525.Az

Prezidentlərin görüşü nə vəd edir?


 

"İLHAM ƏLİYEVİN YALNIZ NƏTİCƏSİ OLAN GÖRÜŞƏ GEDƏCƏYİNİ BƏYAN ETMƏSİNDƏN SONRA HƏMSƏDR DÖVLƏTLƏR MÜƏYYƏN TƏMİNATLAR VERMƏYƏ MƏCBUR OLUBLAR"

Prezidentlərin görüşü nə vəd edir?<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün ilin sonunda baş tutacağı gözlənilir.

İrəvan artıq görüşün keçirilməsinə öz razılığını verib. Rəsmi Bakı isə bu barədə hələ mövqeyini bildirməyib. Prezidentlərin görüşünün harada keçiriləcəyi də açıqlanmayıb. Yəqin ki, rəsmi Bakı görüşə razılıq verdikdən sonra buna aydınlıq gətiriləcək. Azərbaycanın görüşlə bağlı mövqeyini bəyan etməməsi bəzi detalların tam razılaşdırılmaması ilə bağlı ola bilər. Çünki dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan prezidenti Serj Sarkisyanla görüş xatirinə danışıqlar masasına əyləşmək fikrində deyil. Azərbaycan Prezidenti yalnız nəticəsi olan görüşə getməyə hazırdır. Bütün bunlar onu deməyə əsas verir ki, dekabr ayına planlaşdırılan görüş baş tutarsa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı bir irəliləyiş əldə etmək mümkün ola bilər.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan etmişdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Ermənistandakı referendumdan sonra keçiriləcək. O bildirib ki, lakin Rusiya işğalçı ölkəyə təzyiq edərək, görüşün bir qədər tezləşdirilməsinə nail olub: "Nəticədə, Ermənistanın hakim partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, yaxın vaxtlarda, yəni, dekabrın əvvəli prezidentlər görüşə bilər".

Politoloq qeyd edib ki, hər ilin dekabrın 2-4-ü arası ATƏT-in minsterialı keçirilir: "Bu, tədbir quruma sədrlik edən dövlətin ərazisində baş tutur. Bu il ATƏT-ə Serbiyanın sədrlik etdiyini nəzərə alsaq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün də həmin vaxt və Belqradda baş tutacağını güman etmək olar".

M.Əhmədoğlunun ehtimalına görə, Parisdə törədilən terror aktları ilə əlaqədar minsterialda Fransa prezidenti Frasua Olland, Rusiya dövlət başçısı Vladimir Putin, eləcə də ABŞ-dan ən azı vitse-prezident səviyyəsində rəsmilər iştirak edəcək.

Politoloq qeyd edib ki, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortada Rusiyanın variantı var: "Moskvanın şərtlərinə görə, Ermənistan işğal etdiyi yeddi ətraf rayonu Azərbaycana qaytarır,  işğalçı ölkəyə yalnız humanitar missiyalar üçün Laçın koridorundan istifadə etməyə icazə verilir. Azərbaycan öhdəlik götürür ki, Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatlardan istifadə etməyəcək. Eyni zamanda, Azərbaycan Ermənistanı blokadadan çıxarır. Bu da, Moskva ilə İrəvan arasında dəmir yolu xəttinin açılması deməkdir. Dağlıq Qarabağın status məsələsinə gəldikdə isə bu, yalnız müəyyən müddətdən sonra mümkün olacaq".

Mərkəz sədri hesab edir ki, bu məzmunda sənəd hazırlana bilər. O əlavə edib ki, sözügedən müqavilənin imzalanması böyük ehtimalla mümkündür.

Strateji Araşdırmalar İnstitutunun direktoru, politoloq Ramiz Alıyev deyib ki, Prezident İlham Əliyevin dekabrda Ermənistanın ölkə başçısı ilə görüşü münaqişənin həlli istiqamətində atılmış olan növbəti addımdır: "Azərbaycan belə bir görüşə razılıq verməklə onu göstərmiş olur ki, biz münaqişənin ədalətli və sülh yolu ilə həll olmasının tərəfdarıyıq. Görüşün nəticəsinin uğurlu olması Ermənistan prezidentinin müstəqil  qərar qəbul edərək Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin çıxarılmasına əmr verməsi nəticəsində mümkün ola bilər. Əgər işğalçı ölkə vassalı olduğu dövlətlərin tapşırıqlarını yerinə yetirməyə davam etsə, münaqişənin həllində irəliləyiş əldə etmək çətin olacaq. Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyan öz xalqının gələcəyini düşünürsə, erməni hərbi birləşmələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmalıdır. Çünki istənilən halda, Azərbaycan öz doğma torpaqlarını ya sülh, ya da hərbi yolla azad edəcək".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ətraf yeddi rayonun qaytarılmasını təklif edirlər. Onun sözlərinə görə, Rusiya mətbuatı isə beş rayonun qaytarılması ehtimalı üzərində dayanıb. Politoloq bildirib ki, erməni mətbuatı beş rayonun qaytarılmasını real görməsə də, bu məsələlər ətrafında düşünməyin mümkünlüyünü ifadə edib: "Ermənilərin fikirlərindən belə görünür ki, Rusiya Ermənistana təzyiq edir və beş rayonun geri qaytarılmasını tələb edir".

Ermənistanda ciddi siyasi qarşıdurmaların hökm sürdüyünü deyən Q.Hüseynli bu ab-havanın süni sürətdə yaradılmasını istisna etməyib. Lakin politoloq hesab edir ki, mövcud qarşıdurmalar Ermənistanda konstitusiya islahatları - siyasi sistemin dəyişdirilməsi və Rusiyanın işğalçı ölkəyə təzyiqi, Dağlıq Qarabağ münaqişəsində israrlı mövqeyi ilə bağlıdır.

Keçmiş dövlət müşaviri qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində Madrid prinsiplərinə uyğun olaraq hərəkət etməyi təklif edir: "İlk mərhələdə ətraf yeddi rayon qaytarılmalı, Dağlıq Qarabağın statusu məsələsi isə bir qədər sonra keçiriləcək referendumun nəticələrinə görə müəyyənləşməlidir. Lakin bu referendum nəticəsi heç bir halda Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən çıxmasına bərabər olmamalıdır. Bir sözlə, problemin həlli kifayət qədər mürəkkəb olsa da, münaqişənin həllində işıq görünür. Çünki davam edən münaqişə ermənilərə mənfi təsir edir. Münaqişənin uzanması ciddi sarsıntılara gətirib çıxara bilər".

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşün gündəliyində müəyyən nəticələrin əldə olunmasıyla bağlı təminat veriblər: "Bu Azərbaycan prezidenti İlham Əliyevin görüş naminə Ermənistan rəhbəri Serj Sarkisyanla bir masada əyləşmək istəməməsindən irəli gəlir. Dövlət başçısı nəticəsi olan görüşə getmək fikrindədir. Ona görə də, həmsədrlər müəyyən təminatlar verməyə məcburdurlar. Eyni zamanda, Rusiya da görüşün nəticələrində irəliləyiş əldə olunacağı ilə bağlı təminat verib".

Politoloq əlavə edib ki, görüşün keçiriləcəyi məlum olsa da, haradan baş tutacağı qeyri-müəyyənlik doğurur: "Yaxın vaxtlarda buna da aydınlıq gətiriləcək. İstənilən halda Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişdirilməsinə imkan var. Bu, Ermənistan rəsmilərinin özlərini necə aparacaqlarından asılıdır. Əgər onlar sülh istəyirlərsə, heç olmasa Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqları geri qaytarmalıdırlar. Əks halda, Azərbaycan Silahlı Qüvvələrinin zəruri tədbirləri ilə üz-üzə qalacaqlar. Zaman ermənilərin əleyhinə işləyir. Ona görə də, onlar bu, zamandan səmərəli istifadə etməlidirlər".

Azərbaycanın sülhə sadiq dövlət olduğunu qeyd edən Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri, hərbi ekspert Emin Həsənli söyləyib ki, Prezident İlham Əliyevin Ermənistana ən böyük güzəşti danışıqlar prosesini davam etdirərək işğalçı ölkə rəhbəri Sarkisyanla bir masada əyləşməsidir: "Gözləntilər o zaman olar ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - ATƏT-in həmsdər dövlətləri Ermənistana konkret tələblər irəli sürər. Ukrayna böhranı, Krımın ilhaqı ilə bağlı Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana da aid edilməlidir. İşğalçı ölkəyə zəbt etdiyi Azərbaycan torpaqlarından qoşunlarını geri çəkmək üçün konkret müddət qoyulmalıdır. Əfsuslar olsun ki, real vəziyyət bunun əksini deyir. İyirmi ildən artıqdır ki, Ermənistana yürütdüyü işğalçılıq siyasətinə görə vaxt qoyulmur, tələb irəli sürülmür.

E.Həsənli bildirib ki, Azərbaycan münaqişə ilə bağlı öz üzərinə düşən öhdəlikləri həmişə yerinə yetirib, sülh prosesinə sadiqlik nümayiş etdirib. Bununla bərabər ölkəmizin öz iqtisadiyyatını, ordu quruculuğunu inkişaf etdirdiyini deyən hərbi ekspert son hadisələr nəticəsində cəbhə bölgəsində Ermənistanın böyük itkilər verdiyini diqqətə çatdırıb.

Birlik sədrinin sözlərinə görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, gec-tez bu torpaqlar Azərbaycana qayıdacaq: "Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi konkret addımlar atmaq fikrində deyil. Çünki beynəlxalq ictimaiyyət işğalçı ölkəni konstruktiv mövqe nümayiş etdirməyə sövq etmir".

Ermənistanın müstəqil deyil, diasporadan, ayrı-ayrı dövlətlərdən asılı olduğunu deyən hərbi ekspert bu səbəbdən işğalçı ölkədən konkret addımlar atmasını gözləməyin çətin olduğunu vurğulayıb.

E.Həsənli qeyd edib ki, son vaxtlar Azərbaycan ordusunun təmas xəttində həyata keçirdiyi cavab tədbirləri - Ermənistana məxsus helikopterin pilotsuz uçan aparatların vurulması, diversiya qruplarının zərərsizləşdirilməsi, eyni zamanda, dövlətimizin apardığı xarici siyasət nəticəsində işğalçı ölkənin regional layihələrdən kənarda qalması erməniləri çətin vəziyyətə salıb: "Onların bir çıxış yolu var: işğal etdikləri torpaqları geri qaytarmaq. Əks halda, Ermənistan dövlətinin varlığı şübhə altında qalacaq".

Hərbi ekspert əlavə edib ki, münaqişənin ədalətli həlli üçün Rusiya Ermənistana təzyiq etməlidir: "Əgər Ermənistan torpaqları öz xoşu ilə qaytarmasa, Azərbaycan danışıqları dayandırıb hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməli olacaq".

Ceyhun ABASOV

 





24.11.2015    çap et  çap et