525.Az

Qəriblikdəki məzarlara düşən Tanrı işığı...


 

ABİD TAHİRLİNİN 60 YAŞINA

Qəriblikdəki məzarlara düşən Tanrı işığı...<b style="color:red"></b>

Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı...

Bu el bayatısını dinləyəndə yadıma qürbətdə yaşamış ziyalılarımız düşür. O insanlar ki, ölkədən öz xoşuna getməmişdilər. Canları qədər sevdiyi Azərbaycanı tərk etməli olmuşdular.

Siyasi mühitin girdabında boğulmamaq üçün qan qoxuyan meydandan quru canlarını götürüb uzaqlara qaçmaq, dünyanın o biri başına üz tutmaq məcburiyyətində qalmışdılar. Vətəndə torpağa tapşırılmaq istəyi də bir xülya kimi görünürdü. Belələrini tarix səhnəsindən itirməyə çalışanlar onların varlığını gizlədərək milli məfkurə sahiblərinin adlarını elin hafizəsindən silməyə səy göstərsələr də... ilahidən vaxt, vədə yetişəndə zaman öz sözünü dedi. Bir vaxtlar qürbətdə yazıb-yaradan, "Azərbaycan"- deyə can verən insanların vətəndə varlığı dərk olundu. Onların "vətənə qayıdışı" başlandı. Onlar Azərbaycana əbədiyaşar düçüncələri ilə "geri qayıtdılar", ölümsüzlüyə qovuşdular. Ucu-bucağı bilinməyən yer kürəsinin ən uzaq yerlərində bir kimsədən xəbərsiz haqq dünyasına köçəcəklərini düşünərək  dünyasını dəyişən ziyalıların "vətənə dönüşü" də reallaşa bilərmiş. Mühacirət publisistikasının tədqiqatçısı, filologiya elmləri doktoru Abid Tahirli kimi ziyalıların sayəsində neçə-neçə qəriblikdə qalan vətənsevər azərbaycanlının məzarına işıq düşərmiş.

Abid müəllim bizə Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylidən soraq verdi, onun Azərbaycandan kənarda millət üçün gördüyü işləri anlatdı.

Azərbaycanın mühacirətdə olan simalarının publisistikasını tədqiq etdi. Apardığı elmi araşdırmaların nəticəsi olaraq xeyli sayda insanın uca əqidəsini ortaya qoydu.

Abid müəlimin bu mövzuda yazmasının səbəblərindən biri bu oldu ki, "Vətən" cəmiyyətinin xətti ilə "Odlar Yurdu" qəzetində fəaliyyətə başlayanda, dünya kitabxanalarında Azərbaycan imzalarına rast gələndə daxili bir qürur hissi ilə həmin izlərə düşdü. Adını tarix kitablarından ötəri eşitdiyi ziyalıların axtarışına başladı. Nəticədə ürəyi qübarlı həyat yaşayan, əsl Azərbaycan qayəsi ilə düşünən, qürbətdə vətən həsrəti ilə ömür sürən vətəndaşlarımızın böyük amallar uğrunda apardığı mübarizələrin şahidi oldu. Elimizdə deyirlər ki, Allah bir tərəfi bağlayanda, digər bir yerdən də işıq salır. Abid Tahirlinin də varlığı həmin ruhların şad olması, şəxsiyyətlərin üzə çıxarılması üçün elimizə düşən Tanrı işığıdır...

O, Qəbələ rayonunun Nohurqışlaq kəndində dünyaya göz açıb. Jurnalist olmaq istəyi ilə yolunu mətbuatdan salıb. Hələ gəncliyindən böyük alimlərin həyatını incələməyə maraq göstərib. Həmyerlisi, mühacirətdə çıxan ilk Azərbaycan kitabının (1835) müəllifi olan İsmayıl bəy Qutqaşınlının taleyi ilə maraqlanıb, uzun illər arxivlərdə bu barədə məlumatlar axtarıb, xeyli sayda yeni sənədlər aşkar edib. Bir neçə ədəbiyyatşünasın yazıları ilə tanışlıqdan sonra İsmayıl bəy Qutqaşınlı haqqında fundamental elmi araşdırmalar aparılmasının vacib olduğunu, ədibin irsinin hansı istiqamətdən öyrənilməsinin zəruriliyini önə çəkib (İsmayıl bəy Qutqaşınlının 200 illiyi münasibəti ilə."Bir səfərin ədəbi və əbədi sədası". Abid Tahirli. "Ulduz" jurnalı).

Abid Tahirlinin 60 illik yubileyi ərəfəsində mətbuatda haqqında silsilə yazılar dərc olunur. Alimi yaxından tanıyan həmkarları onunla bağlı xatirələr danışır və xoş sözlər söyləyirlər. Həmin yazıları oxuyanda bir daha əmin oluruq ki, alim tək elmi fəaliyyəti ilə deyil, həm də daxili insani keyfiyyətlərilə özünə dərin hörmət qazanıb. Böyük ədibimiz Elçinin sözlərini xatırlatsaq, "Abid təmiz, etibarlı, xeyirxah bir şəxsiyyətdir və bu uzun illər ərzində mən flyuger kimi dəyişən bir çox insanlardan fərqli olaraq, Abidin şəxsiyyətində heç bir dəyişiklik görməmişəm, əksinə, o təmizlik də, etibarlıq da, xeyirxahlıq da illər keçdikcə, elə bil, daha da artıb və saflaşıb". Ədəbiyyatımızın söz ustadı Elçindən sonra Abid müəllim haqqında nə isə söz deməyə çox çətinlik çəksəm də, özümdə cəsarət axtararaq yubilyarı təbrik etmək istəyənlərin sırasına qoşulmaq istəyirəm.

Abid Tahirli bu gün respublikada tanınmış alim, tədqiqatları ilə diqqət çəkən, elm aləmində gərəkli işlər görən ziyalılardan biridir. İnsan sözünü həyatda öz əməlləri ilə təsdq edəndə, həyat fəaliyyəti ilə başqalarına örnək olanda o zaman gördüyü işlərin böyük dəyəri olur. Abid Tahirlinin vətənə bağlılığı  öz ocağından, doğulduğu ata yurdundan-balaca kəndindən başlayır. Azərbaycanın elmi mühitində nüfuz qazanan şəxs, həm də öz kəndində hər ocağın sevincindən, kədərindən xəbərdardır. Bu gün Nohurqışlaq kəndində Qarabağ uğrunda neçə şəhid varsa, onların hər biri haqqında Abid Tahirli müfəssəl məlumata malikdir və hər biri barəsində də söz deməyi əsirgəməyib.

Azərbaycanda maarifçilik ideyalarının və pedoqoji fikrinin inkişafı ilə bağlı "Məktəb: tariximiz, taleyimiz" əsərində də oxuduğu doğma məktəbi ilə bağlı maraqlı məlumatlar əks olunub. Yaxud "İdrak işığında" adlı iri həcmli kitabında Abid Tahirlinin ötən illər örzində bir ömürdə neçə - neçə tale yaşadığını sübut edən qiymətli məqalələr toplanıb.

15 kitabın, o cümlədən, 5 monoqrafiyanın, yüzlərlə publisistik, 200-dək elmi məqalənin, xaricdə çıxan yüzdən artıq məqalənin və kitabların müəllifi olan Abid Tahirli üçün bu il daha bir əlamətdar hadisə ilə yadda qaldı. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunması alimin əməyinə və ictimai fəaliyyətinə dövlət tərəfindən verilən ali mükafatdır.

Xalq yazıçısı Elçinin sözləri desək, "sadəliyi, xeyirxahlığı və nəcib insani xarakteri" ilə seçilən Abid Tahirli jurnalistika aləmində əsl müəllim olmaqa yanaşı, həm də tələbələri ilə ünsiyyət qurmağı bacaran, həmkarlarına dayaq olan əsl dost, sözün həqiqi mənasında Böyük Qardaşdır. Qardaşımızı noyabrın 30-da tamam olacaq 60 yaşı münasibəti ilə təbrik edirəm. Elmi axtarışlarında dəyərli alimimizə cansağlığı, tükənməz yaradıcılıq nailiyyətləri arzulayıram.

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun əməkdaşı

 





25.11.2015    çap et  çap et