525.Az

Söz və silahla çəkilmiş ömür xətti


 

Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə

Söz və silahla çəkilmiş ömür xətti<b style="color:red"></b>

Qarabağ münaqişəsinin yenidən alovlanmasından sonra Azərbaycan xalqının tarixə verdiyi qəhrəmanların sırası da genişlənməyə başladı.
 
Öncə Sovet, daha sonra Rusiya rəhbərliyinin, o cümlədən, Amerika və Avropa ölkələrinin hakimiyyətləri və erməni diasporunun güclü dəstəyi ilə Azərbaycana qarşı ərazi iddialarını qanlı müharibəyə çevirən ermənilərlə savaşın ilk mərhələsində uğursuzluqlar yaşansa da igid övladlarımız bu savaşda misilsiz qəhrəmanlıq nümunələri göstəriblər.

Qarabağ müharibəsi ümummilli mübarizə xarakteri daşıdığından xalqın bütün təbəqələri eyni səviyyədə səfərbər olaraq düşmənə qarşı mübarizəyə qalxdılar. Ziyalısından fəhləsinə, alimindən tələbəsinə qədər hər kəs azğın düşmənin geri oturdulmasına öz töhfəsini verməyə çalışdı.

Qeyri-bərabər mübarizədə igid övladlarımız həqiqətən də, inanılmaz fədakarlıqları ilə böyük şücaət nümunələri yaratdılar. Arxalarında böyük güclərin dayandığı ermənilərlə savaşın ilk dönəmlərində sadə silahlarla belə təchizatında ciddi çətinlikləri olan ordumuzun əsgərləri mərdliklə vuruşdular.

Xalqımızın yeni tarixində gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıqları ilə fərqlənmiş soydaşlarımızın sırasında bir əlində silah, bir əlində qələm-kamera olan jurnalistlərimiz də yer alır. Bu siyahıda Azərbaycan jurnalistləri arasında Milli Qəhrəman adına layiq görülmüş ilk reportyor, müharibənin əvvəlindən savaşın ən qızğın nöqtələrinə can atan Çingiz Mustafayevin adı xüsusi yer tutur.

Qəhrəmanın həyat yoluna nəzər saldıqda, onun maraq dairəsinin genişliyi və məqsədyönlülüyü diqqəti cəlb edir. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Tibb İnstitutuna (indiki Tibb Universiteti) verir və oranı 1983-cü ildə bitirir.

Ç.Mustafayev öz peşə ixtisası ilə yanaşı digər sahələrə, o cümlədən, incəsənətə də meyl göstərməsi ilə seçilib. Elə bu marağının təsiri ilə 1985-ci ildə "Cəngi" qrupunu yaradaraq Qərb musiqisinin, incəsənətdəki fərqli tendensiyaların təbliğatçısına çevrilir.

Lakin Qarabağ münaqişəsinin baş qaldırmasından sonra Ç.Mustafayev hər zaman maraq göstərdiyi telejurnalistikaya yönəlir. Fəaliyyətə başladığı dövlət televiziyasındakı məhdudiyyətlərə baxmayaraq, Ç.Mustafayev cəsarətli və aktual süjetlər hazırlamağa, onların yayılmasına xüsusi səy göstərir. Hətta dövlət televiziyasında efirə buraxılmayan süjetlərini xarici telekanalara göndərərək, Azərbaycanın düşdüyü informasiya blokadasının yarılmasında da əməyini əsirgəmir.

Dövlət televiziyasında üzləşdiyi məhdudiyyətlər Çingizi müstəqil fəaliyyət göstərməyə sövq edir və o, bu məqsədlə "215 KL" studiyasının yaradılmasına nail olur. Bu studiyanın hazırladığı süjet və verilişlər ölkədəki obyektivliyi tam əks etrdirdiyindən, forma və məzmun baxımından dövlət televiziyasından kəskin fərqləndiyinə görə qısa müddətdə böyük populyarlıq qazanır.

Müharibənin getdikcə şiddətlənməsi Ç.Mustafayevin fəaliyyətinə də təsirsiz ötüşmür. Cəsur reportyor artıq ön cəbhədə sözün tam mənasında bir əlində silah, digərində isə kamera fəaliyyət göstərir, həm vuruşur, həm də döyüş reportajları hazırlayır.

Müharibənin gedişində Ç.Mustafayev özünü bacarıqlı təbliğatçı və təşkilatçı kimi də göstərir. 1991-ci il noyabrın 20-də ermənilərin Qaradağ kəndi üzərində içində Azərbaycanın yüksək dövlət rəsmilərinin olduğu vertolyotu vurmalarından sonra minlərlə gənc Çingizin çağırışına səs verərək, Qarabağa yollanmaq üçün səfərbər olur.

Ç.Mustafayevin fəaliyyətinin pik nöqtəsi əlbəttə ki, ermənilərin 1992-ci il fevralın 25-26-da törətdikləri Xocalı soyqırımı olur. Dövlət televiziyasının bu böyük qətliam haqqında həqiqətləri gizlətdiyi vaxtda Çingiz böyük təhlükəyə baxmayaraq, o əraziyə gedərək çəkilişlər aparır və Xocalı soyqırımı haqqında həqiqətləri əks etdirən materiallar hazırlayaraq erməni vəhşiliyini sübut edən videofaktlar toplayır.Onun Xocalı soyqırımını əks etdirən videomaterialları bu gün də geniş istifadə olunan ən təkzibedilməz faktlar sırasındadır.

Qəhrəman jurnalistin Şuşanın və xüsusilə Laçının işğalı zamanı hazırladığı videomateriallar isə onun vətənpərvərliyinin, Vətən torpaqları üçün təəssübkeşliyinin bariz isbatıdır. Əlində kamera geri çəkilən hərbçiləri geri qaytarmaq, onları vuruşmağın zəruriliyinə inandırmaq cəhdləri, bu zaman heç nədən qorxmadan fərarilik edənləri təhqir belə etməsi yaddaşlardan silinməyən səhnələrdir.

Laçının işğalından sonra yaşadığı bir neçə həftə Ç.Mustafayevin həyat və yaradıcılığında xüsusi qeyd olunmalıdır. 1992-ci ilin may-iyun aylarında cəbhədə Azərbaycan Ordusunun hücum kampaniyasına başlaması və kəndlərimizin ard-arda erməni işğalından azad edilməsi Çingiz üçün beş dəqiqəlik istirahəti də mümkünsüz etmişdi. Əlində kamera Ordumuzun hücum əməliyyatlarını izləyən, azad olunmuş kəndlərdən davamlı reportajlar hazırlayan Çingiz uğurlu hərbi kampaniyanı tarixə köçürməkdə şövqlə davam edirdi.

Lakin Çingizin həyatı da elə Ordumuzun növbəti hücum əməliyyatı zamanı yarıda qırılır. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində döyüş vaxtı çəkiliş apararkən mərmi qəlpəsindən aldığı yara Çingiz üçün ölümcül olur. Bütün səylərə baxmayaraq, çoxlu qan itirdiyinə görə Çingizin həyatını xilas etmək mümkün olmur. Beləliklə, Azərbaycan daha bir qəhrəman övladını - Vətən torpağı uğrunda həm silahı, həm də kamerası ilə döyüşən Çingizi itirir.

Lakin Azərbaycan xalqı və dövləti öz qəhrəman övladının xatirəsini hər zaman əziz tutur və tutmaqdadır. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.

Hazırda Bakıda Ç.Mustafayevin yaşadığı binanın önündə barelyefi vurulub və Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" Şirkətlər Qrupuna məxsus tanker jurnalist Milli Qəhrəmanın adını daşıyır. Onun doğum və şəhidlik günü hər il müxtəlif tədbirlərlə geniş qeyd olunur.

Seymur Verdizadə
Yazı "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsi çərçivəsində hazırlanıb.

 





27.11.2015    çap et  çap et