525.Az

"Media dövlətin məsələyə müdaxilə etməsinə şərait yaratmamalıdır"


 

"Media dövlətin məsələyə müdaxilə etməsinə şərait yaratmamalıdır"<b style="color:red"></b>

"Mətbuat bir qayda olaraq dünyanın hər yerində informasiya yayımında önə çıxmaq istəyir, çalışır ki, daha operativ olsun. Amma bəzən də informasiyaların əldə edilməsində çətinliklərlə üzləşdiyinə görə uydurma informasiyalara da yer verə bilir ki, bu da  bu neqativ haldır".
 
Bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət son günlər media ətrafında cərəyan edən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, digər bir məqam da ondan ibarətdir ki, Azərbaycan mediasında bu məsələlərlə bağlı bir qədər sensasiya axtarışları çox oldu: "Yəni uydurma informasiyalarla oxucu, dinləyici, tamaşaçı kütləsi cəlb etməyə çalışanlar oldu. Ona görə də bu cür hallara yol verildi. Amma mən deyərdim ki,  həmin problemin baş verməməsi üçün təbii ki, ilk növbədə məsuliyyət medianın öz üzərinə düşür. Yəni jurnalistlər daha ciddi, daha məsuliyyətli bu məsələyə yanaşmalı idilər. Başqa bir məqam da ondan ibarətdir ki, müvafiq dövlət qurumları medianı vaxtında informasiya ilə təmin etmədilər.

Yəni tutaq ki, Milli Təhlükəsizlik Nazirliyi kimi vacib bir strukturun ətrafında hadisələr cərəyan edir, amma müvafiq dövlət qurumları detallı informasiya verməyə tələsmirlər. Təbii ki, bu da şayiələrin yaranmasına, yanlış informasiyaların yayılmasına gətirib çıxara bilər.
 
Üçüncü çox vacib və narahatedici məqam ondan ibarətdir ki,  bəzi fürsətçi şəxslər, -bunların arasında jurnalistlər, yəqin ki, məmurlar da, QHT rəhbərləri də var- onlar bu hadisələrdən istifadə edərək aidiyyatı  olmayan adamları gözümçıxdıya salmaqla məşğuldurlar, yəni qaralamaqla. Kimin  kimdən xoşu gəlmirsə onun haqqında rəy yaradır ki, bu adam Eldar Mahmudovun, MTN-nin adamıdı, yaxud onlara bağlıdır və s. Belə faktlardan biri də konkret QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyevlə bağlıdır.

Bilirsiniz ki, son günlər onunla bağlı çox çirkin bir kampaniya aparılır. Əlbəttə ki, bu, bizim cəmiyyət üçün heç də üzağardıcı durum deyil. O baxımdan hesab edirəm ki, istər Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, istərsə də Mətbuat Şurasının məsələyə  bu qədər həssas yanaşması haqlıdır. 

Yəni biz cəmiyyət olaraq özümüz özümüzü idarə edə bilmədik, ona görə də dövlət rəsmisi buna reaksiya verməyə məcbur oldu. Çox istərdim ki, bundan sonra həmkarlarımız dövlətin məsələyə müdaxilə etməsinə şərait yaratmasınlar. Yəni özləri öz məsuliyyətlərini başa düşsünlər. Yanlış, əsassız, böhtan, şər xarakterli informasiyalar, yazılar paylaşmasınlar".

A.Həsrət deyib ki, istər mətbuat, istərsə də başqa sahələrdə özünü tənzimləmənin tərəfdarıdır: "Amma elə bir durum yarana bilər ki, dövlət məcbur olub qanunun sərtliyini tətbiq edə bilər. Yəni bunun belə olmaması üçün həmkarlarımız məsuliyyətlərini başa düşsələr, özləri özlərini idarə etsələr, daha yaxşı olar. Lakin özünüidarə bir fayda verməsə, bu zaman dövlət məcburi şəkildə məsələyə müdaxilə etməli olacaq və yəqin ki, biz də onun yükünü çəkməli olacağıq".

PƏRVANƏ

 





25.11.2015    çap et  çap et