525.Az

"Azərbaycanın Türkiyə və Rusiyayla münasibətləri normaldır"


 

HƏRBİ EKSPERT: "AZƏRBAYCANIN YÜRÜTDÜYÜ SİYASƏT DÜNYADA SÜLH VƏ ƏMİN-AMANLIĞIN BƏRPA OLUNMASINA HESABLANIB"

"Azərbaycanın Türkiyə və Rusiyayla münasibətləri normaldır"<b style="color:red"></b>

"Azərbaycanla Türkiyə iki dövlət bir millətdir. Bizi bir-birimizə bağlayan tarixi köklər var. Türkiyə Azərbaycanın müstəqlliyini tanıyan ilk dövlətdir. Bu gün də iki ölkə arasında çox gözəl münasibətlər var".

Bu sözləri Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Türkiyə ilə Rusiya arasında yaranan gərginliklə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir: "Dövlətimizin həyata keçirdiyi enerji layihələri Türkiyə üzərində Avropaya çatdırılır".

Son vaxtlar Azərbaycanın Rusiya ilə də yaxşı münasibətlərinin yarandığı deyən hərbi ekspert hesab edir ki, dövlətimizin apardığı balanslı siyasət düzgün yoldur:
 
"Bunun alternativi yoxdur. Bunu dünyada gedən proseslər də göstərir. İstər Gürcüstan, istər Ukrayna, istərsə də Yaxın Şərqdə baş verən hadisələrin dövlətlərin apardığı siyasətlə birbaşa əlaqəsi var. Hazırda vəziyyət elədir ki, dünyanın bütün dövlətləri, xüsusilə qonşu dövlətlərlə yaxşı münasibət qurmalısan".

E.Həsənli qeyd edib ki, Azərbaycanın  həm Türkiyə, həm də Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlıq əlaqələri var:

"Bu münasibətlər bundan sonra da davam edəcək".

Mərkəz sədri vurğulayıb ki, Azərbaycan sülhsevər dövlətdir:

"Bunu dövlət səviyyəsində aparılan siyasət də göstərir. Dövlətimizin atdığı addımlar yalnız dünyada sülh və əmin-amanlığın bərpa olunmasına hesablanıb. Rəsmi Bakı Ermənistanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara sadiqlik nümayiş etdirir.
 
Bu mənada, biz istəyirik ki, Türkiyə ilə Rusiya arasında münasibətlər normal məcrada getsin. Hesab edirəm ki, iki ölkə arasında münasibətlər öz qaydasına düşəcək. Çünki Rusiya ilə Türkiyənin geniş əməkdaşlıq əlaqələri var. İki ölkə arasında hər il mal dövriyyəsi artır. Bu da heç şübhəsiz, ölkələrin iqtisadi inkişafına müsbət təsir edir. 

Ona görə də, bu xoşagəlməz hadisə bir müddətdən sonra unudulacaq və iki ölkə arasında münasibətlər normallaşacaq".

Hərbi ekspert bildirib ki, dünyanın bir çox gücləri Türkiyə ilə Rusiya arasında qarşıdurma yaranmasında maraqlıdır: "Ümumiyyətlə yaxın  regionlarda münasibətlər gərginləşməkdə davam edir. Ona görə də, regiona ölkələri sülh və əməkdaşlığa xüsusi önəm verməli, bu problemlərin aradan qaldırılması istiqamətində birgə addımlar atmalıdırlar".

Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyinin dəyişməz olduğunu vurğulayan E.Həsənli qeyd edib ki, rəsmi Bakı torpaqlarını erməni işğalından azad etmək istiqamətində əzmlə fəaliyyət göstərir:

"Bu, məqsədlə Azərbaycan siyasi, iqtisadi vasitələrdən istifadə edir və yeri gəlsə, hərbi yola da əl atacaq".

Hərbi ekspert hesab edir ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsinin Dağlıq Qarabağ probleminin həllinə heç bir aidiyyatı yoxdur:
 
"Azərbaycanın həm Türkiyə, həm Rusiya ilə münasibətləri normaldır. Ermənistan güclü dövlət deyil ki, bu cür məsələlərdən bəhrələnsin. Ermənistan Rusiya və Qərbin əlində maşadır. Xarici qüvvələr Ermənistan həmişə alət kimi istifadə ediblər. Azərbaycan dövlətinin apardığı məqsədyonlü siyasət digər məsələlər də özünü müsbət tərəfdən göstərir. Dövlətimizin uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi də öz həllini tapacaq".

Birlik sədri əlavə edib ki, Türkiyə ilə Azərbaycan beynəlxalq aləmdə istənilən məsələdə bir-birini dəstəkləyir:
"Heç bir halda, Qərb-Rusiya qarşıdurmasında Türkiyə ilə Azərbaycan iştirak etməyəcək".

Ceyhun ABASOV

 





27.11.2015    çap et  çap et