525.Az

Bir son bahar səhərində Azərbaycan ədəbiyyatı


 

Bir son bahar səhərində Azərbaycan ədəbiyyatı<b style="color:red"></b>

Bir payız səhəri Kölndən yola çıxdıq.

Hər payızda hüznlü və saralmış yarpaqları görüncə gözəl şairimiz Fikrət Qocanın “Payız gəldi” şeiri yadıma düşür:

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.

Kölnlə Frankfurt arası 200 kilometrdir... Kölndə Hollandiyaya qədər yayılan geniş düzənliyin altında əvvəllər kömür mədənləri vardı. İndi çoxu bağlanıb. Ren çayının sahilində romalılar tərəfindən qurulmuş şəhərə havadan baxıldığında şəhər sanki meşənin içində itmiş kimi görünür. Frankfurt da düzlük, amma orda Köln qədər yaşıllıq yoxdur. Bank sektoru Frankfurtu ayaqda tutan ən böyük amillərdən biridi. Təbii ki, Ren çayının bir qolu olan Mayn çayı Frankfurta tam fərqli bir gözəllik qatır.

Sabah saat onda yola çıxdıq və fasiləsiz iki saatda Frankfurta gəldik. Şəhərin giriş nöqtələrinə kitab sərgisi səbəbiylə xəbərdarlıq lövhələri asılmışdı. Anladıq ki şəhərin mərkəzində arabamıza park yeri tapmaq qeyri-mümkündür. Bu səbəblə onların göstərdikləri park yerinə arabamızı park edib parasız, yalnız sərgi ziyarətçilərinə ayrılmış avtobuslardan birinə minərək sərginin olduğu böyük binanın önünə getdik. Azərbaycandan bir neçə gün əvvəl gəlmiş yazar Eyvaz Zeynalov həyəcanlı idi. Nə də olsa, bir kitabı bu böyük sərgidə sərgilənəcəkdi. İlk əvvəl alman kitablarının sərgiləndiyi binaya girdik. İçəridə bizi bir insan seli qarşıladı. Gənc, yaşlı, qadın, uşaq minlərlə insan sevdikləri yazarları və yeni bazara çıxan kitabları görməyə gəlmişdilər. Onların arasından zorla irəliləyərək axtardığımız nəşriyyatı - “Vintervork”u tapmağa çalışırdıq. Sevdikləri roman qəhrəmanlarının paltarlarını geymiş qadın və kişilərin toplandıqları salonun sağ tərəfində aradığımız yayın evini gördük. Cənab Vinterlə bu, üçüncü görüşümdü. Onunla üç il əvvəl tanış olmuş və Azərbaycan ədəbiyyatı haqqında məlumat vermişdim. Bu dəfə yanında köməkçisi xanım Flöter da var idi. Onunla da tanış olduq. Bu il Frankfurt kitab sərgisinə beşinci dəfə qatılan “Vintervork” nəşriyyatı Sabir Rüstəmxanlı ilə Eyvaz Zeynalovun almanca romanlarını da sərgiləyirdi. Cənab Vinterlə Eyvaz bəyi tanış etdim və Azərbaycandan yalnız romanı üçün gəldiyini söylədim, çox sevindi. Romanı haqqında gözəl sözlər söylədi. Sonra onun evində dalbadal nəşr olunan kitablardan bəhs etdi:

- Siz bir neçə il əvvəl mənə köhnə Sovetlər Birliyindən, o birlikdən 1991-ci ildə ayrılan Azərbaycandan bəhs etdiniz. Həqiqətən, Azərbaycan haqqında heç bir şey bilmirdim. Sizinlə danışdıqdan sonra internetə baxdım, bir az məlumat toplamağa başladım. Amma ilk kitabın nəşr olunduğunu görməsəm də, o ölkəni gözlərimin qarşısında canlandırmağa çalışdım. Məsələn, bizim nəşr etdiyimiz “Usta Yusifin kamançası” kitabında bir yazarın həyat hekayəsi vardı, onun həyatı mənə çox maraqlı gəlmişdi.

- Namiq Abdullayevin?

-Bəli.

- O, həqiqətən yaşamış biridir. Hazırlanmış bir hekayə deyil. Onu yazan Əjdər Ol o yazarı ən yaxından tanıyan biridir.

-Bəli, Əjdər Olun kitabında. Onun kitabında yadımda qalan digər bir mövzu da yoxsul bir atanın qızına kaman alma səyidir. Nə qədər xoş və cazibədar bir hekayədir!

- Əjdər Ol əslində şeirlər də yazır. Amma  portretlər sahəsində də çox müvəffəqiyyətlidir.

- Bu kiçik hekayələr əslində cəm

iyyətin müxtəlif qruplarını xaricilərə izah mövzusunda əhəmiyyətlidir. Məsələn, o yazarın portreti mənə Sovet həyatı mövzusunda da çox şey izah etdi. Bu səbəblə biz o kitabı 2013-cü ildə burda sərgilədik.

- Düzdür. Bu il iki kitab da nəşr olundu.

-Bəli. Biri “Göytanrı”. O biri də “Bələdçi” ...

Yanında dayanan xanım Flöter vitrində kitabları alıb bizlərə göstərir.

-Siz bu kitabı da oxudunuzmu?

-Bəli. Bizdə nəşr olunan hər kitabı oxuyuram. Bir az da qorxudan ...

İkimiz də gülüşürük.

- Redaktorun gözündən bir şey qaçar, rəzil olarıq deyə qorxuram, o səbəblə kitabları mən də oxuyuram. Bu “Göytanrı” kitabı epik bir romandı. Axıcı və coşğulu bir dili var. Mən bu cür dastanlıq romanlarını da xoşlayıram. Burda köhnə türklər haqqında məlumat əldə etdim təşəkkürlər.

-Mən təşəkkür edirəm. Yazar Sabir Rüstəmxanlı Azərbaycanın ən məşhur şairlərindəndir. Romanları da var. Bu romanı həqiqətən də gözəl. Burda sərgi keçirməyinizə sevindim.

- Azərbaycan şeiri, romanı bizim üçün bilinməyən bir sahə. Dedim ya, mən ilk dəfə sizin söyləmənizlə birlikdə maraqlandım. Bunların nəşrləri bizim üçün böyük bir riskdir. Çünki alman oxucusuna tanıtmaq çətindir, amma çətindir deyə imtina etməmək lazımdır.


- Bəli, doğru. Yaxşı “Bələdçi” üçün nə deyəcəksiniz?

Eyvaz bəyə baxıb gülür.

- Müəllif burdadır. Yaxşısı gözəl sözlər deməkdir...

- Xeyr , sadəcə fikirlərinizi öyrənmək istədim.

- Doğrusu, yaxşı yazılmış bir romandır. Bizlər üçün də maraqlıdır. Çünki burdakı hekayəni bizim yaşamamız qeyri-mümkündür. Ayrıca bu yaşananlar artıq ölmüş bir ölkədə, Sovetlər Birliyində yaşanmışdır. Yəni təkrarı mümkün deyildir. Bu səbəblə bu roman zamanın şahidi olması baxımından da əhəmiyyətlidir. Qatarda çalışanlar, onların ruslarla münasibətləri, qaçaq içki satmaları və başlarına gələn bəzən komik, bəzən kədərli hadisələr... Maraqla oxudum. Romanı oxuduqdan sonra bir şeyə marağım artdı. Onu sizdən soruşmaq istərdim.

- Buyurun.

-Roman bir az erotik məzmunludur. Bu bir müsəlman ölkəsində sərt reaksiya oyatmırmı?

Almanların müsəlman ölkələrə baxışlarını bildiyim üçün onun soruşduğu problemin nə mənaya gəldiyini dərhal anladım.

- Bəli. Burda bir az erotik hissələr var, amma Azərbaycan qapalı bir cəmiyyət deyil. Əslində Azərbaycan tarixi də sizin üçün maraqlı ola bilərdi. Azərbaycanda ilk opera 1908-ci ildə yazılıb. Və bütün müsəlman ölkələrindən öncə orda ilk demokratik bir dövlət qurulub - 1918-ci ildə.

Vinter və köməkçisi Flöter xanım diqqətlə qulaq asırdı. Bir neçə dəqiqə onlara Azərbaycan tarixindən və insanlarından bəhs etdim. Çox məmnun oldular. Vinter Azərbaycan haqqında daha çox kitab oxuyacağını söylədi.

Azərbaycan ədəbiyyatından nümunələr nəşr edən bu gözəl dosta vida etdik. Ordan Türkiyə və Azərbaycan hissələrinə keçdik. Bu il Türkiyə hissəsi nədənsə çox sakit və səssizdi. Amma almanca, ingiliscə, fransızca olaraq kiçik “Dədə Qorqud”, “Koroğlu”, “Molla Nəsrəddin” kitablarından pulsuz olaraq ziyarətçilərə verirdilər.

Eyvaz bəylə Azərbaycan hissəsinə də baş çəkdik. Orda dostum Şəmil Sadıqovla görüşdük.

Şəmil bəy bizi nazir müavini Vaqif Əliyevlə tanış etdi. Azərbaycandan gətirilmiş, həm Azərbaycan türkcəsində, həm də xarici dillərdəki kitablara baxdıq, çay içib, kitab, dünya və Frankfurt haqda söhbət etdik.

Əslində bir alman yayıncıdan qısa da olsa bizim ədəbiyyatın nümunələri haqqında gözəl sözlər eşitmək bizə payızın saralmış yarpaqlarını təzə gül kimi göstərdi. O şövq və həyəcanla Frankfurtun payızına və hüznünə bənd olmadan yola düşdük.

 





23.11.2015    çap et  çap et