525.Az

Dini Komitə Yevlaxda maarifləndirici tədbir keçirib


 

Dini Komitə Yevlaxda maarifləndirici tədbir keçirib<b style="color:red"></b> Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yevlax şəhər Xaldan kənd "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikalizmin təsirlərindən qorunması” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.
 
Komitədən 525.az-a verilən məlumata görə, Xaldan kənd ərazisində təşkil olunmuş tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, dini icmanın sədri Vaqif Xəlilov, Yevlax şəhər “Cümə” məscidinin imamı Nəsib Xəlilov, dindarlar, dini icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Yevlax bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Natiq Əfəndiyev bu gün dünyada İslam dinini radikalizmə sürükləmək və terrorla əlaqələndirmək meyillərinin artmasından bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gənc nəsli dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.

Tədbirdə çıxış edən Yevlax şəhər Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov  isə layihə çərçivəsində bu günə kimi həyata keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov “Dindarların radikalizmin təsirlərindən qorunmasında din xadimlərinin rolu” mövzusunda geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra çıxış edən natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

Cavid QƏDİR
 





27.11.2015    çap et  çap et