525.Az

Ombudsman Aparatının nümayəndəsi ATƏT-in tədbirində iştirak edib


 

Ombudsman Aparatının nümayəndəsi ATƏT-in tədbirində iştirak edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı ATƏT-in Xüsusi İnsan Ölçüsü Komitəsinin Vyana şəhərində keçirilən "Nifrət zəminində törədilmiş cinayətlər" mövzusunda iclasında iştirak edib.

Tədbirdə ATƏT-ə üzv dövlətlərdə nifrət zəminində törədilmiş cinayətlərlə mübarizə sahəsində qanunvericiliyin vəziyyəti, bu kimi cinayətlərin qarşısının alınması istiqamətində görülən tədbirlər, müsbət təcrübələr və çətinliklər müzakirə olunub.

Tədbirdə çıxış edən A.Səfixanlı Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini bildirib. O, Azərbaycan dövlətinin əsas məqsədinin fərdlərin irqindən, inancından, etnik mənsubiyyətindən və digər hallardan asılı olmayaraq öz hüquq və vəzifələrindən eyni dərəcədə faydalandığı mühitin yaradılmasından ibarət olduğunu vurğulayıb.

Ombudsmanın nümayəndəsi həmçinin, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 4.10 və 4.11-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətini söyləyib.
 
Çıxışda nifrət zəminində baş verən cinayətlərlə mübarizənin münaqişələrin qarşısının alınması, münaqişədən sonra reabilitasiya, xüsusilə icmalar arasında gərginliklərin qarşısının alınması baxımından vacibliyi qeyd olunmuş, nifrət zəminində törədilmiş cinayətlərin və nifrət zəminində edilən çıxışların qarşısının alınmasının icmaların reinteqrasiyasına öz töhfəsini verəcəyi bildirilib. Qeyd olunub ki, ATƏT-ə üzv olan dövlətlərin müxtəlif icmaların yanaşı yaşamalarına aparan mühitin təmin edilməsinə, həmçinin yurdlarından qovulmuş qaçqın və məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəraitdə öz yurdlarına qayıdışına xüsusi diqqət yetirilməlidir.

Ombudsman Aparatı təmsilçisinin çıxışı ATƏT-in rəsmi sənədləri sırasına daxil edilib.

 





25.11.2015    çap et  çap et