525.Az

Abdurrahman Mustafa: "Son nəfərimizə qədər müqavimət göstərəcəyik"


 

Abdurrahman Mustafa: "Son nəfərimizə qədər müqavimət göstərəcəyik"<b style="color:red"></b>

Ötən həftədən başlayaraq Suriyada aparılan hərbi əməliyyatlar nəticəsində bu ölkədəki türkmənlərin vəziyyəti daha da ağırlaşıb.
 
Əsəd rejiminin hərbi qüvvələri Rusiyanın dəstəyi ilə Bayırbucaq bölgəsinə şiddətli hücumlarını davam etdirir.
 
Nəticədə çoxsaylı türkmənlər həlak olub və yaralanıb. 

Müsahibimiz Suriya Türkmən Məclisi başqanı Abdurrahman Mustafa baş verənlər barədə daha ətraflı danışıb.

- Abdurrahman bəy, Suriya türkmənləri ilə bağlı üzücü xəbərlər alırıq. Siz hazırkı vəziyyət barədə nə deyə bilərsiniz?

- Rusiyaya məxsus təyyarələr cümə axşamı Bayırbucaq bölgəsinə görünməmiş bir hava hücumu təşkil etdi. Orada çox böyük itki verdik. Bir çox mülki insanlarımız köç etmək məcburiyyətində qaldı. Əsədi dəstəkləyən Rusiyaya məxsus təyyarələr türkmənləri bombalayarkən, qurudan da Əsədə İranın "Hizbullah"ı dəstək verirdi. Amma bütün bunlara baxmayaraq, bizim oradakı igid gənclərimiz II Sahil Diviziyası altında birləşərək müdhiş bir müqavimət göstərir. Orada min ildir yaşayan insanlarımız mübarizəyə inanır. Bizi asanlıqla diz çökdürüb, ata bilməzlər.

Məlumat üçün deyim ki, Bayırbucaq bölgəsində türkmənlərin II Sahil Dviziyası yerləşir. Bölgənin geopolitik mövqeyi son dərəcə strateji və həssasdır. Türkmən döyüşçülər onsuz da Azad Suriya Ordusunun çətiri altında birləşib. O ki qaldı kimlərinsə köməyinə, əlbəttə, müxtəlif zamanlarda hər hansı formada yardımlar gəlir. Amma ümumən götürsək, bölgənin müdafiəsi naminə özümüz təkbaşına döyüşürük.

Təbii burada bir mütənasib güc yoxdur. Qarşımızda dünyanın super gücü vardır. Təəssüf ki, bu da Yaxın Şərqdəki və Suriyadakı, böyük oyunların bir parçasıdır.

- Əsəd rejiminin Rusiya və İranla bərabər türkmənləri hədəfə almasında məqsəd nədir?

- Rusiyanın məqsədi bölgədəki və xüsusilə də Suriyadakı maraqlarını qorumaqdır. Bilirsiniz ki, 2016-cı ildən etibarən siyasi səhnədə masa arxasında danışıqlar olacaq. Rusiya Əsədə dəstək verərək masadakı əlini gücləndirməyə çalışır. Rusiyanın Aralıq dənizindəki hədəfi 100 illik bir layihəyə hədəflənib.

- Bəs türkmən döyüşçüləri öz torpaqlarını qorumaq gücünə sahibdirlərmi? Türkiyənin dəstəyini necə qiymətləndirirsiniz?

- İgidlərimiz, bölgədəki II  Sahil Diviziyası birliyi müqavimət göstərir. Son nəfərimiz qalana qədər müqavimət göstərməyə qərarlıyıq. Bizim tək dəstəkçimiz Türkiyədir. Maddi-mənəvi, bir sözlə, hər mənada tək dəstəyimiz Türkiyə Respublikasıdır. Biz onsuz da Suriya Türkmən Məclisi olaraq həftənin 7 günü, 24 saat bütün təşkilatlarla əlaqə saxlayırıq. Baş nazirlik, Xarici İşlər Nazirliyi, yəni bütün qurumlarla birlikdə çalışırıq. Bütün tələblərimizi çatdırmışıq, çatdırmaqda davam edirik. Allah Türkiyədən razı olsun.

Bilirsiniz ki, müharibə başlayan gündən biz hücumlarla üz-üzəyik. Yəni indiki Bayırbucağa qarşı davam edən hücumlar bizim üçün yeni deyil, artıq buna belə desək, öyrəşmişik. Rəhbəri olduğum təşkilat isə, adından da göründüyü kimi, Suriya Türkmən Məclisidir. Məclis də öz növbəsində bir evin - millətin damıdır. Bütün türkmən partiya və təşkilatları məhz bizim məclisin damı altında birləşib.

- Son günlərin qanlı olaylarında nə qədər itkiləriniz var?

- Çox sayda şəhidimiz və 150 nəfərdən artıq yaralımız var.

- Hadisələrin inkişafını necə görürsünüz? Dünya birliyi, türkdilli dövlətlərin susqunluğu Suriya türkmənlərinin öz torpaqlarından məhrum olması ilə nəticələnə bilərmi?

- Bayırbucaq türkmən bölgəsinə hücumların üç məqsədi var. Hər şeydən əvvəl Aralıq dənizinə uzanacaq kürd dəhlizini açma hədəfi var. Əsəd də razılaşmaya gedərsə, özünə Nusayri Ələvi dövləti qura biləcək torpaqları genişləndirmək istəyir. Bunlarla bərabər hücumlarla Türkiyəni narahat etmək üçün də səylər göstərir. Türkmənlərə yardım edən tək güc Türkiyədir. Bilirsiniz ki, Kobanidəki hadisələr bütün dünyanın gündəmində idi. Dünya PYD və YPG üçün bütünlüklə səfərbər oldu. Türkiyə, Türk xalqından və Türk dünyasından olan jurnalist qardaşlarımızdan başqa kimsədən səs çıxmır. Son olaraq demək istəyirəm, biz bu torpaqlarda min ildir varıq, Allahın izni ilə qiyamətə qədər bizi torpaqlarımızdan kimsə ayıra bilməyəcək. Sona qədər müqavimət göstərəcəyik. Planlar çox böyükdür, amma bizim davamıza olan inancımız ilə kimsə yarışa bilməz. İgid əsgərimiz də, xalqımız da, biz siyasətçilər də hamımız bu iddiaya inandıq. Türk üçün torpağı namusdur. Biz torpağımızı namusumuz bilirik, sonuna qədər mübarizəyə davam edəcəyik.

- Bir vaxtlar Türkiyədə sərhədin o tayında təxminən 98 kilometrlik məsafədə "Azad bölgə" yaratmaq planları var idi. Bu gün həmin məsələ yenə gündəmdədirmi?

- Qeyd etdiyiniz bölgə Hələb ətrafında yerləşir. Həmin plana əsasən, Azezlə Herablus arasında qalan 98 kilometrlik bölgənin terrordan uzaq saxlamaq nəzərdə tutulur və bu müstəvidə həm Türkiyə, həm də türkmənlər olaraq biz 2012-ci ildən bəri mövqeyimizdə israr edirik. Bu gün isə gündəmə gətirilən bölgə Bayırbucaqdır. Eləcə də Azezlə Herablus arasında "Təhlükəsiz bölgə" yaratmaq tələbimiz davam edir. Yeri gəlmişkən, adıçəkilən bölgədəki hərbi qüvvələrimiz də mövqeyimizdən xəbərdardırlar və zərurət yarandıqca lazımi addımlarını atırlar. Məsələn, iki gün əvvəl bölgədəki qüvvələrimizdən olan Sultan Murad Alayı iki türkmən kəndini İŞİD-in əlindən geri alıb. Özü də hərbi əməliyyatlar Türkiyə və ABŞ təyyarələrinin müşayiəti ilə aparılıb və hücum prosesi davam etməkdədir.

PƏRVANƏ

 





25.11.2015    çap et  çap et