525.Az

Azərbaycan diplomatiyasının növbəti uğuru


 

AŞ PA KOMİTƏSİNDƏ "AZƏRBAYCANIN SƏRHƏDYANI BÖLGƏLƏRİNİN SAKİNLƏRİNİN QƏSDƏN SUDAN MƏHRUM EDİLMƏSİ" ADLI QƏTNAMƏ QƏBUL EDİLİB

Azərbaycan diplomatiyasının növbəti uğuru<b style="color:red"></b>

Məlum olduğu kimi, noyabrın 23-də Avropa Şurası Parlament Asambleyasının (AŞ PA) Sosial Məsələlər Komitəsinin Paris iclasında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib.

Bu, qurum tərəfindən son bir ayda Azərbaycan haqq işini, ədalətli mövqeyini müdafiə edən ikinci qətnamədir. Bundan əvvəl, noyabrın 4-də AŞ PA-nın Siyasi Məsələr Komitəsində Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı məruzə əsasında qətnamə qəbul edilib. Bütün bunlar artıq Ermənistana beynəlxalq səviyyədə dəstəyin azalmasından xəbər verir. Bu, Azərbaycan diplomatiyasının növbəti uğurlarıdır. Əsas məsələ isə qəbul olunan sənədlərin kağız üzərində qalmaması,  münaqişənin real həllinə kömək olmasıdır.

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun "APA"ya verdiyi məlumata görə, qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz" kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır: "AŞ PA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir".

 "İki illik gərgin mübarizə nəticəsində AŞ PA-da qəbul edilən rəsmi sənədlər Ermənistanın işğalçı siyasətini bütün dünyaya bəyan edir, onların Azərbaycan torpaqlarını özününküləşdirmə niyyətini puç edir və bu qətnamələrin ciddi nəticələri gözlənilir.  Bu qətnamələr Azərbaycan prezidenti cənab İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur. Bu, mənim bir Azərbaycan övladı kimi vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edək ki, bu qətnamə layihələri AŞ PA-nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaqdır. Gəlin yanvar qələbəsinə də ümid bəsləyək. Çünki bu, bizim haqq səsimizdir", - deyə E. Süleymanov vurğulayıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu AŞ PA komitələrində qəbul olunan qətnamələri Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyasının təcəssümü kimi qiymətləndirir. Onun sözlərinə görə, bir-birinin ardınca AŞ PA-da Azərbaycanın lehinə iki qətnamənin qəbul olunması mühim əhəmiyyət kəsb edir: "Qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" məruzəsi əsasında qəbul olunan qətnamə layihəsi müzakirəsi zamanı Ermənistan bütün resursların ortaya qoysa da, sənədin qəbulunu əngəlləyə bilmədi. O cümlədən, ermənilər Sərsəng su anbarı ilə bağlı "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzə əsasında növbəti qətnamənin qəbuluna da maneə törətmək istəyiblər.  Onların əsas məqsədi qətnamə layihələrinin AŞ PA-nın gələn ilin yanvar ayında keçiriləcək plenar iclasında səsverməyə çıxarılmasına mane olmaqdır".

Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən növbəti görüşünə toxunan politoloq qeyd edib ki, danışıqlar zamanı əsas müzakirə ediləcək mövzular işğal olunan Dağlıq Qarabağ və ətraf yeddi rayonun geri qaytarılması məsələsi olacaq: "Görüş zamanı detallı məsələrin müzakirə ediləcəyini öncədən proqnozlaşdırmaq çətindir. Ancaq qəbul olunan qətnamələr Azərbaycanın haqq işinə dəstəyi ifadə edir və dövlətimizin siyasi mövqeyini daha da gücləndirir".

Mərkəz sədri xatırladıb ki, Azərbaycan Prezidenti hələ görüşün keçirilməsinə razılıq verməyib: "Yayılan xəbərlər erməni tərəfinin dilindən səsləndirilib. Görünən odur ki, Serj Sarkisyanın erkən qərar qəbul etməsinin arxasında başqa məqsədlər dayanır. Yəqin ki, Ermənistan prezidenti görüşə istəkli yollandığını göstərməklə növbəti görüşləri yubadmağa çalışır. Hətta bir qədər də çəkinir. Çünki diqqət yetirsək, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də son vaxtlar prezidentlərin görüşü ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatlara reaksiya vermir. Sadəcə o bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ATƏT-in Serbiya minsterialından sonra keçirməyi planlaşdırırlar. Serbiyada baş tutacaq tədbirdə isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək. Bu, görüş prezidentlər səviyyəsində aparılacaq danışıqlara hazırlıq xarakteri daşıyacaq. Çox guman ki, dövlət başçılarının görüşü dekabrın ortalarına təsadüf edəcək".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, politoloq Elçin Mirzəbəyli də hesab edir ki, AŞPA səviyyəsində Azərbaycan haqq işini, ədalətli mövqeyini dəstəkləyən qətnamələrin qəbul olunması mühüm hadisədir: "Sonuncu qətnamədə söhbət təkcə Sərsəng su anbarının yarada biləcəyi ekoloji fəlakətlə bağlı deyil, eyni zamanda, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən zəbt olunması və bunun nəticəsində işğalçı ölkənin dövlətimizi və xalqımızı ekoloji fəlakətlə hədələməsindən gedir. Bu istiqamətdə Azərbaycan uzun müddətdir ki, iş aparır. Xüsusilə də, bu sahədə əldə olunan uğurlarda millət vəkili Elxan Süleymanovun ardıcıl və yorulmaz fəaliyyətinin əhəmiyyəti var. Azərbaycan həqiqətlərinin AŞ PA-da dilə gətirilməsi və bu istiqamətdə geniş bir kampaniyanın aparılması nəticəsində belə bir sənəd qəbul olunub. Bu, Azərbaycanın haqq işinin müdafiəsi ilə bağlı atdığı mühüm addımdır. Nəzərə çatdırım ki, sənədin qəbul olunmaması üçün həm ermənipərəst, həm də Rusiyanın xarici diplomatik korpusları bütün mümkün vasitələrdən istifadə edib, hətta məruzəçilərə kifayət qədər təzyiq göstərilib. Belə bir sənədin qəbulunu Azərbaycan parlamentariləri, diplomatiyasının xüsusi bir uğuru hesab etmək olar. Çünki qətnamənin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan iş üçün mühüm əhəmiyyəti var".

Politoloq əlavə edib ki, istənilən sənəd Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və Azərbaycan ərazilərinin  işğaldan azad olunması prosesində rəsmi Bakı üçün əlavə hüquqi istinad nöqtəsidir: "Bu, hüquqi istinad nöqtələrinin sayı nə qədər çox olarsa, bir o qədər ölkəmizin mövqeyinin daha da israrlı şəkildə ifadə edilməsi üçün zəmin yaranır. Güman edirəm ki, həm AŞ PA-nın Siyasi məsələlər komitəsində, həm də sosial məsələlər komitəsində qəbul olunan qətnamə prezidentlərin növbəti görüşündə Azərbaycanın haqq ilinin müdafiə olunmasına müsbət təsir edəcək".

İnsan Hüquqları 21-ci əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov isə bildirib ki, AŞ PA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunacağı gözlənilirdi: "Qızğın müzakirələrdən sonra bu qərar qəbul olunub. Bu, Azərbaycan xalqı, ölkə başçısı və onun komandasının böyük uğurudur. Qətnamənin qəbul olunması üçün Azərbaycanın AŞ PA-da daimi nümayəndəliyi böyük işlər görüb. Xüsusilə, millət vəkili Elxan Süleymanovun böyük zəhmətini qeyd etmək lazımdır. Bu, sənədlərin Ermənistanın işğalçı siyasətini bir daha ortaya çıxarır. Bundan əvvəl də AŞ PA-nın Siyasi Məsələlər Komitəsində Azərbaycan lehinə qətnamə qəbul olunub. Bütün bunlar onu göstərir ki, dövlətimiz xarici siyasətdə fəal rol oynayır. Bunun ardı gələcək".

Ş.Camalov qeyd edib ki, son iyirmi il ərzində beynəlxalq səviyyədə bu cür sənədlərin qəbul olunması bir qədər çətin idi: "Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin böyük siyasi iradə nümayiş etdirməsi nəticəsində ölkəmiz beynəlxalq arenada çoxsaylı uğurlar qazanmağa başlayıb".

Fond sədri əlavə edib ki, bütün bunlar Ermənistanın beynəlxalq arenada mövqeyinin zəiflədiyini, Azərbaycanın uğurlu xarici siyasət yürütdüyünü göstərir: "Ermənilər və onların havadarları qətnamələrin qəbul olunmaması üçün ciddi mübarizə aparıblar. Hətta, Avropa Şurasının parlamentarilərinə təzyiqlər də olunub. Lakin bunların heç bir xeyri olmayıb. Qurum Azərbaycanın ədalətli mövqeyini bir daha müdafiə edib".

Ceyhun ABASOV

 





25.11.2015    çap et  çap et