525.Az

"Əsrlərin sədası" Milli İncəsənət Muzeyində - Fotolar


 

"Əsrlərin sədası" Milli İncəsənət Muzeyində - <b style="color:red">Fotolar</b>

Milli İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin "Əsrlərin sədası" adlı sərgisi açılıb.

Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev çıxış edərək ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıb:
 
"Tədbir çərçivəsində Bakıda olan qonaqlara xalqımızın mədəniyyəti, tarixi və müasir inkişafı ilə yanaşı, ölkəmizdə gedən quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb".

Sərginin əhəmiyyətindən danışan Elçin Əfəndiyev vurğulayıb ki, gənc rəssam Məryəm Ələkbərlinin sərgiyə təqdim etdiyi 50-dək rəsm əsəri öz ruhunu milli dəyərlərdən alır:
 
" Bu əsərlərdə yer alan Qobustanın qayaüstü yazıları, Azərbaycanın muğam sənəti, İçərişəhərin tarixi abidələri mədəni irsimizin müasir simasını təcəssüm etdirir".

Dünyada müsəlman ölkələrinə qarşı ikili standartların nümayiş olunduğunu diqqətə çatdıran E.Əfəndiyev qeyd edib ki, buna baxmayaraq bütün müsəlman ölkələri bəşəriyyəti dincliyə, xoşbəxtliyə, insanlığa və tolerantlığa dəvət edir.
 
"Əsrlərin sədası" sərgisinin mövzu etibarı ilə qeyd olunan xüsusiyyətləri özündə ehtiva etdiyini bildirən görkəmli yazıçı sənət əsərlərinin müəllifinin bir müsəlman ölkəsinin övladı olduğunu vurğulayıb.

E.Əfəndiyev gənc və istedadlı rəssam Məryəm Ələkbərlini yeni sərgi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu diqqətə çatdırıb və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin Bakıda keçirilməsini yüksək qiymətləndirib.

Baş direktor ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının ölkəmizdə keçirilməsini əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi dəyərləndirərək, bunun təşkilatda təmsil olunan ölkələrin, həm də qarşılıqlı olaraq təhsil və mədəniyyət sahəsindəki əlaqələrinə müsbət təsir edəcəyini diqqətə çatdırıb.

Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi qurumun hər zaman istedadlı insanları, xüsusilə də gəncləri dəstəklədiyini vurğulayıb, sərgi münasibətilə Məryəm Ələkbərlini təbrik edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

S.ABDULLAYEVA

 





27.11.2015    çap et  çap et