525.Az

Elçinin "Baş" romanına baxış - bu günün geosiyasi anlamı çərçivəsində


 

Elçinin "Baş" romanına baxış - <b style="color:red">bu günün geosiyasi anlamı çərçivəsində</b>

Xalq yazıçısı Elçinin yeni qələmə aldığı "Baş" romanı bugünlərdə oxucuların ixtiyarına verilib.

Əsərin "Azərbaycan" jurnalının xüsusi buraxılışı kimi ilk nəşri məqsədəuyğundur: roman adəti üzrə jurnalın ən azı 2-3 nömrəsinə bölünsəydi, oxucular əsərin tam çapını yəqin ki, 2 aydan da artıq bir müddətdə gözləməli olacaqdılar. Buna görə də fikrimcə,"Azərbaycan" jurnalının Baş redaktoru İntiqam Qasımzadənin bu təşəbbüsü yerində və təqdirəlayiqdir.

Xalq yazıçısı Elçinin geniş oxucu auditoriyasına təqdim etdiyi "Baş" əsəri tarixi roman janrında yazılıb. Doğrudur, müəllif bu əsəri qəti olaraq tarixi adlandırmır və onu oxucunun ixtiyarına buraxır ki, kim necə istəyirsə, elə də qəbul eləsin. Fikrimcə, əgər "Baş" romanında müəyyən bir tarixi dövrlərdə, bəlli coğrafi məkanlarda baş vermiş hadisələr işıqlandırılmışsa, dövrün qəhrəmanları canlandırılmışsa (bədii sözün gücü, yazıçı təxəyyülünün qüdrətinin vasitəsi ilə olsa da belə), deməli bu, tarixi əsər kimi də qəbul edilməlidir.

Müəyyən tarixi geosiyasi şəraitdə Fransa-İngiltərə-Rusiya-Osmanlı və Qacarlar arasında siyasi mübarizələrə, müharibələrə diqqət yetirilir, ozamankı Rusiya, Türkiyə, İran və Qafqazın (həm Şimali, həm də Cənubi Qafqaz timsalında) hökmdarlarının, tarixi şəxsiyyətlərinin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik milli mənəviyyat yönündən araşdırılır, nəticədə oxucu dolğun və əhatəli biliklə təmin olunur.

Fikrimizcə, tariximizə işıq salan bu möhtəşəm roman həm də lap elə bu günün reallıqları ilə, indiki çətin və məsuliyyətli bir epoxanın tarixi gerçəklikləri ilə (nə qədər acı və ağır olsa da) səsləşir.

Bakıda və Qarabağda cərəyan edən hadisələr, Sankt-Peterburqda, İranda baş vermiş olaylar, Don kazakı Stepan Razinin, onun ətrafına toplaşmış lütenlərin dünəni və bugünü yazıçı təxəyyülü ilə tarixi gerçəkliklər kontekstində qələmə alınaraq bəhs olunan dövrün sosial-siyasi mənzərəsini parlaq əks etdirir. Elçin özünəməxsus nasirlik (yaradıcılıq) dəst-xəttini qoruyub saxlayaraq hadisələrə yazıçı müdaxiləsi, axıcı təhkiyə sayəsində (lap hətta 30-40 il əvvəl qələmə aldığı əsərləri sayağı şirin danışığa kökləməsi ilə) bu romanı ilə də növbəti uğura imza atmışdır.

Müasir qloballaşma şəraiti, mürəkkəb geosiyasi məsələlər və dünyada baş verən proseslər "Baş" romanından xüsusi bəhs etmək zərurətini doğurur; burada bəlli tarixi dövrün və müəyyən bir məkanın ziddiyyətləri, olayları fərqli baxış bucağı üzrə dürüst ideya-bədii süzgəcindən keçirilərək əhatə olunduğu hadisələrin dolğun izahı ilə zamanında və anında qələmə alınmış, aktual tarixi-fəlsəfi əsər səviyyəsinə yüksəlmişdir.

Son illərin ədəbi mənzərəsinə nəzər yetirsək (həmçinin kimsə necə, nə cür, hansı səpkidə yazmaq istədiyi və bunu etdiyi bir məqamda - indiki zamanda), mübaliğəsiz bildirmək mümkündür ki, dövrün tarixi roman yaradıcılığı istiqamətində ən uğurlu əsər kimi "Baş" romanını qeyd etmək yerinə düşür və Elçinin bu əsəri zirvədə dayanmaq şansı qazanır.

Əsərdə yer verilmiş müxtəlif tarixi şəxsiyyətlər tərəfindən yazılan məktubları tarixi sənəd kimi qəbul etməmək mümkün deyildir. Həm məktubların dili, üslubu, gerçək yanaşmalar, həm də göstərilən dövrdə baş vermiş hadisələrin təhlili əsərdə yer almış bu məktubları arxiv sənədi kimi qəbul etməyə əsas verir. Həmin məktublar onu yazan şəxslərin (əlbəttə, əsərin qəhrəmanlarının) düşüncə tərzi, obyektiv yanaşması cəhətdən diridir, təkcə məktubların haradasa hər hansı saxlanma yeri, qovluğu, səhifələri göstərilərdisə, onlar eləcə dövlət arxiv sənədləri ilə bir sırada dayanma haqqını qazanardı...

Əsər oxunaqlıdır, burada yer alan hadisələr əvvəldən-axıradək maraqlı süjetlərlə təqdim olunur: Stepan Razinin inandırıcı bədii detallarla sənətkarlıqla təsvir edilmiş edam səhnəsi, kasıb təbəqənin - lütenlərin əvvəlcə onunla birlikdə, edam zamanı isə tamam fərqli mövqe nümayiş etdirmələri (etibar məsələsi), Bakıda Qoşa Qala Qapısının ağzında Qafqaz canişini general Sisianovun bədənindən qoparılmış (kəsilmiş) başının Azərbaycandakı, habelə İrandakı mövcud xanlıqların ərazilərindən keçə-keçə Tehrana aparılması; eləcə də Qarabağ xanına qarşı sui-qəsd (Şuşa qalasında), Fətəli şahın fərqli düşüncələri, Qarabağ xanının qızı Ağabəyim Ağanın İran şahının yalnız baş hərəmi deyil, poliqlot və şair kimi fəaliyyəti, sarayda xanımlığı və habelə hələ Qarabağda öz doğma evlərində ikən atasından etdiyi ağıllı-kamallı xahişləri, tədbirli göstərişləri başında qalmış Ağabəyim Ağanın yeri gəldikdə dövlətin siyasi məsələlərinə müdaxilələri və sairə bəhs olunan tarixi şəraiti dərindən bilən və onu düzgün qiymətləndirən bir yazıçının qələmindən çıxması əsərin daha oxunaqlılığına gətirib çıxarır.

İkinci Yekaterina, Stepan Razin, Abbas Mirzə, Fətəli xan, Hüseynqulu xan, Mahmud bəy, Sisianov, Lal Qafaroğlu, Platon və Valerian Zubov qardaşları... kimi şəxsiyyət və fərdlərin daxili aləminin (iç dünyasının) açıldığı roman tarixiliklə bir yerdə bədii-fəlsəfi ştrixlər üzrə oxucuya müəyyən bilgilər verir. Beləliklə, "Baş" romanı:

1. Tarixi nöqteyi-nəzərdən çox mükəmməldir, bədii-estetik çəkisi, sanbalı etibarı ilə möhtəşəmdir.

2. Əsər müasirlik baxımından da olduqca aktualdır, ibrətamizdir.

3. İdeya-bədii istiqamətdən nəzər saldıqda yazıçı qarşıya qoyduğu məqsədə tamamilə nail olmuşdur.

4. Tarixi şəxsiyyətlərin xarakterlərinin açılması qənaətbəxşdir və bizə bildiyimizdən (və bəlkə də həmçinin düşündüyümüzdən) artıq bilgilər verir.

5. Azərbaycançılıq ideologiyasının (həm də milli-mənəvi dəyərlər ölçüsünün) inkişafı istiqamətində irəli sürülə bilən əhəmiyyətli bir konseptual yaradıcılıq nümunəsidir.

6. Müasir geopolitik siyasətin istiqamətlərinin müəyyənləşdirilməsi və gerçəkləşdirilməsi nöqteyi-nəzərindən də dəyərlidir.

Müəllifin girişdə yazdığı kimi, bəhs olunan romanın Xalq yazıçısı İlyas Əfəndiyevə ithafı həqiqətən görkəmi ədibin ruhuna çox dəyərli töhfə olduğu aşkardır.

İndi söz rejissor, ssenarist, yaxud da kino xadimlərinindir. Şəxsən mən, Xalq yazıçısı Elçinin "Baş" romanında mükəmməl bir bədii-sənədli filmin bütöv və bitkin motivlərini görürəm.

Ağahüseyn ŞÜKÜROV

 





24.11.2015    çap et  çap et