525.Az

"Mir" üzr istədi


 

"Mir" üzr istədi<b style="color:red"></b> “Mir” Dövlətlərarası Televiziya  Radio Şirkəti (DTRŞ) Azərbaycanla bağlı hazırlanan süjetdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi kimi təqdim olunmasına görə üzr istəyib.  
 
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
 
Akif Əli deyib ki, həmin süjet efirə gedəndən dərhal sonra “Mir” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin rəhbərliyinə müraciət edərək, bununla bağlı araşdırma aparılmasını tapşırıb.
 
Məlum olub ki, “Mir” televiziya kanalında Bakının “Nizami” metro stansiyasından bəhs edən süjet Azərbaycan nümayəndəliyi tərəfindən hazırlanıb və orada hər hansı yanlışlığa yol verilməyib. Sadəcə olaraq, burada hazırlanan material efirə verilərkən diktor mətnində Nizami Gəncəvi “dahi fars şairi” kimi təqdim olunub. Bu materiala Nizami Gəncəvi ilə bağlı edilən əlavənin isə “Vikipediya”dan götürülən məlumat əsasında edildiyi açıqlanıb.
 
Azərbaycan nümayəndəliyinin müraciətindən sonra “Mir” DTRŞ direktor müavini S. Todorovun adından nümayəndəliyə cavab məktubu daxil olub.
 
Akif Əlinin APA-ya təqdim etdiyi məktubda bildirilir ki, süjetlə bağlı telekanal rəhbərliyi tərəfindən operativ araşdırma aparılıb. Kobud redaksiya səhvinə yol vermiş günahkar şəxslər barəsində Rusiya Federasiyası əmək qanunvericiliyi əsasında sərt tədbirlər görülüb. “Mir” DTRŞ rəhbərliyi redaksiya əməkdaşlarının səhlənkarlığına görə üzr istəyib.
 
A.Əli onu da deyib ki, süjetə düzəliş ediləndən sonra yenidən efirə verilib.
 
Qeyd edək ki, “Mir” televiziya kanalının “180 минут новостей на завтрак” proqramında Bakının “Nizami” metro stansiyası dünyanın ən gözəl metro stansiyası kimi təqdim olunub və “dahi fars şairi Nizami Gəncəvi”nin adını daşıdığı vurğulanıb.
 





24.11.2015    çap et  çap et