525.Az

"İslam sivilizasiyası uşaqların gözü ilə"


 

"İslam sivilizasiyası uşaqların gözü ilə"<b style="color:red"></b>

Muzey Mərkəzində "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda respublika rəsm müsabiqə-sərgisi açılıb və qalibləri mükafatlandırılıb.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq ISESCO İcraiyyə Şurasının iclasının Bakıda təşkilinin əhəmiyyətindən söz açıb:
 
" Belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsi müxtəlif ölkələrdən gəlmiş qonaqların Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına əlverişli imkanlar yaradıb.

Gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunan müsabiqə-sərgiyə 400-dək əsəri təqdim olunub.

Sərgiyə təqdim olunan rəsm əsərlərində İslam sivilizasiya və dəyərləri balaca fırça ustaları tərəfindən işlənib".

Sonra tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş qaliblər və fərqlənən fırça ustaları mükafatlandırılıb. İki yaş qrupu üzrə (7-13, 14-17) 22 müəllif birinci, ikinci və üçüncü dərəcəli diplomlara, fəxri fərman və pul mükafatlarına layiq görülüb.

Qaliblərə diplomları nazirliyin əməkdaşları ilə yanaşı, ISESCO İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları da təqdim edib.

Sonra qonaqlar rəssamlıq məktəblərinin, rəsm studiyalarının şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

S.ABDULLAYEVA

 





27.11.2015    çap et  çap et