525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru (4-cü yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru <b style="color:red">(4-cü yazı)</b>

Ölkənin müxtəlif bölgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ən qədim insan mədəniyyəti izinin yaşı milyon illərlə ölçülür. Məsələn, 1,5 milyon ildən artıq yaşı olan Quruçay mədəniyyəti insanları əvvəl Quruçay hövzəsində açıq düşərgədə yaşamış, sonralar iqlim şəraitinin dəyişməsi ilə əlaqədar yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Ermənistan tərəfindən işğal olunmuş Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasında aparılmış arxeoloji tədqiqatlar təsdiqləyir ki, qədim insanlar buraya 1-1,2 milyon il əvvəl köçmüşlər.

Tapıldığı yerin adı ilə əlaqədar azıxantrop adlandırılan bu dövrün adamı təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda həmin vaxtda yaşamış insanların fiziki quruluşunu öyrənmək üçün əsas olmuşdur. Təkcə onu demək kifayətdir ki, təxminən 400 min il yaşı olan azıxantrop keçmiş sovetlər məkanında ən qədim insan tipi nümunəsidir.

Qədim insan məskənlərinə və mədəniyyət ocaqlarına Yer kürəsinin müxtəlif bölgələrində rast gəlmək mümkündür. Bu cür yaşayış məskənlərinin, demək olar ki, hamısı arxeoloji qazıntı və tədqiqatlar nəticəsində aşkarlanıb. Maraqlıdır ki, açıq səma altında muzeyi xatırladan Qobustan qayaüstü abidələri onların arasında nadir istisnalardan birini təşkil edir. Unikallığı ilə seçilən bu abidələr indiki zamanla o dövr arasında 12 min il yaşı olan dağılmaz bir körpüdür.

Qobustan abidələri qədim mədəniyyətin dövrümüzə qədər gəlib çıxmış kiçik izləri kimi mahiyyətində və məzmununda tarixi elementlərlə yanaşı, o dövrün xarakteristikasını da gizləyib. Bu baxımdan “Qobustan sirləri”nin açılmasının və izahının o dövrdə ibtidai incəsənətin və əhalinin dini görüşlərinin, xüsusilə ovsun-totem inamlarının öyrənilməsində əvəzsiz rolu ola bilər. Əslində, YUNESKO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısına salınmış və bütün bəşəriyyətin ortaq mədəni sərvətinə  çevrilmiş Qobustan çoxdan Azərbaycanın sərhədlərini aşıb.

Bəşər sivilizasiyasının beşiyi tarixşünaslıqda çox vaxt Yaxın Şərq, daha konkret desək, Mesopotomiya, qədim Babilistan hesab edilir. Maraqlıdır ki, bu məsələdə tarixçilərlə dinşünasların qənaəti, demək olar ki, üst-üstə düşür. Çünki müqəddəs kitablarda rəvayət edilən tarixi hadisələrin baş verdiyi coğrafi ərazilər əsasən bu bölgədə yerləşir.

Azərbaycanın tarixi torpaqlarında yaşamış tayfa və etnik qrupların, eləcə də bu ərazidə yaranmış dövlətlərin ən qədim dövrlərdən başlayaraq bütün tarixi mərhələlərdə Mesopotomiya ilə sıx mədəni, iqtisadi və siyasi əlaqədə olması inkarolunmaz faktdır. Çünki Mesopotamiyada ardıcıllıqla mövcud olmuş ən qədim dövlətlər – Şumer, Akkad və Assuriya ilə Azərbaycan ərazisində yaşayan tayfa birləşmələrinin əlaqələri barədə bəzi Şumer dastanlarında məlumatlar var. Həmin məlumatlar Mesopotamiya ilə həmyaşıd  və qonşu olan  Azərbaycan ərazilərinin bəşər sivilizasiyasının beşiyi sayılan bölgənin tarixilik və mədəniyyət baxımından tərkib hissəsi kimi xarakterizə edilməsinə kifayət qədər əsas verir. Bunu qədim Şumer dastanları, Assur mixi yazıları ilə yanaşı, müqəddəs kitablar da təsdiqləyir.

Tövrat və İncildə bəzi yer adları var ki, onların Azərbaycan ərazisində olması ilə bağlı görkəmli tədqiqatçılar əsaslandırılmış fikirlər söyləyiblər. Məsələn, Əhti-ətiqdə tez-tez rast gəlinən və Adəmə yaşamağa icazə verilən Ədən bağları barədə Varlığın ikinci fəslində maraqlı məqamlar var. Orada qeyd edildiyinə görə, Ədəndəki çaylardan biri “Quş torpağından axan” Hixondur. İncilin tədqiqi ilə məşğul olan alimlərin bir çoxu ehtimal edir ki, Hixon Araz çayıdır. Quş torpağı isə Xəzər dənizinin dalğalarının yuduğu bir sahildir.

Bu məsələdə maraqlı məqamlardan biri də ilk səmavi dinlərin – yəhudilik və xristianlığın erkən dövrlərindən etibarən Azərbaycanda yayılmağa başlamasıdır. Tarixi qaynaqlara görə, istər yəhudiliyin, istərsə də xristianlığın ilk təbliğatçılarının və mənsublarının üz tutduqları yerlərdən biri Azərbaycan əraziləri olmuşdur. Bunun səbəbləri sırasında coğrafi yaxınlıq, mədəni-sosial oxşarlıq və siyasi amillə yanaşı, çox güman ki, müqəddəs kitablarda Azərbaycan əraziləri ilə bağlı adların çəkilməsinin də təsiri var. Çünki müqəddəs kitablarda rəvayət edilən hadisələr, onların baş verdiyi ərazilər və yer adları bu kitablara inanan insanların diqqətini çəkirdi və onlar həmin yerlərə can atırdılar.

Mədəniyyəti xalqlar, toplumlar yaradır, amma onu qorumaq hər xalqa nəsib olmur. Yəqin çoxları razılaşar ki, yalnız güclü və qüdrətli dövlət qurmuş  xalqlar yaratdıqları yüksək mədəniyyəti qoruya bilərlər. Çünki qorunmayacağı təqdirdə ən yüksək mədəniyyətin  belə məhvi labüddür. Əslində, hər bir xalqın qurduğu dövlət həm də onun mədəni səviyyəsinin göstəricisidir. Bu baxımdan dövlət böyük mənada mədəniyyətin tərkib hissəsidir. Bu, həm də böyük dövləti yüksək mədəniyyətə malik xalqların qurması deməkdir.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət  halında birləşməsinin tarixi eramızdan əvvəl üçüncü minilliyə gedib çıxır. Həmin dövrdə formalaşmış və Azərbaycan ərazilərinin böyük bir hissəsini əhatə edən Aratta dövləti yaranma tarixinə və idarəçilik formasına görə Mesopotomiyanın ən qədim dövləti sayılan Şumerlə müqayisə edilə bilər. Deməli, Aratta kimi bir dövləti mədəni səviyyəsi ən azı şumerlilər qədər olan bir toplum qura bilərdi.

Hər bir xalqın formalaşmasında müxtəlif etnoslar və etnik qruplar iştirak edir. Dünyada elə bir xalq yoxdur ki, yalnız bir etnos və ya tayfa birləşməsindən ibarət olsun. Azərbaycan xalqının formalaşmasında onlarla etnos və etnik qrup iştirak edib. Bu xüsusiyyətinə görə azərbaycanlılarla müqayisə oluna biləcək xalqların sayı çox azdır. Çünki Azərbaycan ərazilərində hələ erkən dövlətlər formalaşmazdan xeyli öncə çoxsaylı etnoslar yaşayıb, üstəlik, zaman keçdikcə onlarla etnik qrup müxtəlif səbəblərdən burada məskunlaşıb və xalqımızın formalaşmasında iştirak edib.

Maraqlıdır ki, çoxsaylı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir etnik qrup  buradan başqa bir əraziyə köçürülməyib. Bu, tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, eyni zamanda, minillər öncə bu ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində dözümlük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir. Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

 

ODLAR YURDU – DİNLƏRİN VƏ

SİVİLİZASİYALARIN QOVŞAĞI

 

Din və inancların yaşı insan oğlunun yaşı qədərdir. Səmavi kitabların və tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu üçün əlavə izahata və geniş şərhə ehtiyac yoxdur. Amma bu da həqiqətdir ki, zaman keçdikcə insan oğlunun dünyagörüşünə paralel olaraq inancları da dəyişib. Bu baxımdan, dinlərin və inancların təkmilləşməsi insanın dünyagörüşünün genişlənməsi ilə düz mütənasibdir. Maraqlıdır ki, dini inancların ən ibtidaidən ən aliyə doğru inkişafını Azərbaycan tarixinin timsalında ardıcıllıqla müşahidə etmək mümkündür. Çünki ilk insan məskənlərindən biri olan Azərbaycan həm də ilk dini inancların yarandığı və səmavi dinlərin yayıldığı bir ərazidir.

Məlumdur ki, dini inanclar özünü daha çox dəfn mərasimlərində büruzə verir və tarixçilər qədim insanların dini inanclarını o dövrə aid düşərgələrdə, xüsusilə qəbirlərdə aparılan arxeoloci tədqiqatlar əsasında öyrənirlər. Tədqiqatlar təsdiqləyir ki, ilk dövrlərdən başlayaraq dini inancların inkişafı Mesopotamiya ilə Azərbaycan ərazilərində, təxminən, paralel gedib. Məsələn, eramızdan əvvəl altıncı və dördüncü minilliklərdə meyidləri yaşayış məskənlərində, tikililər arasındakı boşluqda və ya küplərdə dəfn edirdilər. Bu adət təkcə Azərbaycan ərazisində yox, qədim Şərqin bir sıra ölkələrində, o cümlədən Mesopotamiyada mövcud olub. Eyni zamanda, həmin dövrlərdə dini mərasimlər keçirmək üçün xüsusi otaqlar tikilib ki, arxeoloji qazıntılar zamanı onların qalıqlarına rast gəlinib.

Bütün bunlar təsdiqləyir ki, eramızdan neçə min il öncə Azərbaycan ərazilərində yaşayan insanların həyatında dini ayin və ovsunların önəmli yeri olub. Qobustan qayaüstü rəsmlərinin çoxunun ovsun və dini mərasimlərlə bağlı olması da bu iddianın əyani sübutudur.

(Ardı var) 

 





11.01.2013    çap et  çap et