525.Az

Gülrux Əlibəylinin 85 yaşı Yazıçılar Birliyində qeyd olunub (FOTOLAR)


 

Gülrux Əlibəylinin 85 yaşı Yazıçılar Birliyində qeyd olunub <b style="color:red">(FOTOLAR)</b>

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli tənqidçi, ədəbiyyatşünas alim Gülrux Əlibəylinin 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

525.az-ın məlumatına görə, tədbiri AYB-nin sədr müavini Nazim İbrahimov açıb və yubilyarın yaradıcılıq yolundan danışıb: «Gülrux Əlibəyli fəlsəfə doktoru, fəlsəfə professorudur. 500-ə yaxın esse, tənqidi məqalə, portret və 20-yə qədər kitabın müəllifidir. Əsərləri ilə bir çox görkəmli adamlarımızı bizə yenidən tanıdıb».

AYB sədri, Xalq yazıçısı Anar tanınmış ədib Rüstəm İbrahimbəyovun təklifini səsləndirməklə çıxışına başlayıb: «Dostum Rüstəm İbrahimbəyov təklif etdi ki, gəlin, 2013-cü ili «Gülrux Əlibəyli İli» elan edək. Mən də bu təkliflə razılaşıram. İlk öncə Gülrux xanım yazıçıdır, ona görə də Yazıçılar Birliyi olaraq ilk yubiley tədbirini burada keçiririk. Sonra, təbii ki, çoxşaxəli fəaliyyəti olan Gülrux Əlibəylinin bir sıra təşkilatlarda da yubiley tədbirləri, görüşləri keçiriləcək». Yubilyarı unikal şəxsiyyət adlandıran Xalq yazıçısı onun Azərbaycan mədəniyyəti və ədəbiyyatında böyük yeri olan alim, ədəbiyyatşünas kimi səciyyələndirib: «Gülrux xanım çox cəsur bir insandır. Çox gənc yaşlarında, aspiranturanı qurtarıb gələndən sonra bir dəfə iş yerində söhbət zamanı deyiblər ki, hamının səhvi var, bircə Stalindən başqa.  Gülrux xanım cavab verib ki, xeyr, onun da səhvi var. Heç o vaxtlar da demək olardı ki, Stalinin səhvi var? O isə israrla deyib ki, bəli, Stalin də hansısa məsələdə səhv edə bilər. Bu söhbətdən sonra Gülrux xanımın başı çox bəlalar çəkib. İndi elə bir dövr gəlib ki, kimsə rüşvət üstündə tutulursa, özünü dissident elan edir. Amma Gülrux xanım doğrudan da o vaxt cəsarətlə sözünü deyə bilib». Gülrux Əlibəylinin  böyük savada, intellektə, erudisiyaya malik olduğunu qeyd edən AYB sədri onun həmişə ədəbiyyatda, teatrda, kinoda, musiqidə, rəssamlıqda mütərəqqi, qabaqcıl tendensiyaların müdafiəsində durduğunu, eyni zamaqnda çox təvazökar insan olduğunu diqqətə çatdırıb: «Onun bilikləri cansız biliklər deyil, yaxşını pisdən ayırmağı bacaran bir alimin, tənqidçinin fikirləridir. Bu illər ərzində Gülrux xanımın bir neçə dəfə yubileyləri olub, amma o bir dəfə də deməyib ki, mənim yubileyimi qeyd edin. Çünki məndə bəzən elə təsəvvür yaranır ki, bəzi «əhli-qələmlər» ədəbiyyata ancaq ona görə gəlirlər ki, yubileylərini keçirsinlər. Və istəyirlər ki, onları yubileylərində «klassik» elan eləsinlər. Əvvəllər «ad, təqaüd versinlər» deyirdilər, indi də deyirlər ki, onları mütləq «klassik» adlandırsınlar. Məncə, klassik hər bir yaradıcı şəxsin ölümündən 30-50 il sonra məlum olur ki, o klassik imiş, yoxsa yox. Bu çox təhlükəli bir məsələdir. Amma Gülrux xanım çox təvazökar bir insandır, heç vaxt yubiley təmənnasında da olmayıb».

«Onun real yaşını desəm, inanmazsınız. 25 yaşı var desəm də inanmayacaqsınız.  Amma bu gümrah, gözəl xanıma 55 yaş  yaraşır və onun daxili, xarici hissiyyatlarını bu rəqəm çox gözəl əks elətdirir. Çünki doğrudan da Gülrux xanımla fəxr eləməyə dəyər». Bu fikirləri yubiley mərasimində millət vəkili Elmira Axundova səsləndirib. Millət vəkili yubilyarla dostluğunun 30 illik tarixi olduğunu vurğulayıb: «Bu 30 il ərzində mən onu, o də məni qələmlə görüb. Qələm bizi birləşdirib və doğmalaşdırıb. O, müstəsna bir şəxsiyyətdir. Hər bir məsələyə öz mövqeyi, öz münasibəti var. Biz həmişə bir-birimiz başa düşsək də, hərdən ədəbi, mədəni hadisələrlə bağlı mübahisələrimiz də olur. Amma bu mübahisələr heç vaxt konfliktlə nəticələnmir. Mən həmişə Gülrux xanıma valeh olmuşam. Çünki o həm sovet dövründə, həm də müstəqillik dönəmində öz səsini, simasını, mövqeyini qoruyub saxlaya bilib. Buna görə də inanıram ki, onun əsərləri, kitabları həmişə yaşayacaq».

Millət vəkili, tarixçi Cəmil Həsənli bildirib ki, Gülrux Əlibəyli Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli nümayəndələrindəndir: «Gülrux xanım həm elm, həm də ədəbiyyat və mədəniyyət adamıdır. Yəni bir tərəfdən elmlər doktorudur, digər tərəfdən gözəl bədii əsərlərin, esselərin müəllifidir. Ancaq Gülrux xanım mənim yaddaşıma daha çox publisistik yazıları ilə həkk olunan qələm əhlidir. Öz-özümə fikirləşirəm ki, Gülrux xanımın ictimai fikir tarixində rolu nədən ibarətdir? Onun keçdiyi həyat yolu Azərbaycanda azadfikirliliyin, milli özünüdərkin tarixidir. Və bizim ədəbiyyatda, mədəniyyətdə 60-cı illər ədəbiyyatının ictimai prosesə çevrilməsində, təbliğində Gülrux xanımın müstəsna xidmətləri var. O, sanki totalitarizmdən hər nə qədər məhdudiyyət olsa da sovet dövründə də 50-ci illərin sonu, altmışıncı illərin əvvəllərində kiçik bir pəncərə açılaraq yeni ab-hava gəldi. Gülrux xanım o yeni ab-havanın  müjdəçilərindən biri idi. Mənə elə gəlir ki, bu gün Azərbaycanın mədəniyyət, ədəbiyyat tarixini Gülrux xanımın yaradıcılığına müraciət etmədən öyrənmək mümkün deyil. İndi də, gələcəkdə də Azərbaycanda ictimai fikir tarixinin mərhələlərini öyrənəndə bəlkə də Gülrux xanım heç özü də əhəmiyyət vermədən bunun gözəl bir mənzərəsini yaradıb və o azadfikirliliyə keçid trayektoriyası onun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Gülrux xanımın bədii yaradıcılığı ilə də tanışam. Gözəl, yığcam, mənalı hekayələrdi, esselərini də oxumuşam. Həmişə Gülrux xanımda əsl vətəndaş mövqeyi olub. Bu mövqe onun bədii əsərlərində də, publisistikasında da, esseistikasında da var. Əslində vətəndaş mövqeyi olmayan bir qələm əhlindən heç fövqələadə əsər gözləməyə dəyməz. Bu baxımdan Gülrux xanım sözün tam mənasında Azərbaycan ictimai fikir tarixinə öz münasibəti, cəmiyyətdə baş verən proseslərə öz yanaşması və mövqeyi olan insandır».

Rüstəm İbrahimbəyov yubilyarı təbrik edib və çıxışını yumorlu notlar üzərində qurub: «Gülrux xanımın çox unikal yaradıcılığı var. Yeganə tənqid olunası cəhət ondan ibarətdir ki, bircə mənim yaradıcılığım haqqında yazmayıb».

Ədəbiyyatşünas, publisist Səkinə Əliyeva çıxışında yubilyarı həmişə özünün müəllimi saydığını dilə gətirib və alimin kitablarının bədii, fəlsəfi məziyytələrindən, eyni zamanda onun yüksək insani keyfiyyətlərindən söz açıb: «O, canlı tarixdir, əsl ziyalıdır, böyük alimdir, maraqlı həmsöhbətdir, gözəl qadındır. Onun özü, həyatı dəyərli bir kitabdır».

Yazıçılar Birliyinin Həmkarlar İttifaqının sədri şairə Füruzə Məmmədli yubilyarı həm də təmsil etdiyi qurum adından təbrik edib: « Biz sizdən öyrənirik, sizi çox sevirik və sizinlə qürur duyuruq».

Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova G.Əlibəyli haqqında ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb: «Gülrux xanımın, adından da göründüyü kimi, təkcə siması deyil, ruhu da gül kimi zərif və təravətlidir. Məhz elə buna görə də o, yaşının hər bir mərhələsində cavan qalır». Sonra sədr qurumun adından yubilyara diplom təqdim edib.

Tədbirdə çıxış edən tənqidçilər Bəsti Əlibəyli, Vaqif Yusifli, şairlər Oqtay Rza, Teyyub Qurban, digər qonaqlar Zümrüd Dadaşzadə, Gülər Əlibəyli, Nəzakət Məlikova yubilyarın yaradıcılığından, Azərbaycan ictimai fikir tarixindəki yerindən və rolundan, insani keyfiyyətlərindən söz açıblar. Sonda çıxış edən G.Əlibəyli tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Tədbirdə yazıçının bu il «Qanun» nəşriyyatında çap edilmiş «Rəqs və ölüm» kitabı da ictimaiyyətə təqdim olunub.

Sevinc MÜRVƏTQIZI

 





15.01.2013    çap et  çap et