525.Az

Yalanın ömrü qısa olur və ya yalanin rəsmiləşdirilməsi


 

Yalanın ömrü qısa olur <b style="color:red">və ya yalanin rəsmiləşdirilməsi</b>

Bütün yalanların üstü gec-tez açılır, həqiqətlər üzə çıxır. Uzun illər ərzində gizli saxlanılanlar bir gün mütləq tamaşaçılara bəlli olur. Amma həqiqətin aşkarlanması onlar üçün kifayət qədər ciddi fəsadlar yarada bilər.

Bu gün səhnə arxasında səsləndirilən fonoqramla oxumaq artıq həddən artıq çətinləşib. Vaxtilə rus çarı I Pyotr məmurlardan tələb edirdi ki, onlar qabaqcadan yazmadan çıxış etsinlər ki, hər kəsin ayıb və qabiliyyəti yerindəcə üzə çıxsın. İndi Avropa da bütün işləri yazmadan görür ki, sonradan nəyəsə cavab verməkdə çətinlik çəkməsin. Bu isə yalanın rəsmiləşdirilməsi anlamına gətirib çıxarır.

Söhbət, heç şübhəsiz ki, bəşəriyyətdən gedir. Ətrafda baş verənlərin onlar üçün də təsirsiz ötüşmədiyinə baxmayaraq, digər canlılar, şükürlər olsun ki, insanların qəzəbinə düçar olmadıqda ilahi instinkt hesabına birtəhər başlarını saxlayırlar. Son 5-6 ildə (dünyada baş verənlərdən az da olsa xəbərdar olanlar hansı olayları nəzərdə tutduğumu yəqin ki, başa düşəcəklər) yaşanan hadisələr müasir həyatın nə qədər amansız, qəddar bir mərhələyə qədəm qoyduğunu yaxşı anlayır və yaşananların canlı şahidi olurlar. Bu rəzillik mərhələsinin tezliklə başa çatacağını, hər şeyin nisbətən normal vəziyyətə dönəcəyini, insanların özlərini insan kimi aparacaqlarını deməyə əsas verəcək meyarlar görmürəm. Amma bu, çox bədbin proqnozdur. Hər halda işlərin müsbət tərəfə yönələcəyinə inanmağımız əslində daha münasib olar. "Niyyətin hara mənzilin ora" atalar sözünə inanıb imkan daxilində nikbinliyi qoruyub saxlamağa böyük ehtiyac var.

"Burda mənəm, Bağdadda kor xəlifə" deyib nəyin bahasına olursa-olsun, bütün dünya ölkələrini və xalqlarını idarə edəcək yeganə diktatora çevrilmək istəyənlərin sayı indi xeyli artıb.

Siyasi samballı dünya liderlərinin bəziləri də belələrinin ağzına və əlinə baxmaq məcburiyyətində qalıblar.

Məsələn, bu yaxınlarda dünyaya ağalıq etmək iddiasında olanlardan biri Birləşmiş Millətlər Təşkilatının yaranmasının 70 illiyinə həsr olunmuş beynəlxalq forumda çıxış üçün ayrılmış limitdən xeyli kənara çıxaraq iştirakçıları az anlaşılan tərzdə dediklərini dinləməyə vadar etdi. ABŞ prezidentinin çıxışının məzmun yükü az olduğundan BMT-nin 192 ölkə rəhbərindən heç biri nəyisə inkar etməyi lazım bilmədi. Bəs görəsən, hər kəsə bu və ya digər vəziyyət zamanı özünü necə aparmalı, danışmalı və nə etməli olduğunu öyrətmək iddiası, dünyanın tək sahibinə çevrilmək xəyalları ortaya qoyarkən o, görəsən, nəyə güvənib, nəyə bel bağlayıb? 

Gəlin, açıq və eyhamsız danışaq: Rusiya, Hindistan, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri və bəzi dövlətlər istisna olmaqla digərləri istəmədən də olsa, "Aləhəzrət" cənablarının iradəsini qəbul etmək məcburiyyətində qaldıqlarını qətiyyən gizlətmirdilər. O isə həmişə olduğu kimi bu dəfə də bütün beynəlxalq normaları kobud şəkildə pozaraq "qəbahət" işləyənləri bütün mümkün üsullarla - iqtisadi sanksiyalar, siyasi təcridetmə və hətta Avropa rəhbərlərinin intim münasibətlərini, şəxsi danışıqlarını aləmə car çəkmək kimi ağır ittihamlarla şantaj etməkdən çəkinməyəcəyini bildirməklə öz məkrli siyasətinə davam edir. Avropadakı intim münasibətlərin hazırda necə qarışıq olduğunu yaxşı bilirsiniz, odur ki, təfərrüata varmağa lüzum görmürəm...

Hal-hazırda hakimiyyət və kapital uğrunda mübarizədə mənəvi-etik dəyərlərin siyasi oyunlara qurban verilməsinin, Avropa cəmiyyətində  mənəvi-əxlaqi normaların çətinliklərlə üzləşməsinin, öz mövqeyini itirməsinin və əks fikirlilərə təslim olmasının şahidiyik. Bu, bir həqiqətdir ki, siyasət mənəvi-əxlaqi dəyərlər müstəvisindən kənarda formalaşdıqda isə cəmiyyət həqiqətən fiziki və ruhi xəstəliyə düçar olur. Beləliklə, cəmiyyətin dərin qatlarında inkubasiya dövrünü yaşayıb birdən-birə üzə çıxan və müasir qərb cəmiyyətini silkələyən  intihar, eynicinsli evlilik və terror  kimi xəstəlikləri Avropa siyasətçiləri özləri dövriyyəyə gətirir, bu kimi halların mövcudluğundan müəyyən siyasi ambisiyalara nail olmaq üçün sui-istifadə edirlər. Belə görünür ki, başları  digər ölkələrə "demokratiya və azadlıq", "dözümlülük və tolerantlıq" dərsi keçməyə qarışmış Avropa öz cəmiyyətinin "diaqnostikası"na və "profilaktikası"na diqqət ayırmağı unudub. Bunun acı nəticələrini elə indidən görürük.

Zənnimcə, kapital, çirkli pulların yuyulması, beynəlxalq cinayətkar qruplarda və onların fəaliyyətində iştirak etməklə bağlı daha tutarlı səbəblər mövcuddur. Ümumiyyətlə, Rusiya və onun müttəfiqləri tərəfindən təhlükə ilə bağlı mif avropalıların bu gün Amerikanın uzun illərdir yaratdığı bataqlıqda çabalamasında o qədər də az rol oynamayıb. Rusiya Federasiyası, Çin və onların müttəfiqləri xeyli vaxtdır ki, okeanın o tayındakı siyasi oyunçulara dünyada qəbul olunmuş qanunlara, qaydalara əməl etməyi təklif etsələr də, bunun təsiri hiss olunmur. Elə təəssürat yaranır ki, guya ABŞ "Əl-qaidə", "Müsəlman qardaşları", "İraq və Şam İslam dövləti" (bir sözlə, qondarma İslam dövlətini) yaratmağa, Yaxın Şərqi qan çanağına döndərməyə və yetişdirdiyi quldur döyüşçülər vasitəsilə darmadağın etməyə müvəffəq olubsa, deməli, istədiyi hər yerdə buna bənzər mənzərə yaratmağa qabildir.
 
Burada dünya müharibələrinin və Avropadakı savaşların tarixi barədə geniş bilik əldə etmək kimsəyə mane olmazdı. Amma okeanın o tayındakı qəhrəman tarixdən nəticə çıxarmaq qabiliyyətinə malik olmadığını göstərdi və tutduğu yanlış mövqedən çəkinmədi. Dünya siyasətinin Kissincer, Bzejinski, Olbrayt kimi nəhəngləri, Avropa və ABŞ-ın bəzi filosofları ona "Dayan, uçurumun kənarındasan, başqa yol axtar!" desələr də, bunun təsiri olduqca azdır.  Həqiqəti dərk etmək üçün Rusiyanın İŞİD-i necə bombardman etdiyini, Rusiya silahlı qüvvələrinin həyata keçirdiyi əməliyyatların hərbi cəhətdən necə mükəmməl  olduğunu gördükdən sonra, necə deyərlər, beynəlxalq aləmdə sular bir az durulub. Bax burda adamın könlündən Avropa "başbilən"lərinə "Aldın payını, çağır dayını" demək keçir. Onlar gec də olsa, başları daşdan-daşa dəyəndən sonra düzgün seçim etmədiklərini dərk etdilər. Suriya olaylarının sülhə doğru istiqamətlənməsində müsbət təsiri olmayan NATO Avropanın müdafiəsinə qalxana kimi, çox güman ki, artıq müdafiə etməyə heç nə qalmayacaq. Həm daxildən, həm də xaricdən sökülüb-dağılan Avropa Birliyi tarixin arxivində yer alacaq.

Göründüyü kimi, Rusiyanın müttəfiqləri olan Çin və BRİKS dövlətlərinin iştirakı olmadan uğurlu hərbi əməliyyat aparması çoxlarının kürkünə bit salıb. Xristian mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vuran Avropa indi yavaş-yavaş qəflət yuxusundan ayılmaqdadır.  Yaxın Şərqdən, Şimali Afrikadan hiyləgərliklə Avropaya köçürülənlər artıq Avropanı vəlvələyə salıb. Angela Merkeli irəli verən okeanın o tayındakı afroamerikalının öz müsəlman müttəfiqlərinin, dollar, var-dövlət sahiblərinin, daha çox varlanmaq arzusunda olanların bu "tədbirlərdə" də barmaqlarının olduğu artıq hamıya bəllidir. Bax beləcə, millətçi faşistlərin, Yaxın Şərqdəki başkəsən quldurların, Ukraynada faşistlik edən qrupların apardıqları savaşın bəzi detalları aşkara çıxır. Yaxın Şərqdə baş verənlərin ABŞ-ın yeni "şah əsəri" olması artıq heç kəs üçün sirr deyil. Burada iki əsas məqsəd var. Avropanı içərisində istənilən qədər quldurun olduğu qaçqınlara təslim etməklə zəiflətmək və milyardlar qazanmaq.  Yaxın Şərq və Şimali Afrikada hərc-mərclik yaratmaq, qaçqın və köçkünlərdən ibarət quldur döyüşçüləri müxtəlif yollarla Avropaya və oradan Avropa millətçiləri ilə Ukrayna vasitəsilə Rusiya ərazisinə ötürmək. Amma bütün bunlara baxmayaraq, hadisələr onu göstərir ki, bu gün vaxt Rusiyanın xeyrinə işləyir.

Qısa müddət ərzində İŞİD-ə endirilən zərbələr Rusiyanın hərbi gücünə görə süquta uğramış SSRİ-dən də, "intibah" dövrünü yaşayan Qərbdən də irəlidə olduğunu sübuta yetirdi. Qəbul etdiyi "soyuq duş"dan sonra Avropa sanki oyuna fasilə verərək, "taym-aut" götürüb. 

Yaşadığı şokdan sonra əsəblərini sakitləşdirmək və son 25 ildə dəfələrlə səhv qərar qəbul etmiş Avropaya həqiqətən vaxt lazımdır. Amma "çi fayda"? Artıq iş-işdən keçib. Avropa bu gün qaçqın - quldurlarla dolub və onları avropasayağı idarə etmək mümkünsüzdür. Sosial partlayış, vətəndaş müharibəsinin başlamasına çox qalmayıb. Dünyaya demokratiya bəxş etmiş, yetəri qədər intellektə, dərrakəyə və məntiqə sahib Qərbi Avropa uçurumun kənarında dayandığını, bircə təkanla uçurumun dibinə yuvarlanacağını çox gözəl başa düşür. ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, qismən də Türkiyədəki, eləcə də öz evindəki quldurları məhv etmək üçün o, çox güc sərf etməli olacaq. Amma Avropanın hal-hazırda belə gücü yoxdur. Nə ilə qarşı-qarşıya qaldıqlarını dərk edən həssas, kövrək və əsəbi olan qərbi avropalılar təşviş içindədilər.
 
Avropanın ürəyi sayılan Fransada törədilən terror aktı bu qitəni sözün həqiqi mənasında silkələdi. Terror ciddi çətinliklə üzləşmiş Avropanı  insan haqları kimi müqəddəs ideal ətrafında yenidən birləşməyə səslədi (Amma bu ideal artıq mifə çevrilib və avropanı xeyli vaxtdır ki, tərk edib).

Terror qurbanlarının xatirəsinə ehtiram və terrora nifrət  fransızlarla yanaşı bütün Avropa ölkələrinin də vətəndaşlarını küçələrə çıxardı. Artıq terror hədələri alan digər ölkələr də təhlükəsizlik tədbirlərini gücləndirir. Belçika təhsil ocaqlarının, metroların fəaliyyətini müvəqqəti dayandırıb.

Krallıq hətta kütləvi tədbirləri də təxirə salıb. NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüsseldə də eyni vəziyyət yaşanmaqdadır. Avropa indi tək olduğunu, arxasında kimsənin dayanmadığını və bu amansız mübarizədə əhalisinin təhlükəsizliyini, torpaqlarının bütövlüyünü təkbaşına yalnız öz gücü hesabına qorumalı olacağını anlamağa başlayıb. Türkiyə-Rusiya olayları Avropanın vəziyyətini bir qədər də ağırlaşdırdı. Sahibsiz qalanların sayı getdikcə artmaqdadır. Avropanın bu çətin sınaqdan necə çıxacağını isə zaman göstərəcək.

 





27.11.2015    çap et  çap et