525.Az

Niderlandda yaşayan həmyerlimiz sədr seçildi


 

Niderlandda yaşayan həmyerlimiz sədr seçildi<b style="color:red"></b>

Həmyerlimiz Vüqar Abbasov Niderlandda yeni yaradılan təşkilata sədr seçilib. 

Vüqar Abbasovun 525.az-a verdiyi məlumata görə, son vaxtlar Avropaya, həmçinin Niderlanda çoxsaylı qaçqınların gəldiyi kimsəyə sirr deyil:

“Buradakı aidiyyəti təşkilatlar onlara bacardıqları qədər yardım edirlər. Ancaq mən və həmkarım Wim van Embden və digər niderlandlı dostlarımız bura gələn qaçqınlara (artıq oturma izni olan insanlara) həm hüquqi, həm də mənəvi yardım etmək üçün təşkilat yaratmağa qərar verdik və yaratdıq. Təşkilatın adı “Connect”dir ki, bu da dilimizə tərcümə olunduqda “Birləşdirmək” anlamına gəlir.

Məqsəd, yuxarıda da qeyd etdiyim kimi, müxtəlif tədbirlərin təşkili, qaçqınlara bacardıqca kömək etməkdir.

Dostların təklifi ilə ilkin mərhələdə sədrliyə namizəd oldum və sədr seçildim. Təbii ki, mənim olduğum yerdə Azərbaycanın adı keçməyə bilməz.

Odur ki, təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib. Bura bir çox sahələr daxildir; qarşılıqlı səfərlərin, tədbirlərin təşkili, Niderlandın iş adamları ilə Azərbaycanın iş adamları arasında əlaqələrin qurulması, jurnalistlər və yerli siyasət adamları ilə əməkdaşlıq, təhsil sahəsi, həmçinin Niderland dilində internet qəzetin yaradılması da təşkilatın planlarına daxildir.

Bütün bunları həyata keçirtmək üçün lazım olan vəsaiti əldə etmək yollarından biri kimi həm də təşkilatın biznes fəaliyyəti ilə məşğul olunması üçün müvafiq icazə alınıb.

Təşkilatımızın mühasibinin və hüquqşünasının bu sahədə təcrübəsi böyükdür və bu, məndə inam yaradır deyim ki, qarşımıza qoyduğumuz məqsədlərə çata biləcəyik".

Cavid QƏDİR

 





24.11.2015    çap et  çap et