının Belinski tipli itkisi, publisistikamızın Üzeyir tipli itkisi, universitet auditoriyasının müəllim itkisi, Şirməmməd müəllimin dost itkisi, onu tanıyanların, ona söykənənlərin kişi sinəsi itkisi...

Biz indi cılız, bayağı “bədii əsərlər”in baş alıb getməsinin günahını Qulu müəllimin ölümündə görürük. Biz buna qarşı ziyalı sözünün qıtlığının səbəbini Qulu Xəlillinin vaxtsız ölümündə görürük. Yığıncaqların monoton keçməsinin günahı da Qulu müəllimin ölümündən sonradır.

Qulu müəllimin itkisi ilə bağlı kiçik bir təsəllimiz var: iyirmi il onunla bir yerdə, lap elə bir kafedrada işləmişik. Qulu müəllim kafedra iclasında olmayanda süst bir yığıncaq keçirdi. Elə təsəvvür yaranırdı ki, hər şey qaydasında və hər şey gözəldir. Qulu müəllim olanda problemləri elə ortaya tökürdü ki, necə pis işlədiyimizi dərk etməli olurduq.

Qulu müəllim tənqid etməkdən ona görə qorxmurdu ki, o, heç vaxt qərəzli danışmırdı. Ümumiyyətlə, Qulu müəllimdə qərəz yox idi. Nifrət etdiyi şairin bir usta misrası onun nifrətini məhəbbətə çevirə bilərdi.

... Kafedrada əlavə rəyə göndərilən bir namizədlik dissertasiyasını yıxıb-sürümək prosesi gedirdi. Qulu müəllim orda bircə cümlə işlətdi: “Görməmişlik eləməyin”. Qurbağa gölünə daş atıldı...

Qulu müəllim özü, doğrudan da, görməmiş deyildi. Onun əlindən onlarca namizədlik, doktorluq dissertasiyası keçmişdi. Bu işdə xeyirxahlığa üstünlük verirdi.

Elmdən danışanda Qulu müəllimin yeri görünür. Filoloji elmimizin böyük bir mərhələsi onun adı ilə bağlıdır.

Onun ədəbiyyatşünaslığımızda hadisə kimi qiymətləndirilən “Azərbaycan romanının inkişaf yolu” adlı əsərinə resenziyasında akademik Məmməd Arif yazırdı: “Qulu Xəlilovun “Azərbaycan romanının inkişaf yolu” adlı əsəri, hər şeydən əvvəl, elmi səviyyəsi, mühakimələrinin təzəliyi ilə diqqəti cəlb edir. Fəal ədəbiyyat tənqidçilərindən olan Q.Xəlilovun əsərində tənqidçilik ehtirası özünü göstərir. Eyni zamanda Qulu Xəlilov bu əsərdə bədii əsərlərə elmi obyektivlik mövqeyindən yanaşan, ədəbiyyatın ideya-bədii inkişafı üçün məsuliyyət hiss edən bir alim kimi də qarşımızda canlanır”.

Müəllimlərdən söhbət düşəndə Qulu Xəlillinin yeri görünür. Proqram əsiri olmadı, auditoriyaya girdi və özünün konsepsiyası ilə işlədi. Sözün qiymətini bilən, hər bir yazısında istedadla məsuliyyəti birləşdirən akademik Yaşar Qarayev məqalələrinin birində Qulu Xəlillini universitet auditoriyasında jurnalist tələbələrin sevimli müəllimi olduğunu vurğulayırdı.

Publisistikadan söhbət gedəndə Qulu Xəlilli örnək kimi yada düşür. Görkəmli publisistika nəzəriyyəçisi, şair və publisist Famil Mehdinin fikrincə, “... Qulu Xəlilli, sözün həqiqi mənasında, vətənpərvər, prinsipial, son dərəcə cəsarətli, mərd və qorxmaz bir publisistdir. Onun publisistikası bir çox hallarda tənqidi pafosla müşayiət olunur... 40 il müddətində Azərbaycanda elə ciddi bir problem olmamışdır ki, Qulu Xəlilli ona öz yazıçı-vətəndaş, publisist münasibətini bildirməsin, həyəcan təbili çalmasın”. Qulu Xəlilli ən ağır senzura illərində “Torpağın göz yaşı” ilə Azərbaycan dərdini qoydu. Vətən deyəndə Qulu müəllim yada düşür.Onun son kitabı: “ Hər şeydən keçilər, Vətən keçilməz”. Bu da bir taledir. Onlarca ədəbi, bədii, elmi, publisist kitabın sahibi son anında bu kitabı yadigar qoydu. Azərbaycanın ən yeni tarixinin torpaq itkisi onu sızladırdı. Bədii ədəbiyyatdan, xüsusilə Azərbaycan memuar əsərlərindən söhbət düşəndə Qulu Xəlillinin “Yaşamaq istəyirəm” povesti xatırlanır. Azman yazıçımız Süleyman Rəhimov bu əsər haqqında geniş bir məqaləsində yazırdı: “Yaşamaq istəyirəm”, əsasən, sənədli povestdir. Bu povestin əsasında həyat həqiqəti, həyatı müşahidə güclü olduğu üçün əsər bədii yaradıcılıq ehtirası ilə işlənə-işlənə inandırıcı çıxıb. Ona görədir ki, əsər hələ neçə il əvvəl jurnal variantında oxucuların rəğbətini qazanmışdı”. Sözün qısası, deyə bilərik ki, Qulu Xəlillini Azərbaycan ziyalılarının bütün təbəqələrindən olan insanlar qiymətləndirmişlər. Ölümündən bir az əvvəl görüşdük. Kövrəldi və kövrəlməyinin səbəbini açdı:

- Bilirsiniz ki, mən ölümdən qorxan oğul olmamışam. Mən heç vaxt ölüm qorxusu keçirməmişəm. Şuşaya, İsa bulağına, Cıdır düzünə, Ağdama, Füzuliyə ağlayıram. Min illərin qəhrəmanlığını yaşamış bir xalqın torpağa etinasızlığı məni qəbirdə yandıracaq.

Qulu müəllim bu sözlərdən düz bir sutka sonra dünyasını dəyişir. Amma onun bu fikrinin acı gerçəkliyini yaşamaq bizə bu gün də ağırdır. Dostluqdan söhbət düşəndə Qulu müəllimi anırıq. O, çox ləyaqətli, təkrar çıxmasın, sinəsini qabağa verən dost idi. Həyatında ən nadir adamları özünə dost bilən Şirməmməd müəllimin dostu idi. Biz də fəxr etmişik ki, Azərbaycan dərdi ilə yaşayan, sənət məbədini heç nəyə dəyişməyən, yaltaqlıqdan uzaq, sözü üzə düz çırpan bir insanla, bir alim və bir müəllimlə dost olmuşuq.

Qulu müəllim birsifətli adam idi. Çöldə də, evdə də. O, monolit, ziyalı övladlar tərbiyə edib. Oğlu Azərin xarakterinə diqqət etmək bəsdir ki, necə övladlar böyütdüyünü biləsən.

Tələbəni bəzən evə göndərirdi. Yaddan çıxmış bir şey üçün, yaxud tələbə nəyə görəsə onun evinə gələsi olurdu. Həyat yoldaşı Gözəl xanım dərhal stol düzəldirdi. Çəkinən və utancaq tələbəyə xəbərdarlıq edirdi:

- Qulu müəllim and içib ki, bu evdən tələbə ac getsə, aləmi bir-birinə qatacaq.

Qulu müəllim hərə üçün bir itkidir. Xalqın ədəbiyyat itkisi, bir mətbuatın publisistika itkisi, bir Vətənin oğul itkisi, universitet üçün müəllim itkisi, Azər üçün ata itkisi. Bizimçünsə bütün itkilərin önündə bir həmdərd, bir dost itkisi durur. Bu itkinin yerini heç kimlə, heç nəylə doldurmaq olmur.

Qulu Xəlilli mürəkkəb həyat yolu və mürəkkəb yaradıcılıq taleyi yaşadı, amma özü çox sadə və səmimi bir insan kimi xatirələrdə qaldı. 2000-ci ildə Qulu müəllimi xatirələrdə anan tanınmış elm adamları, yazıçı və jurnalistlərin əsərləri bir toplu şəklində nəşr olunub. Kitabda bu böyük alim və publisistin həyat və yaradıcılıq yolu barədə onun yaxın dostu, professor Famil Mehdi, məşhur akademiklər B.Nəbiyev, Məmməd Arif, Budaq Budaqov, Yaşar Qarayev, Tofiq Hacıyev, bədii söz ustadlarımız Süleyman Rəhimov, Məmməd Araz və bir çox digərləri onun özünə layiq elmi fikirlər söyləmişlər. Ancaq bu kitabda bizim diqqətimizi xüsusi cəlb edən bir yazı da var: “Qulu mənim dostum və uşaqlıq sirdaşım idi”. Xatirə - yazının müəllifi adi bir kənd adamı - dülgər Müstəcəb Mustafayevdir. Üzünü görmədiyimiz bu kənd adamının adını Qulu  müəllimin dilindən çox eşitmişik. Müstəcəb kişi ömrünü Ağcabədidə - Qulu müəllimin uşaqlıq və məktəb illərinin əsas hissəsini keçirdiyi bu diyarda  yaşayıb. Kitabda bu adamın yazısındakı səmimiyyət, kənd insanına məxsus yaxşı bir sadəlövhlük, aydın təhkiyə üslubu adamı heyran edir. Bu yazının hər sətrində Qulu müəllim həqiqəti var. O yazıda belə həqiqətlər var: “ İnsanların qəbirləri üstündə abidə qoyurlar ki, əbədi qalsın. Qulu bu dünyada  söz abidəsi qoyub gedib...” “Qulu əbədi yaşayacaq. Çünki onun əsərləri bir insanın deyil, bütün xalqın tarixindən bəhs edir. O, həmişə xalqın haqq səsi olub. Mən Qulunun çox fikirlərinin şahidi olmuşam. Həmişə deyərdim ki, Allah, sən saxla! Çünki mən 37-ci ilin qurbanlarını öz gözümlə görmüşəm. Qulu heç kimdən çəkinmirdi. Radio, televiziyada danışanda hamı deyirdi ki, görəsən, bu, kimə arxayındır. Qulunu danışdıran onun təmiz vicdanı idi...” Biz ürəyi Qulu Xəlilliyə məhəbbətlə dolu bu kənd adamının, indi özü də haqq dünyasında olan bir dostunun, uşaqlıq yoldaşının səmimi sözlərindən sonra yazımıza nöqtə qoyuruq.

Biz indi Qulu Xəlillinin ölümünə necə yanırıqsa, ömründə üzünü görmədiyimiz zəhmətkeş kənd adamı Müstəcəb kişinin itkisinə də eləcə kədərlənirik.

Cahangir MƏMMƏDLİ
Zaur BABAYEV
BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimləri

 





23.11.2015    çap et  çap et