525.Az

Tofiq Hacıyev dəfn olundu


 

Tofiq Hacıyev dəfn olundu<b style="color:red"></b>

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, vida mərasimində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, AMEA rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mərhumun ailə üzvləri, həmkarları və digər şəxslər iştirak edib.
 
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxışında Tofiq Hacıyevin həyat və yaradıcılığı haqda çıxış edib. O bildirib ki, Azərbaycan elminə, Azərbaycan dilçiliyinə ağır itki üz verib. Akademik qeyd edib ki, Tofiq Hacıyev Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib.
 
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, Tofiq Hacıyev Azərbaycan dilçiliyinin, eyni zamanda ədəbiyyatının yorulmaz tədqiqatçısı olub: “Qəfil ölüm onu bizim əlimizdən aldı. Tofiq müəllim Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü idi. Elmimizdə müstəsna xidmətləri olan insan idi. Müəllim sözü ona çox yaraşırdı. Tofiq Hacıyevlə dəfələrlə səfərlərdə olmuşuq. O, çox ünsiyyətə açıq insan idi. O, həyat aşiqi idi. Bu yaşda belə həyata çox bağlı idi”.
 
Akademik Vasim Məmmədəliyev deyib ki, Tofiq Hacıyev şərəfli ömür yolu yaşayıb: “O, 80 illik yubileyə hazırlaşırdı. Tofiq müəllim xalqımıza, elmimizə lazım idi. Tofiq Hacıyev dil tariximizi layiqli şəkildə tədqiq edib. Azərbaycan dilinin bütün inkişaf mərhələlərinə peşəkar dilçi kimi yanaşıb. Ömrü boyu işlək adam idi, bekar dayanmağı sevməzdi. Dədə Qorqud dili, Nəsimi dili, Xətai dili, Füzuli dili haqda sanballı işlər görüb. Həddindən artıq humanist insan idi. Onun gənclərə necə qayğı göstərməsinin dəfələrlə şahidi olmuşam. Gənclərin çap, müdafiə məsələlərinə kömək edib”.
 
AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov bildirib ki, Tofiq Hacıyev ömrüboyu xalqı üçün çalışıb: “Tofiq müəllim xalqını bəlkə də ailəsindən çox sevirdi. Tofiq müəllimi türk dünyasında türkoloqlar xocaların xocası adlandırırdılar. Bu ad bircə ona şamil edilirdi. O, apardığı tədqiqatlarla bu adı qazanmışdı. Tofiq müəllim milli şüura yön verən, bəzən də onu formalaşdıran insan idi. Tofiq müəllim dövlətini, onun müstəqilliyini sevən insan idi. Cənab prezident İlham Əliyevin işğal olunmuş torpaqlarımızla bağlı çıxışlarını günlərlə müzakirə edirdi. Onun hər kitabı elə bilirəm ki, bir məktəbdir. Həmin kitablar onun səviyyəsini, xarakterini gələcək nəsillərə çatdıracaq”.
 

Türkiyənin Bilkənt Universitetinin Bölgə Ölkələri Kurs Proqramları direktoru Rasim Özürək qeyd edib ki, Bilkənt Universiteti Tofiq Hacıyevi heç vaxt unutmayacaq: “Biz Tofiq Hacıyevin yolundan dönməyəcək, onun əsərlərin sonsuza qədər yaşadacağıq. Türk dünyasının böyük oğlu, xocaların xocası, bəylərin bəyi Tofiq Hacıyev dünyada Azərbaycanın qürur yeri olub. Ruhun şad, məkanın cənnət olsun, ustad!”
 
Tofiq Hacıyevin oğlu Azər Hacıyev də atası haqda çıxış edərək, vida mərasimində iştirak edən insanlara öz təşəkkürünü bildirib.

Mərhum akademik II Fəxri Xiyabanda dəfn olunub.
 
Qeyd edək ki, akademik Tofiq Hacıyev dünən 79 yaşında vəfat edib.
 
Qeyd edək ki, Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya daxil olub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.
 
1962-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən Türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.

1993-cü ildə Azərbaycan Respublikasının Maarif naziri vəzifəsində işləyib. 1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilib, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» ilə təltif olunub. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindən biridir.
 
Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.

"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin həmmüəllifi olub. “Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifi, «Üzeyir Hacıbəyov ensiklopediyası» və AMEA-nın altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin müəlliflərindəndir.
 
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib.

 





28.11.2015    çap et  çap et