525.Az

Kölgə jurnalistikası


 

Kölgə jurnalistikası<b style="color:red"></b>

Təxminən bir il əvvəl "Azərbaycan mətbuatına senzura lazımdırmı?" sərlövhəli, jurnalist düşüncələrimin, arzularımın, təkliflərimin toplusu olan yazımı respublikanın gündəlik çap olunan qəzetlərinin birinə göndərmişdim.

Araşdırmam redaksiya heyəti tərəfindən bəyənildiyi üçün kiçik ixtisarla dərc olunmuşdu. Həmin yazım əksər jurnalistlər və ziyalılar tərəfindən maraqla oxunmuş, sözün həqiqi mənasında birmənalı şəkildə ədalətli yazı kimi qarşılanmışdı. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması, qəzetlərdə və müxtəlif saytlarda qeyri-peşəkarlıqla yazılan, etik normalardan kənar, qərəzli, böhtan və şantajla dolu yazıların, əsası olmayan xəbərlərin dərc olunması ilə bağlı bəyanatı məni bu məsələyə yenidən qayıtmağa məcbur etdi.Mətbuat Şurasının məsələ ilə bağlı keçirdiyi operativ dəyirmi masa ətrafında məsələyə ciddi münasibət göstərməsi, respublikanın aparıcı KİV- rəhbərlərinin təklif və rəyləri bir jurnalist kimi məni də bu məsələdə öz mövqeyimi ortaya qoymağa sövq etdi.

 Bəri başdan qeyd edim ki, Azərbaycan KİV-lərinin bəzi hissəsi jurnalistika sahəsində təcrübəsi olmayan, bu sahəyə naşı olan insanların əllərindədir. Belələrinin müəyyən hissəsinin nəinki jurnalist, ümumiyyətlə, ali təhsili belə yoxdur. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra mətbuat üzərindən senzura götürüldü, azad fikir və azad söz üçün yaşıl işıq yandırıldı. Bununla da kim istəsə qəzet  və ya jurnal təsis edə, respublikada baş verənlərə münasibət bildirə,  hadisələr barədə məlumat yaya, araşdırma apara bilərdi. Və bu kim istəsə məsələsi də həmin dövrdən başlayaraq Azərbaycan jurnalistikasının,  mətbuatın ,loru dildə desək, evini yıxdı. İş tapmayan, evdə bekar oturanlar nüfuzlu və gəlirli sahə saydıqları jurnalistikaya qaçdı.

Desəm ki, bizim KİV-lər bu gün həmin dövrün buraxılmış səhvlərinin ağrı-acısını hələ də yaşayır, yanılmaram. Bəlkə də oxucular və həqiqi jurnalistlər məni keçmişin səhvlərini qabartmaqda qınayacaqlar. Amma əslində biz buraxdığımız  səhvləri araşdıra-araşdıra bugünkü işimizi reallaşdırmalı, gələcək işlərimizin planlarını qurmalıyıq.

Bu gün qəzetlərdə və saytlarda əsası olmayan xəbərlərin, şayiələrin, şantaj xarakterli yazıların yer tutmasının ən əsas səbəbini həmin KİV rəhbərinin qeyri-peşəkar olmasında axtarmaq lazımdır. Hətta adını belə düz yaza bilməyən şəxsin bir neçə qəzet təsis etməsi, sayta və saytlara rəhbərlik etməsi kimin günahıdır? Ədliyyə Nazirliyi vaxtilə bu sahə ilə məşğul olmaq üçün onlara müraciət edənlər qarşısında müəyyən tələblər qoymalı idi. Latın qrafikası ilə hələ də yaza bilməyən baş redaktor, dırnaqarası jurnalist minlərlə ziyalı oxucuya nə verə bilər? Bu gün əlində bir neçə qəzeti və saytı olan baş redaktoru bu səviyyəyə kim çatdırıb?

Mən Mətbuat Şurasının dəyirmi masası arxasında aparılan müzakirələrdə  çıxış edənlərin təkliflərini və rəylərini diqqətlə oxumuşam. Mənim də fikrim "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin söylədikləri ilə üst-üstə düşür. Bəli bu gün mənbəyi  olmayan, şantaj və qərəz dolu yazıları qəzet və sayt səhifəsinə çıxaranlar Mətbuat Şurasının rəhbərliyini, üzvlərini, məmurları, Azərbaycan xalqını, saf jurnalistləri təhqir edirlər. Mən bir az da irəli gedib deyərdim ki, belə üzdəniraqlar Azərbaycan hökumətinin fəaliyyətinə ləkə gətirirlər. Və çox maraqlı məqamdır ki, barəsində hədyanlar yazılan məmur, onun rəhbərlik etdiyi qurum susur və növbəti şantajın və böhtanın yazılmasına şərait yaradır.

Maraqlı məqama toxunmaq istəyirəm; başqalarından fərqli olaraq "reket" saydığımız KİV-lərin rəhbərlərinin mütəşəkkil fəaliyyət göstərməsi də onlarla mübarizədə problem yaradan məsələlərdən biridir. Qərəzli və şantaj edən bir yazı çox qısa gün fasiləsiylə eyni məzmunda digər qəzetlərdə dərc olunur. Bu gün bir saytda yerləşdirilən yazı ertəsi gün başqa bir saytda peyda olur. Yazı ilə əlaqədar məqsədinə  çatıb nəyəsə nail olan jurnalist "səmərə" gətirən materialı dost sayta ötürür. Lap "O olmasın, bu olsun" filmindəki kimi(!?)

Neçə illərdir ki, Mətbuat Şurası bir çox qərəzli, şantaj və böhtana meylli qəzetləri "reket" qəzetləri kimi elan edib, qara siyahıya salıb və bu qəzetlərin adları mətbuat orqanlarında sadalanıb. Bu, yaxşı tədbirdir.Və Mətbuat Şurasını alqışlamaq olar. Lakin burda da bir nüans var: axı, "reket" kəlməsinin arxasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənən hərəkət dayanır! Reket cinayət məsuliyyətinə cəlb olunmalıdır. Şübhəsiz ki, təkcə "qara siyahı " ilə kifayətlənmək olmaz.

Toxunmaq istədiyim məsələlərdən biri də qəzetlərdə və saytlarda dərc olunan şayiə xarakterli (yalnız şayiə və yalan - Ə.Q) yazılara məlumatın aid olduğu qurumun heç bir münasibət bildirməməsidir. Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələ ilə bağlı dəfələrlə fikrini deyib. Maraqlıdır ki,  bir təşkilat barəsində KİV-də onun iş prinsipini təhdid edən, heç bir əsası olmayan yazılar getsə də, bu qurumun rəhbəri, mətbuat xidməti susur. Və yaxud, ən yaxşı halda, həmin yazını saytdan çıxarmaq üçün yollar axtarır. Şəxs barəsində yalan,əsası olmayan məlumat yaymaq, mənə elə gəlir ki, şəxsiyyətin özünü təhqir etmək deməkdir. Niyə məmur onu təhqir edəni məhkəməyə vermək istəmir? Nəzərə alsaq ki, məhkəmələr şərəf və ləyaqətin alçaldılması ilə bağlı iddialarla doludur, burda da bəzi məsələlər üzə çıxır; söhbət şəxsi və ictimai mənafedən gedir. Vacib məsələlərdən biri də dəyirmi masadakı müzakirələrdə demək olar ki, reket sayt və qəzetlərin adlarının açıqlanmamasıdır. Bu barədə dəyirmi masada iştirak edən bəzi KİV rəhbərləri danışıb, həmin qəzetlərə və saytlara başçılıq edənlərin adlarının açıqlanmasını istədilər. Əslində bu məsələ həmin dırnaqarası jurnalistlərin adlarının açıqlanması ilə bitməməlidir. Həmin "jurnalistin" şəxsiyyəti, təhsili, kimlərə xidmət etməsi, dərc etdiyi böhtan, yalan , əsası olmaya məlumatları haradan alması, vergi orqanları ilə münasibəti, daimi iş yerinin olub-olmaması ,mətbu orqanın dövrülüyü də araşdırılmalıdır. Belə qərəzli, böhtan xarakterli ,əsası olmayan yazıların dərc edilməsinin etik normalara aid olduğu dəfələrlə vurğulansa da, ən vacib məqamlardan söz açılmayıb.

Fikrimcə, "reket jurnalistlər"lə yalnız qanunların dili ilə danışmaq lazımdır.

Mən Mətbuat Şurasının nəzdində monitorinq qrupunun yaradılması və reketçiliklə məşğul olan saytların adlarının açıqlanması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin təklifini bəyənirəm. Mənə belə gəlir ki, Əflatun Amaşov demişkən, belə məsələləri hüquqi müstəviyə çıxarmazdan əvvəl Mətbuat Şurasının özündə həll etməyə çalışmaq vacibdir. Bunun üçün Azərbaycanın KİV-lərinin rəhbərləri, ağsaqqal jurnalistlər,Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edən gənc jurnalistlər bir araya gəlib bu gün üçün ciddi olan problemin həllinə çalışmalıdırlar.         

Saatlı rayonu
Əliağa QURBANOV, jurnalist

 





25.11.2015    çap et  çap et