525.Az

Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin” jurnalında


 

Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin” jurnalında<b style="color:red"></b>

- Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi... Həyə inanmırsan, gəl, elə bu saat gedək öz gözlərinlə də gör ki, mən yalan demirəm. Niyə mənə nə olub, sinnimin bu vaxtında yalan deyim? Xeyr. Və bir də ki, yalan niyə deyirəm? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? Allaha and olsun!”

“Danabaş kəndinin məktəbi” povestində Mirzə Cəlilin qüdrətli sənətkar qələmi ilə təsvir edilmiş bu epizodda “əsgərlik”, “məktəb” sözlərindən şübhələnərək oğlunu ağılagəlməyən yerdə gizlətmiş kəndli öz yalanını ən inandırıcı amillə körükləyir. Çünki belə cəmiyyətdə xəstələnmək, ölüm halətində olmaq ən inandırıcı faktdır. İyirminci əsrin əvvəllərində meydana gələn “Molla Nəsrəddin” jurnalını vərəqlədikcə ölkənin ozamankı epidemioloji durumu göz önünə bu şəkildə gəlir: Hər yan tüstüdür; məclislərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü. Millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata müntəzirdir.                          

- Kimdən?

- Hər bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan, hər bir bəni-növ bəşərə rəhmi gələnlərdən.

Jurnalın məzmunca bir romana bərabər olan karikaturalarının birində xəstənin başı üstündə dayanmış üzdəniraq həkim qatil kimi təsvir olunub. Bu mənzərəni görən Əzrail -Pərvərdigara!-mən bu məmləkətdə daha sənə qulluq etmək istəmirəm, -deyə istefa verir. Çünki belə həkimlər olan yerdə daha əzraillik iş yoxdur.

Mirzə Cəlilin doğma vətəni Naxçıvandakı mühit isə jurnalın təqdimatında daha tünd boyalarla öz əksini tapır. Şəhər başdan-başa antisanitariya vəziyyətindədir. Hər tərəf toz-torpaqlı, zığ-palçıqlıdır. Şəhərin duma rəisi balaqlarını dizə qədər çirmələmiş halda dəvə üstündə evdən vəzifə yerinə-şəhər idarəsinə gedir. Uşaqlar ölü pişiyin quyruğuna ip bağlayıb sürüyür, dərsə gedən şagirdlərin dalına düşüb onları hoydu-hoyduya götürür. Hər yerdə sahibsiz it-pişik... Yeddi ildə bir dəfə xəzinəsinin suyu dəyişdirilən hamamın suyu iy verir, necə ki, Əziz Şərif jurnalın 1906-cı il 16-cı nömrəsində Ezop üslubunda Qızdırmalını Naxçıvana dəvət edir ki, buranın hamamlarında bir neçə gün çimsin, usta Cəfəri gətirdib gündə bir dəfə qan aldırsın, əgər gələ bilməsə, hamamın suyundan üç butılka göndərərəm, bu şərt ilə ki, hər gün sübh yuxudan ayılan kimi üç-dörd stəkan nahar qarına o sudan içə. Suyun rənginin sarı olmasına baxmasın, nə eyibi var, zəfəran da sarıdı, amma ətrinə bax. Allah şahiddir ki, Naxçıvan hamamlarının suyunun ətri zəfəran ətrindən güclüdür.

Mövzu 1907-ci ilin 9-cu nömrəsində davam etdirilir. Jurnala namə göndəriblər ki, Rusiyanın baş nazirinə niyə Stolıpin deyirlər, yəni Stolıpin nə deməkdir? “Molla Nəsrəddin”jurnalının lüğətində bu söz iki mənanı göstərir. Birinci izah mövzuya aid olmadığından işimiz yox, hərçənd oxumalı şeydi, oxusanız eyninizin açılacağına yüz faiz təminat verirəm, “Stolıpin” sözünün ikinci mənası “Usta Lipin”dir, Lipin yapon dilində dəlləyə deyərlər. Belə güman eləmək lazımdır ki, dumaya yığışan sol firqələr çox çığır-bağır salsalar, Usta Lipin ülgücü çıxaracaq və vəkillərin dalına həcəmət qoyacaq ki, qanları artıqlıq eləməsin, necə ki, Naxçıvan hamamlarında dəlləklər bir uşağın başına soyuq dəyəndə o saat çıxarırlar ülgücü və deyirlər ki, uşağın qanı artıqlıq eləyib və bu sayaq gündə bir-iki uşağı nənə-babalarına qonaq göndərirlər.

Şəhərin təsvirini davam etdirək:Qabaqlarda həkimlər deyirdilər ki, şəhər natəmiz olanda orada çox azar-bezar olar. (elə indi də deyirlər) Əgər bu söz doğru olsa, bizim şəhərin kənar məhəllələrinin zir-zibilinin və murdarlığının bərəkətindən gərək şəhərdə yeddi min azar əmələ gələ idi və indiyə kimi bütün camaat ölüb qurtaraydı. Amma belə deyil. O qədər çirk və natəmizlik ki dalda küçələrdə var, Təbriz şəhərində də bir o qədər yoxdur. (amma maşallah bir peysərlərə tamaşa elə) Əgər əcəl yalan olsaydı, şəhərin küçələrində bir dənə də salamat  adam tapılmaya idi. ( “Molla Nəsrəddin”, 1922, №2) Həmin küçədə yerləşən bazarda türkəçarə dərmanlar satan qırmızısaqqal və mömin dükançı, təsbeh əlində müştəriyə deyir: “Dünən Xoydan mənə altmış put it qarası göndəriblər, hər kəs bir xörək qaşığı salıb içsə, hər dərdü-bəladan qurtarar və bundan başqa iki yüz pişik pətənəsi bu günlərdə gələcək, keçəlliyi, çibanı, qarayaranı, traxomanı o saat sağaldacaq”. Dükançı malının pula getməsi üçün müştərinin incə yerinə toxunmağı bacarır, çünki müştəri keçəldir (“Molla Nəsrəddin”jurnalı , 1907-ci il, 12 avqust, №30). Jurnalın şifahi xalq ədəbiyyatından gətirdiyi örnəklərdə Novruz atributları Kosa və Keçəl də fiziki qüsurların daşıyıcısıdır.

“Molla Nəsrəddin” jurnalı milli genefondu təhlükə qarşısında qoyan belə bir səhiyyə sistemini gələcəyə qoyulmuş bomba hesab edir, elə ilk nömrəsindən başlayaraq ona qarşı amansız mübarizə aparırdı. Yeri gəlmişkən, maraqlı bir faktı da xatırladaq ki, jurnalın ilk nömrəsinin çıxdığı 7 aprel tarixi bu gün həm də 7 Aprel Ümumdünya Sağlamlıq Gününə təsadüf edir. Jurnalda insanları narahat edən, düşündürən mövzular arasında səhiyyənin özünəməxsus yeri vardı. Molla nəsrəddinçilər adı ətrafında birləşən M.Ə.Sabir, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Nəzmi və digərləri bir məfkurə altında xalqın, millətin yolunda müqəddəs iş görürdülər. Sonralar jurnalın ikinci redaktoru olmuş Əliqulu Qəmküsar 1909-cu ildə “Molla Nəsrəddin” jurnalının 33-cü nömrəsində nəşr etdirdiyi “Çirk” adlı felyetonunda 1908-ci ildə Naxçıvanda kütləvi yayılan qızdırma xəstəliyindən və ona qarşı aparılan müalicədən yazır. Burada Qəmküsarı düşündürən birinci məsələ zamanı üçün səhiyyənin müəyyən qədər inkişaf etdiyi bir dönəmdə “Naxçıvandakı bəndələrin” qəribə “türkəçarələridir”. Bunu, sözün əsl mənasında, bir çarəsizlik kimi də qiymətləndirmək olar. Sözügedən xəstəlikdən yüzlərlə insan dünyasını dəyişib. Ancaq sakinlərin “yeganə ümid” hesab etdikləri “doktor”-”şəhərimizin vaizi molla Zülənam cənabları vəz əsnasında tərləyib və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa tapmaq üçün verib. Belə ki, şəhərimizin müsəlman övrətləri balaca şüşə götürüb Axundgildən pul ilə o mücərrəb (təcrübədən keçirilmiş) davadan alıb hansı bir qızdırmalının canına və hansı boğazı gəlmişin boğazına sürtüblərsə, filfövr şəfa tapıb, canları laməzhəb rus həkimlərinin əlindən qurtarıb. Əlhəmdülillah, bu il şəhərimizdə bir nəfər də qızdırmalı və naxoş tapılmır”. Qəmküsarın dönə-dönə nifrətlə yad etdiyi Mir Pırttaşıq, Molla Mahmud Çakər, Molla Zülənam kimi neçə-neçə Naxçıvanın “hikmət” sahibləri mühitin həqiqi təəssübkeşlərini düşmən sifətində görürdülər.

Mirzə Cəlil isə Azərbaycanın digər bölgələrindəki, İran, Türkiyənin müxtəlif şəhərlərindəki antisanitariyadan yazanda da tez-tez Naxçıvanı xatırladır. “Ah, doğma Vətən”-deyə ah çəkir. Ordubadın adını çəkəndə isə söhbəti özü demişkən, “üstüörtülü”edir. Nədən? Çünki “Ordubad qırmızısaqqallıları başa düşməsinlər və hay-küy salmasınlar... Mədrəsənin qabağında bazar çayına durub tamaşa eləyəndə, görürsən ki, elə çay başışağı, o tərəf-bu tərəfdə əllərində aftafa və başlarında əmmamə düzülüb çöməliblər...” (1907, №31) Yenə nədən? Çünki şəhərdə ictimai ayaqyolu yoxdur. “İdarədən”adlı məlumatda bildirilir ki, Ordubadda Ağ Seyidin oğlanları beldəki qurşaqlarından bir parça kəsib verirlər uşaqlar bağlayır boğazlarına, nə naxoşlayırlar və nə də qızdırırlar. (1908, №35) “Hikmət” adlı felyetonda müəllif Ordubaddan olan dostunun qızdırma xəstəliyindən əzab çəkdiyini, dərvişin məsləhətilə sol qolundan 248 misqal qan aldırdığını, nəticədə üç gündən sonra rəhmətə getdiyini bildirir. Dərvişdən soruşanda ki, qoldan 248 misqal qan almaq necə həkimlikdi, cavab verib ki, sənin dostunun əcəli yetişmiş imiş, mənim həkimliyimə isə şübhə ola bilməz, çünki mən hikmət sahibiyəm.

İnsanın anatomiyası, fiziologiyası və xəstəliklərin mahiyyəti barəsində heç bir təsəvvürü olmayan bu cür başabəla “həkimlərin” günahı üzündən hər il yüzlərlə adam, o cümlədən, körpə uşaq onların qurbanı olurdu.

“İrəvan quberniyasında səhiyyə işlərinin müasir vəziyyəti” adlı məqalədə aparılan türkəçarə müalicə üsulları tənqid edilərək belə yazılır: “Ehtimal ki, bəşəriyyətin əmələ gəlməsi ilə bir gündə yaranan xalq təbabəti hələ bu günə qədər uşaqlıq dövründə qalmış, onda sadəlik və uşağa aid xüsusiyyətlər çoxdur. Doğrudan da məsələn, Naxçıvan ölkəsində xəstənin heyvan dərisinə salınması, qanaxmanın peyinlə dayandırılması, yaranın üstünə nəcisdən məlhəm qoyulması, ovsun oxunması, cadulama və s. bu kimi elmi əsası olmayan müalicə metodları geniş yayılmışdı. O zaman xalq arasında malyariyaya qarşı tətbiq edilən müalicə vasitələrindən biri qorxutmaqla müalicə etməkdən ibarət idi; bu zaman qızdırmalı adamın üstünə qəflətən soyuq su tökür və ya o, yatmış ikən üzünə sillə vururdular və sairə...”

Təbabətə və ümumiyyətlə təbiətə qarşı olan bu cür geri qalmış münasibət onunla izah edilirdi ki, əhalinin yaşadığı tarixi şəraitdən və ictimai inkişaf səviyyəsindən asılı olaraq onun zehnində təbiət qanunlarına qarşı müxtəlif baxışlar var idi. İnsanlar sadəlövhcəsinə xəstələnmə halını “Allahın qəzəbi” kimi başa düşür və xəstəni pirə aparırdılar ki, bəlkə Allah onun günahından keçə ki, o da sağala. Dindar insanlar təbiətdə xariqüladə qüvvələrin varlığına inanır və onların şüurunda yanlış fikirlər əmələ gəlirdi. Xəstələr həkimlərə etibar etmir və onları “Allahın düşməni” sayırdılar.

(Ardı var)

Hüseyn ƏSGƏROV
Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 





28.11.2015    çap et  çap et