525.Az

Musiqili Teatrda Həsənağa Qurbanov anılıb


 

Musiqili Teatrda Həsənağa Qurbanov anılıb <b style="color:red"></b>

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli pianoçu, əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə qonaqlar Həsənağa Qurbanovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəşr etdirdiyi "Xatirələrdə yaşayan insan" və sənətkarın qızı Meray Həsənağaqızının "Mən sənətkar qızıyam" adlı kitablarının təqdimatı olub. Daha sonra Həsənağa Qurbanovun yaradıcılığına həsr olunmuş videoçarx nümayiş edilib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək Həsənağa Qurbanovun həyat və yaradıcılığından söz açıb. O, sənətkarın qısa zaman kəsiyində böyük nailiyyətlər qazanmasından və onun Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan danışıb: "Həsənağa Qurbanov fitri istedada malik musiqiçi kimi tanınmaqla yanaşı, həm də dirijor, təşkilatçı və tükənməz insani keyfiyyətləri ilə də seçilib. Azərbaycan milli musiqisinin ölkəmizdə və respublikamızın hüdudlarından kənarda tanınmasında və təbliğində onun böyük xidmətləri olub".

Qeyd olunub ki, Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas musiqi məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər Mədəniyyət evində müəllim və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlayan sənətkar, sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Bakı Şəhər mədəniyyət və Turizm İdarəsinin rəisi və Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. O, 2007-ci il noyabrın 6-da Bakıda vəfat edib.

Gecədə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının ifasında Həsənağa Qurbanovun repertuarından seçilmiş mahnılardan ibarət konsert təqdim olunub. Konsertdə, həmçinin respublikanın tanınmış ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları səsləndirilib.

S.ABDULLAYEVA

 





25.11.2015    çap et  çap et