525.Az

Gərginlik Türkiyə və Rusiya iqtisadiyyatına mənfi təsir edəcək


 

VÜQAR BAYRAMOV: "AZƏRBAYCAN İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRİN NORMALLAŞMASINI İSTƏYİR"

Gərginlik Türkiyə və Rusiya iqtisadiyyatına mənfi təsir edəcək<b style="color:red"></b>

"Rusiya Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab olunur. Ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhfəsi 4 milyard dollardan çox olub".

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyətinin Türkiyəyə səyahət paketlərinin satışını dayandırmasıyla bağlı danışarkən deyib. Onun sözlərinə görə, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34.3 milyard dollar olub: "Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil".

Son illər Türkiyə-Rusiya iqtisadi əlaqələrinin inkişafının müşahidə edildiyini deyən V.Bayramov qeyd edib ki, ötən il Türkiyənin Rusiyaya ixracı 5.9 milyard dollar olub: "Bir fakta diqqət yetirmək lazımdır ki, Türkiyənin ixrac etdiyi qida məhsullarının 20, tekstil məhsullarının isə 15 faizi məhz Rusiyaya göndərilir. Bu isə qardaş ölkədə strateji sektorlar hesab edilən tekstil və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir".

Ekspert bildirib ki, keçən il Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub: "Şimal qonşumuzun ixracının məbləğinin çox olması Türkiyənin eneji resurslarına tələbin ödənilməsində Rusiyanın dominat mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan gətirir".

V.Bayramov hesab edir ki, iki ölkə arasındaki ticari rəqəmlər son gərginliyin dərinləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də, Rusiya tərəfi də bu prosesdə itkisiz çıxmayacaq: "Türkiyə Misir ilə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4.1 milyon ton taxıl satırlar. Eyni zamanda, Türkiyə Rusiya istehsalı polad məhsullarının əsas alıcılarındadır. Başqa tərəfdən, iki ölkə arasındakı investisiya layihələrinə kifayət qədər aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Türkiyənin Rusiyanın dövlət şirkəti olan "Rosatom" ilə 2013-cü ildə 1.200 meqavatt reaktorun quraşdırılması haqda bağladığı müqavilənin dəyəri 20 milyard dollardır. Söhbət birbaşa Rusiya şirkətinin faydalandığı layihədən gedir. Avropa İttifaqının "Cənub axını"na "yox" deməsindən sonra Moskva hələ də "Türk Axını" ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır. Düzdür, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda şimal qonşumuzda alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il sözügedən ölkələrin iqtisadi münasibətlərinə təsirsiz ötüşməyib. Bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracatı 40 faiz azalaraq 2.7 milyard dollara düşüb".

Ekspert qeyd edib ki, Azərbaycan Türkiyə ilə Rusiya arasındakı münasibətlərinin gərginləşməsində maraqlı olmayan ölkədir: "Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. Sözügedən qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adı çəkilən ölkələr arasında münasibətlər gərginləşəcəyi halda Azərbaycan şirkətləri həm Türkiyə qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir".

Ceyhun ABASOV

 





27.11.2015    çap et  çap et