525.Az

Nəsimi Ağayev ABŞ televiziyasına müsahibə verib


 

Nəsimi Ağayev ABŞ televiziyasına müsahibə verib<b style="color:red"></b>

ABŞ-ın Aydaho ştatında səfərdə olan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev sözügedən ştatın ən böyük televiziya kanal olan KTVB kanalına müsahibə verib.
 
Konsulluqdan 525.az-a verilən məlumata görə, kanalın tanınmış jurnalisti Di Sarton (Dee Sarton) tərəfindən canlı yayımda aparılan müsahibə 23 noyabrda KTVB televiziyasının analitik xəbər buraxılışında efirə gedib.

Qeyd edək ki, KTVB ABŞ-ın nüfuzlu NBC televiziya kanalının Aydaho ştatında regional yayım funksiyasını həyata keçirir.    

Müsahibədən əvvəl “Azərbaycan: Gələcəyin Ölkəsi” adlı ingilis dilində video-çarxdan hissələr nümayiş etdirilib.

Daha sonra isə N.Ağayev jurnalistin suallarını cavablandırıb. D.Sarton, bir müddət əvvəl Parisdə törədilən terror aktları və ümumiyyətlə, son dövrlərdə dünyanın müxtəlif yerlərində dini-etnik dözümsüzlük hallarının və zorakılıqların artması fonunda Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm nümayiş etdirdiyini bildirərək, bunun sirrinin nədə olduğunu soruşub.

Baş konsul bu nailiyyətlərin böyük tarixi ənənəyə əsaslandığını, bu səpkidə Azərbaycan xalqının əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib.

Diplomat bu gün Azərbaycanda müsəlman, xristian və yəhudilərin tam qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. Bu səpkidə, N.Ağayev Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin bu tolerantlıq ənənələrinin gücləndirilməsində böyük rol oynadığını vurğulayıb. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir” sözlərinə istinad edən diplomat bildirib ki, ölkə rəhbərliyi Azərbaycan xalqının tolerantlıq irsinin və bu müsbət mühitin daha da möhkəmlənməsi sahəsində mütəmadi iş aparmaqda və bu sahəyə xüsusi diqqət ayırmaqdadır. 

N.Ağayev, həmçinin, Azərbaycanın müstəqil dövlət kimi inkişafı, həm sosial-iqtisadi, həm də demokratik və hüquqi dövlət quruculuğu sahələrində əldə etdiyi nailiyyətlər barədə tamaşaçıları məlumatlandırıb.

Sonda Aydaho ştatına səfəri barədə danışan baş konsul, ştat qubernatoru C.L. “Baç” Otterin dəvətilə bu səfəri etdiyini və Azərbaycan ilə Aydaho arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

 





27.11.2015    çap et  çap et