525.Az

Dövlət qayğısı, yurd yanğısı


 

ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİ NƏTİCƏSİNDƏ BİR MİLYON NƏFƏRDƏN ÇOX AZƏRBAYCAN VƏTƏNDAŞININ FUNDAMENTAL HAQLARI POZULUB

Dövlət qayğısı, yurd yanğısı<b style="color:red"></b>

Zəngin sərvətlərə sahib olan Azərbaycan, həm də geostrateji mövqeyinə görə həmişə xarici güclərin diqqət mərkəzində olub.

Regionda maraqları olan qüvvələr keçən əsrin əvvəllərindən etibarən bölgədə etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla köçürməyə başlayıb. Boşaldılan Azərbaycan torpaqları İran, Suriya və Türkiyə ərazilərindən köçürülən ermənilərin hesabına doldurulurdu. Yaranmış fürsətdən istifadə edən təcavüzkar ermənilər daha çox torpaq əldə etməyə çalışırdılar. Xain qonşularımızın bu cəhdləri 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə özünü göstərib. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Qaçqınların hüquqi statusu beynəlxalq və milli hüquq normaları ilə tənzimlənir ki, bu da insan hüquqlarına hörmət, eləcə də bu hüquqların müdafiəsinin dövlətlərin ali məqsədi olması ilə bağlıdır. Qaçqınlara beynəlxalq himayənin təmin olunması ilə bağlı iki əsas beynəlxalq hüquqi akt mövcuddur ki, bunlardan biri 1951-ci il tarixli "Qaçqınların statusu haqqında" Cenevrə Konvensiyası,  digəri isə 1967-ci il tarixli "Qaçqınların statusuna dair" Nyu-York Protokoludur. Bu sənədlərdə qaçqınlarla rəftarın minimum zəruri normaları, onların əsas hüquqları və hüquqi statusları müəyyən edilib. İnsanların belə vəhşicəsinə öz torpaqlarından çıxarılması insan hüquqlarının pozulmasının bariz nümunəsidir.  Belə ki, məhz insan hüquqlarının pozulması nəticəsində insanlar öz doğma yurdlarını kütləvi şəkildə tərk etməyə məcbur olur və həmin pozuntulara son qoyulmayana qədər öz yurdlarına könüllü şəkildə qayıda bilmir.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) ərazisi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşıblar. İlkin vaxtlarda məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalan binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşıblar.

İşğalçı rejimin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 17 min kv.km sahəsi və ya torpaqlarımızın iyirmi faizi, Dağlıq Qarabağdan 60 min nəfər, digər ətraf rayonlardan isə 600 mindən çox azərbaycanlı öz yurdlarından çıxarılaraq məcburi köçkünə çevriliblər. Bununla da Azərbaycan Respublikası bir milyondan çox insanı əhatə edən qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşib.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 4499 nəfər əsirlikdə qalıb, girov götürülüb və ya itkin düşüblər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının milyonu keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə (A/RES/48/114) qəbul edib.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrdə münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunan  ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə yanaşı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması məsələsi də öz əksini tapıb.

BMT Baş Assmbleyasının 62-ci sessiyası çərçivəsində 2008-ci ildə gündəliyin "Azərbaycanın işğal olunan  ərazilərində vəziyyət" adlı bəndi üzrə qəbul edilib qətnamədə işğal olunan ərazilərdən köçkün düşmüş insanların öz evlərinə qayıtmaq hüququ bir daha təsdiq olunub.

Azərbaycan vətəndaşlarına vurulan mənəvi-psixoloji zərbə ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində respublika iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox həcmdə ziyan dəyib.

Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, onların hüquqlarının qorunması ilə bağlı sistemli şəkildə iş aparılmağa başlanılmış, məhz onun diplomatiyası sayəsində münaqişənin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırılıb. Ermənistanın təcavüzkarlıq siyasəti ifşa edilib və Ermənistan beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınıb.

1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", 1999-cu ildə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib, 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı təsdiq edilib.

Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq olunub, 2007-ci və 2011-ci illərdə isə proqrama əlavələr edilib ki, bunlar da qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsində, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Dövlət başçısının yeni sərəncamının daha bir önəmli xüsusiyyəti mənzil hüququ pozulan yüzlərlə insanın hüququnun təmin edilməsi ilə bağlıdır. Faktdır ki, bəzi məcburi köçkün ailələri öz doğma yurd-yuvalarını tərk etdikdən sonra elə məcburiyyət qarşısında başqa insanlara məxsus mənzillərdə məskunlaşdılar. Bu da həmin insanların mənzil hüquqlarının pozulması ilə nəticələndi.

Beləliklə  2001-2013-cü illər ərzində 82 qəsəbə salınıb, 40 min ailə, 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, ölkə Prezidenti tərəfindən 95 Fərman və Sərəncam imzalanıb, Nazirlər Kabineti 357 qərar və sərəncam, Milli Məclis isə 33 qanun qəbul edib. Lakin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün hüquqi baza yaratsa da, Ermənistan bunların heç birinə əməl etmir, atəşkəs rejimini pozaraq mütəmadi olaraq sərhədyanı bölgələrimizi atəşə tutur. Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq milliyyətcə erməni olan mülki əhali kənardan gətirilərək bu ərazilərə zorla yerləşdirilir. Ermənistan BMT Nizamnaməsinin, "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə", Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası, Nyu-York Protokolu və ümumiyyətlə, bütün beynəlxalq qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi-mədəni, dini abidələrinin dağıdılması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyası, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bunun qarşısının alınmasında qəti mövqe göstərmir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməli olduğu halda əksinə, dünyanın aparıcı dövlətlərinin ikili standartlar yeritdiyi və Azərbaycanın haqq işinə biganə qaldıqları səbəbindən Ermənistan dünyada analoqu olmayan monoetnik dövlətə çevrilib.

Dövlətimiz qaçqın və məcburi köçkünlərin öz torpaqlarına  qayıtması naminə əlindən gələni edir. İnanırıq ki, prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində torpaqlarımız qayıdacaq, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər.

Vəfa MƏMMƏDLİ
Yazı Ombudsmanın 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar-hamı üçün!" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 





27.11.2015    çap et  çap et