525.Az

Azərbaycan barışdırıcı rol oynaya bilər


 

"MÖVLUD ÇAVUŞOĞLUNUN AZƏRBAYCANA SƏFƏRİNƏ TÜRKİYƏ-RUSİYA GƏRGİNLİYİ KONTEKSTİNDƏ YANAŞMAQ LAZIMDIR"

Azərbaycan barışdırıcı rol oynaya bilər<b style="color:red"></b>

"Türkiyədə Prezident və parlament seçkilərindən sonra ilk xarici səfərin Azərbaycana olması ənənə halına çevrilib. Lakin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin belə tez baş tutmasında qardaş ölkə ilə Rusiya arasında yaşanan gərginliyin əlaqəsi var".

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

O bildirib ki, M.Çavuşoğlunun Azərbaycana səfərini qabağa çəkməsinə Türkiyə-Rusiya gərginliyi kontekstində yanaşmaq lazımdır.

M.Əhmədoğlu deyib ki, həm Türkiyə, həm də Rusiya prezidentinin dərin hörmət bəslədiyi iki ölkə başçısı var: "Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev".

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti Türkiyə-Rusiya münasibətlərində mövcud gərginliyi aradan qaldırmaq gücündədir: "Böyük ehtimalla Türkiyə xarici işlər nazirinin Azərbaycandan istəyi o olacaq ki, yaranmış vəziyyətdə rəsmi Bakı mümkün qədər müdaxilə etsin. Çünki Türkiyə Rusiya ilə aralarında olan gərginliyi dərinləşdirmək istəmir. Ona görə də, Azərbaycanın mövqeyi barışdırıcı olmalıdır".

Mərkəz sədri xatırladıb ki, bu ilin aprel ayının 24-də Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edərək qondarma soyqırım tədbirində iştirak edib və Türkiyənin əleyhinə sərt və əndazəni aşan bəyanatlar yayıb: "Bundan sonra isə iki ölkə arasında gərginlik yaranıb. Bu vəziyyət isə Birinci Avropa Oyunları vaxtı Bakıda aradan qalxıb. Türkiyə və Rusiya prezidentləri açılış mərasiminə qatılmaq üçün ölkəmizə səfər etdilər. Daha sonra aparılan qarşılıqlı müzakirələr nəticəsində münasibətlər yoluna qoyuldu. Ona görə də, biz öz yolumuza davam etməliyik. Bizim üçün vacib olan odur ki, Rusiya ilə Türkiyə arasında gərginlik yaranmasın. Çünki iki ölkə arasında münasibətlərin normallaşmasında Azərbaycanın rolu olub".

Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin Dağlıq Qarabağ münaqişəsinə təsiri məsələsinə toxunan M. Əhmədoğlu hesab edir ki, Türkiyə Dağlıq Qarabağ məsələsində dəyişməz mövqedədir: "Türkiyə münaqişə ilə bağlı mövqeyini dəyişən deyil. Qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı dövlətimizin ayrılmaz tərkib hissəsi hesab edir. Lakin rəsmi Ankara  hələlik  hərbi əməliyyatlarda Azərbaycana dəstək vermək istəmir".

Politoloq deyib ki, Rusiyanın mövqeyinə görə isə Ermənistan işğal etdiyi ərtaf yeddi rayonu Azərbaycana qaytarmalı, əvəzində rəsmi Bakı Ermənistana gedən kommunikasiya xətlərini açmalıdır və fəaliyyətinə icazə verməlidir: "Rusiyanın irəli sürdüyü şərtlər belədir ki, Azərbaycan münaqişə zonasında hərbi varianta əl atmayacağına dair öhdəlik götürməli, Dağlıq Qarabağın statusu isə müəyyən müddətdən sonra həllini tapmalıdır".

Rusiyanın bu mövqeyi 2013-cü ilin may ayında ortaya qoyduğunu bildirən M.Əhmədoğlu xatırladıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Moskvada görüşərkən bu variant ortaya qoyulub: "Bu dövr ərzində Türkiyə ilə Rusiya arasında həm isti, həm də  soyuq münasibətlər olsa da, hər iki ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalıb. Ona görə də, hesab edirəm ki, hazırkı şəraitdə də Rusiya ilə Türkiyənin münaqişənin nizamlanması ilə bağlı ortaya qoyduğu mövqe neqativ istiqamətdə getməyəcək. Hətta ola bilər ki, Rusiya ilə Türkiyə arasında yaşanan konfliktə görə, Moskva Azərbaycanı öz yanına çəkmək üçün addımlar atsın. Çünki Suriyadakı proseslər elə bir məcrada inkişaf edir ki, Rusiya Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır".

Ermənistanın Rusiyanı öz strateji müttəfiqi adlandırdığını deyən politoloq əlavə edib ki, Dağlıq Qarabağ torpaqlarının işğal altında olması Kremlin regional siyasətinə mənfi təsir göstərir: "Ona görə də, Rusiyanın Azərbaycana tərəf mövqeyi daha da güclənə bilər".

Ceyhun ABASOV

 





27.11.2015    çap et  çap et