525.Az

Misirin yeni səfiri Azərbaycan Milli Kitabxanasında


 

Misirin yeni səfiri Azərbaycan Milli Kitabxanasında<b style="color:red"></b>

Misir Ərəb Respublikasının Azərbaycandakı yeni səfiri Suzan Cəmil noyabr ayının 27-də Milli Kitabxanada olub.
 
Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşə Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydy də iştirak edib.

Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında qısa məlumat verib. O, Milli Kitabxananın respublikanın ən iri kitabxanası olduğunu bildirib, dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi apardığını, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalandığını bildirib.

K.Tahirov səfirə bir neçə dəfə Misirdə olduğunu deyib, xoş xatirələrini bölüşüb. O, həmçinin İskəndəriyyə kitabxanası ilə əlaqələrdən, qarşılıqlı münasibətlərdən danışıb.

Səfir  Suzan Cəmil Azərbaycanda işləməkdən məmnunluq duyduğunu bildirib. Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin sevindirici hal olduğunu deyən səfir, təəssüflə bildirmişdir ki, dünyanın çox ölkəsində səfirlikləri olmasına baxmayaraq mədəniyyət mərkəzlərinin sayı azdır. Burada bu mərkəzin fəaliyyət göstərməsinin isə Misir dövlətinin Azərbaycana çox böyük  əhəmiyyət verməsindən irəli gəldiyini bildirib.

K.Tahirov iki dövlət arasında xoş münasibətlərin milli kitabxanalar arasında da olmasını arzulayıb, qarşı tərəfə təqdim olunmuş əməkdaşlıq barədə Memorandumun tezliklə imzalanıb, qüvvəyə minəcəyinə əminliyini qeyd edib.

Səfir Suzan Cəmil kitabxana ilə yaxından tanış olub, xatirə şəkli çəkdirib. Sonda qonağa Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın  xəritəsi, Azərbaycan kinoları (DVD Azərbaycan və ingilis dillərində), Azərbaycan xalçaları kitabları təqdim olunub. Səfir də öz növbəsində Misir Ərəb Respublikasında yeni çapdan çıxan kitabları Milli Kitabxanaya hədiyyə edib.

 





28.11.2015    çap et  çap et