525.Az

Rusiya - Türkiyə münasibətlərinin “isterikası”


 

Rusiya - Türkiyə münasibətlərinin “isterikası”<b style="color:red"></b>

Rus təyyarəsinin Türkiyə sərhədləri daxilində partladılması faktı regionun ictimai-siyasi mənzərəsini tarıma çəkib. Rusiya – Türkiyə qalmaqalı region dövlətlərini narahat etməklə yanaşı emossiyaları qızışdırıb.

Rusiyanın Türkiyəyə qarşı hədə-qorxu gəlməsi isə öz növbəsində ictimai mənzərənin xaotik formasını ortaya qoyub. Geopolitik mənzərənin hadisədən sonra daha da dərinləşəcəyini düşünən bir çox ekspertlər bu mənada “alova su səpmək” niyyətini ortaya qoymağa çalışsalar da, əks effek “yanğının” əhatəsini daha da genişləndirib.

Nə baş verdi?

Türkiyə hərbi hava qüvvələri tərəfindən rus təyyarəsinin vurulması regionda “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir”, fikirləri və Milli Məclisin deputatı Aqil Abbasın onu dəstəkləməsi və daha sonra tanınmış teleaparıcı, hazırda Türkiyədə müşavir vəzifəsində çalışan Sevil Nuriyevanın bu məsələyə sərt reaksiya verməsi ilə sanki “yeni bir bomba partlayışı” effektini yaratdı.
Qeyd edək ki, R.Məcid Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması olayına münasibət bildirərkən, “Türkiyə Rusiyadan üzrxahlıq etməlidir” - deyə qeyd edib.

Millət vəkili Aqil Abbas isə Rəşad Məcidin fikirləri ilə razılaşdığını dilə gətirərək, “Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir” deyib. Aparıçı Sevil Nuriyeva isə Milli Məclisin deputatı Aqil Abbas və Rəşad Məcidin ünvanına “siz bir heçsiniz” deyə aşağılayıcı ifadələr işlədib.

“Mən anladım...Türkiyə Rusiyadan üzr istəməlidir deyənlər kimin şaykasıdır..."

Sevil Nuriyeva Rəşad Məcidin “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikrinə özünün Facebook səhifəsində münasibət bildirərək yazır:

“Rəşad Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir” bəyanatını şiddətlə qınayıram. Sadəcə qınamıram, dostluğumu pozuram. Salamımı kəsirəm... Ümumiyyətlə, Türkiyə məsələsinə Rusiya, İsrail, İran, Əsəd, Gülən perspektivindən baxan hər kəsi... Susub zamanı gözləyənləri, baxım görüm nə olacaq, sonra danışaram deyənləri adam saymıram... Açığı, düşündüm ki, düşmənim belə hesab etmirəm - bir heçsiniz.”

S.Nuriyeva R.Məcidə dəstək olan millət vəkili Aqil Abbasa da “təşəkkür”ünü bildirib:

“Mən anladım...Türkiyə Rusiyadan üzr istəməlidir deyənlər kimin şaykasıdır. Rəşad Məcidə dəstəyə qalxan millət vəkili sağ olsun, şaykanı çözməmə yardım etdi...”

“İctimai nüfuzu olan və müəyyən məsələlərdə ekspert kimi fikirlərini bildirən fərdlər mütləq ideologi mühiti nəzərə almalıdırlar"

Psixoloq Ramil Nəcəfli hesab edir ki, belə məqamlarda hadisələrə son dərəcə diqqətli yanaşılmalı və problemlə bağlı ictimai fikrin nə dərəcədə “kütlə psixologiyası kürəsinin” təsirində olması nəzərə alınmalıdır.

Yəni bir çox məqamlarda məsələlərə daha diplomatik yanaşmaqla yaranmış gərginliyi aradan qaldırmaq olar.
“Hətta xoş niyyətlə olsa da düzgün vaxtda seçilməyən kimisə qınama, yaxud kiməsə məsləhət, təklif vermə kimi elementlər əks effekti verə bilər. Əgər hər hansı problemin üzərinə hadisəyə “kütlə psixologiyası”nın üstünlük təşkil etdiyi gərgin situasiyada gedilirsə burda xoş niyyətli məqsəd də düzgün qəbul olunmur. Belə hallarda hər hansı bir “axının” qarşısında dayanıb məsələləri ağıllı, yaxud məntiqi düşüncə tələb edən fikirlərlə həll etmək mümkün olmur. Ona görə də, ictimai nüfuzu olan və müəyyən məsələlərdə ekspert kimi fikirlərini bildirən fərdlər mütləq vəziyyətin yaratdığı mühiti nəzərə almalıdırlar. Bu mənada hesab edirəm ki, jurnalist-yazıçı Rəşad Məcidin Türkiyənin Rusiyadan üzr istəməyə səsləyən fikirləri sanki onun “selin qarşısına daş atmasına” bənzəyir və düşünürəm ki, verilən reaksiyalar da vəziyyətə adekvatdır. Eləcə də bu hal Sevil xanım Nuriyevanın verdiyi sərt reaksiyada da özünü göstərir”.

“Bəlkə kimsə gərginliyin Türkiyənin faydasına olmayacağını düşünərək bəlkə bu cür açıqlama verib?”

Millət vəkili Fazil Mustafa R.Məcidin "Türkiyə Rusiyadan üzr istəməlidir" ifadəsini məntiqsiz və yanlış yanaşma hesab edir. Onun sözlərinə görə, dəfələrlə sərhədləri pozulan bir dövlətin başqa cür davranması çox çətindir.

“Rusiya Türkiyənin sərhəddində mübharibəyə başlayıb və əslində aylardır Türkiyəyə gövdə göstərir.

Enində-sonunda bu qarşıdurma hansısa sərt dalana dirənəcəkdi... Bununla belə dərhal tolerant cəmiyyət olmadığımızı büruzə veririk”.

O, eyni zamanda bildirib ki, hədsiz dozalı vətənpərvərlik görəndə səmimiyyəti adamda şübhə doğurur:

“Fikirlərdəki niyyətlərə baxmaq daha doğru olardı. Bəlkə kimsə gərginliyin Türkiyənin faydasına olmayacağını düşünərək bəlkə bu cür açıqlama verib? Bu insanlara dərhal “Rusiyanın adamı” damğasını vurmağı doğru hesab etmirəm.

“Bu artıq onun psixologiyasındakı problemlərlə bağlıdır”

Rəşad Məcid İnform.az -a bildirib ki, o, “Türkiyə üzr istəməlidir” sözünü işlətməyib:

“Mən demişəm ki, Türkiyə “üzrxahlıq etməlidir”. Üzürxaqlıqla, üzr ustəmək isə başqa-başqa mənaları daşıyır.
Üzrxahlıq odur ki, bir hadisə olanda qarşı tərəf buna təəssüf edir, buna üzüldüyünü bildirir. Mən üzrxaqlığın edilməsini ona görə lazım hesab etmişəm ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsini istəmirəm. Çünki bu, bütün region, o cümlədən də Azərbaycan üçün təhlükədir və münasibətlərin gərginləşməsindən ən çox sevinən də ermənilərdir. Əgər bizim dırnaqarası vətənpərvərlər də sevinirlərsə deməli ermənilərə qoşulublar. Hesab edirəm ki, regionda Qarabağ məsələsinin və digər problemlərin həlli Rusiya –Türkiyə əməkdaşlığından keçir. Artıq neçə illərdir ki, nə Amerikanın, nə də Avropanın regiondakı fəaliyyətlərinin heç bir nəticəsi olmayıb. Mən fikirlərimi məhz bu aspertdə demişəm”.

R.Məcid dediyi fikirlərdə yanılmadığını artıq son vaxtlar Türkiyə tərəfindən üzrxaqlıq əlamətlərinin görünməsi ilə də ifadə etdi. O, Türkiyə rəsmiləri tərəfindən səslənən “biz bilməmişik bu Rusiya təyyarəsidir” fikrini, M.Çavuşoğlunun başsağlığı verməsini, Ə.Davudoğlunun “Rusiya bizim dostumuzdur” deməsini qeyd edərək, diqqəti əslində bunların üzrxaqlıq niyyətləri kimi ortaya qoyulmasına çəkdi.

“Mənim də istədiyim odur ki, Rusiya-Türkiyə münasibətləri pozulmasın. Amma bəzi dərnaqarası vətənpərvərlər ağızlarına gələni danışırlar. Mən buna nə deyəcəm?

Sevil Nuriyevaya gəldikdə isə, onun türkçülüyünə inanıram. Amma görünür nəyəsə görə çox “isterik” vəziyyətdədir. O məni tanıyır, bilir, düşüncələrimə bələddir. Fikirlərimin mahiyyətinə varmamış oz cür reaksiya verib. Bu artıq onun psixologiyasındakı problemlərlə bağlıdır”.

R.Məcid ağır situasiyalarda belə fikirlərin deyilməsinin cəsarət tələb etdiyini qeyd etdi. Onun sözlərinə görə, bir çoxları özlərində cəsarət tapıb bunu deyə bilmirlər.

“Mən özümdən çox xalqı, regionun problemlərini düşünürəm. Çünki tarixdə ilk dəfə idi ki, Rusiya ilə Türkiyə arasında normal münasibətlər formalaşırdı. Biz də prosesləri izləyirik. Mən tam əminəm ki, Rusiya-Türkiyə münasibətləri həll olunduğu halda regionda digər problemlər də həll olunacaq. Bu gün Amerikanın, Avropanın Yaxın Şərqdəki siyasəti ölkələri viran qoyub.

Buna görə də fikirləşirəm ki, kimlərsə kənardan Türkiyə-Rusiya münasibətlərinə zərər vurmaq istəyir və bu məqsədlərinə də çatıblar. Hazırda Rusiyada “isterik hava”dan, Türkiyədəki vəziyyətdən istifadə edənlər var. Azərbaycanda isə aşırı millətçilər bu axına qoşulub ermənilər kimi sevinirlər. Çoxları bu vəziyyəti Ermənistan və Azərbaycanla müqayisə edirlər. Axı, Rusiya Türkiyə ilə müharibə eləmir. Sabah Rusiya Türkiyə ilə müharibə eləsə mən bir vətəndaş kimi Türkiyənin tərəfində olacam. Türkəm Türkiyəni də Rusiyadan yüz dəfə artıq sevirəm. Amma söhbət reallıqdan gedir”.

R.Məcid Türkiyə sərhəddini dörd dəfə pozan Rusiya təyyarəsinin vurulmasının əslində haqlı və real nəticə olması ilə bağlə səslənən siyasi-ictimai fikirlərə də toxundu.

O, bütün hallarda hesab edir ki, təyyarəni vurmamaq olardı və vurulubsa onu üzrxaqlıq, hansısa diploatik yolla həll eləmək olar. Çünki gərginliyin davam etməsi prosesləri daha da pis vəziyyətə apara bilər.

İnform.az

 





27.11.2015    çap et  çap et