525.Az

Şair, səndən yazmaq istəyirəm


 

Şair, səndən yazmaq istəyirəm<b style="color:red"></b>

Nahid Hacızadə

Xalq şairi Xəlil Rza ilə görüşlərim... 

Azərbaycan Radiosunun studiyasından çıxıb geri qayıdanda yolumu Fəxri xiyabandan saldım. Səməd Vurğundan üzü bəri ustad sənətkarların məzarı önündə ayaq saxladım. Qapıya yaxınlaşanda Xalq şairi Xəlil Rza Ulutürkün qəbirüstü heykəlinə sarı döndüm. Məzarın üstündə gül dəstələri cərgələnmişdi.

Heykəlinlə üz-üzə durdum, Xəlil Rza Ulutürk! Elə bildim özün baxırsan mənə. Səsin gəldi qulağıma... Unutdum özümü...

“–Şair, necəsən, darıxmırsan ki?”

“– Görürsən, şairlər, yazıçılar, dostlar, tanışlar arasındayam. Hər gün də gələnim-gedənim var”.

“– Şair, iki gün qabaq Firəngiz xanım iş yerimə gəlmişdi”.

“– Nə dedi mənim Firəngizim?”

“– Ötən günləri xatırladıq. Bakıda, Türkanda, İstanbulda olan görüşlərimizi yada saldıq. Səndən çox danışdıq”...

“– Özü necədir Firəngizin?”

“– Bir vaxtlar sənin işlədiyin Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib. Sənin 80 illik yubiley günlərində də Prezident təqaüdçüsü oldu”.

“–Firəngizə halaldı. Mənim yolumda ömrünü şam kimi əridib”.

“– Sənin “Lefortovo zindanında” kitabında bu barədə çox təsirli səhifələr var. Başqa bir kitabını da bağışladı mənə, “Eşqim, Vəfadarım mənim” kitabını. Orada sənin Lefortovoda yazdığın şeirlər, məktublar verilib. Sənin Almaniyada, Türkiyədə, Bakıda aparılan müalicələrindən, Firəngiz xanımın çəkdiyi əzablardan çox geniş danışılır”.

“– Firəngiz sağ olsun, min yaşasın!”

“– Şair, bilirsənmi, sən  əbədiyyətə qovuşandan bəri bir ucdan sənin şeirlərini, gündəliklərini, tərcümələrini, elmi əsərlərini kitablara çevirir. Bəlkə də bu kitabların sayı 50-ni ötüb. Bunlar sənin əbədi diriliyinin heykəlidir, şair!”

“– Sağlığımda mənim heç bu qədər kitabım çıxmayıb ki?”.

“–Firəngiz xanıma sənin də, mənim də, oxucuların da “sağ ol”u düşür, ay Ulutürk”.

“–Nə deyirəm, qardaş! Sən bir vaxtlar yazıçılar, şairlər haqqında xatirələr yazırdın”...

“– İndi də yazıram. Fəxri Xiyabanda dəfn olunan yazıçıların hamısı barədə yazmışam. Kitabım çıxacaq: “Yaddaşımda yaşayanlar”. Şair, səndən də yazmaq istəyirəm. Bu barədə çoxdan düşünürəm”.

“– Qələminə qüvvət, yaz...”

...Universitetin birinci kursunda oxuyurdum. Biz üç dost – Tofiq Abbasov, Cəbrayıl Allahverdiyev və mən “Təzə bazar”ın aşağı tərəfindəki ikimərtəbəli qədimi evdə kirayənişin qalırdıq. Üçümüz də eyni fakültədə oxuyurduq. Qrupumuz da eyni idi. Evdən bir yerdə çıxır, bir yerdə də evə qayıdırdıq. Kinoya, teatra, yazıçılarla görüşlərə  də bir yerdə gedirdik. Bizə zarafatla “üç muşketyor” deyirdilər. Bazar günümüz Lenin adına Mərkəzi Kitabxanada keçirdi.

Bir gün səhər Tofiq pilləkəni düşə-düşə dedi:

– Heç bilirsiniz bu gün hansı şairlə görüşəcəyik?

– Eh, nə fərqi, kim olur-olsun, – Cəbrayıl dedi.

– Fərqi çoxdur, – deyə əlimi Cəbrayılın çiyninə qoydum. – Qardaş, niyə belə deyirsən, şairdən şairə fərq var. Bir var Səməd Vurğun, bir də yoldan keçən yoluq bir şair.

Üzümü Tofiqə tutdum:

– Ay Qartal, – biz onu belə çağırırdıq – mən düz demirəmmi?

– Düz deməyinə düz deyirsən. Ancaq bilmirsiniz ki, bu gün hansı şairlə görüş olacaq.

–Hardan bilək ki, bu görüşə hansı şair gələcək,– dedim.

– Dünən Nizami muzeyinin altındakı kitab mağazasında Tofiq Mütəllibova rast gəldim. Dedim ki, ədəbiyyat dərnəyinin rəhbəri kimi sizdən öyrənmək istəyirəm, sabah zala gəlsək peşman olmayacağıq ki?

O da özünəməxsus təmtəraqla:

– Mən haradan bilim ki, siz tələbələr Xəlil Xəlilovu xoşlayırsınız, ya yox.

Mən dedim ki, Xəlil Xəlilovu tələbələr çox sevir.

– Onda sizi oxu zalında gözləyirik, – dedi. – Gəlin, şairi dinləyin, suallar verin. Könlünüzdən keçsə, özünüz də şeir oxuya bilərsiniz.

Cəbrayıl:

– Qartal, deyəsən, yavaş-yavaş sən də şairlərin cərgəsinə qoşulursan.

– Filologiya fakültəsində tək-tük adam tapılar ki, şeir yazmasın. Mən də bəxtimi sınayıram. Ancaq hələ bilmirəm yazdığım şeirdi, yoxsa meir.

– İnşallah, şeir olar, qartala qanad verib sənətin ucalıqlarına pərvazlandırar.

– Ə, zarafatı boşlayın, getdik eyyy...

Görüş başlandı. Tofiq Mütəllibov Xəlil Xəlilovun sənətə gəlişindən, coşğun təbindən danışdı, özünə söz verdi. Xəill Xəlilov başladı təzə şeirlərindən oxumağa... Axırda zala göz gəzdirib:

– Əziz tələbələr, sizin qiymətli vaxtınızı aldım, – dedi.– Kitablar sizi gözləyir. Siz ki poeziyanı belə ürəkdən sevirsiniz, hamınıza eşq olsun!

Arxa cərgədən bir qız ayağa qalxdı:

– Xəlil müəllim, xahiş edirəm, “Yest takaya partiya” şeirini oxuyasınız. Mümkünsə, deyin, necə olub ki, bu şeiri yazmısınız?

– Xanım qız, bu sualı çox yerdə verirlər. Şeirin adı ruscadır: “Yest takaya partiya”. Bu, Leninin sözüdür. Rusiya qaynayıb-daşdığı vaxtlarda ondan soruşurlar ki, xalqı arxasınca  aparacaq bir partiya varmı? O da ucadan deyib: “Yest takaya partiya!” Bu, bolşeviklər partiyasıdır. Oxucular tez-tez bu şeiri  istəyir.

–  Ay Xəlil müəllim, – deyə Tofiq səsinin gur yerinə salıb, – Mümkünsə, “Afrikanın səsi” şeirini də oxuyun, – dedi.

– Əzizim, bu şeirin əsl adı “Azadlıq”dır. Özü də hələ çap olunmayıb, Qlavlit kəsib qabağını. Bəxtiyar Vahabzadə deyir ki, şeirin adını, ünvanını dəyiş. Əsas budur ki, şair kimi sözünü demisən, ayıq oxucu nə dediyini, nəyə işarə vurduğunu bu misradan “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” misrasından başa düşəcək. İndi mən də çalışıram ki, şeir işıq üzü görsün.

Xəlil Xəlilov ani olaraq susub, üzünü Tofiq Abbasova tutdu:

– Cavan oğlan, bəs sən bu şeirin adını haradan öyrənmisən?

– Xəlil müəllim, çox adam əzbər bilir onu. Mən də üzünü yuxarı kursda oxuyan bir tələbədən köçürmüşəm. – Əlilə bizi, sağını, solunu göstərdi. – Mənim dostlarım da əzbər bilir “Afrikanın səsi”ni.

– Sağ olun, eşq olsun sizə. Sizin kimi ayıq, düşünən gənclik şeiri sevməsə, poeziya yaşaya bilməz. Ürəyimdə sizə deməyə çox söz var, mətləb var. Elə bu mətləbdən yaranıb belə misralar:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri gərək qıram...

Şair alqışların qanadında pərvaz edir, uçurdu...

Bilmirdim ki, bu gələcəyin istiqlal şairi Xəlil Rza ilə ilk unudulmaz görüşüm dostluğumuzun ömürlük yaddaşıma yazılacaq ilk həyəcanlı səhifəsi olacaq...

Hərdən kitabxanada, görüşlərdə, küçədə rast gələndə dostanə əl verirdim. Bu mənim üçün fəxarət idi. O isə əlimi sıxır, ucadan deyirdi:

– Necəsən, igid, dərslərin necə gedir? Təqaüd alırsanmı?

– Bəli, alıram.

– Ali məktəbə girdin, gərək yaxşı oxuyasan. Kitablarla ünsiyyət bağlayasan. Ondan küsməyi ağlına belə gətirməyəsən.

Universiteti bitirib, Azərbaycan radiosunda Xarici Ölkələrə Verilişlər İdarəsində müxbir işləməyə başladım.

Bir dəfə dəhlizdə rastlaşdıq.

– Xəlil müəllim, xoş gəlmisən.

– İgid, sən burada işləyirsən, yoxsa çıxışa gəlmisən?

– Xəlil müəllim, burada işləyirəm. Xarici şöbədə...

Tanışlığımız 1968-ci iləcən beləcə keçdi. Həmin il məni kollegiyanın qərarı ilə Ədəbiyyat şöbəsinə müdir keçirdilər. Sevinirdim. Necə də sevinməyə bilərdim. Ömrümdə, yazı-pozu işlərimdə yeni günlər başlayırdı...

Əlimə fürsət düşmüşdü. Ürəyimə yatan sevdiyim şairləri, yazıçıları tez-tez verilişlərə dəvət edirdim. İnsafən baş redaktorumuz, yazıçı-dramaturq Rauf İsmayılov da çox nadir hallarda çıxış üçün dəvət etdiyim yazıçıya, şairə etirazını bildirirdi. Açıb-ağartmasa da, Xəlil Rzanın bu tərəflərdə tez-tez görünməsi o qədər də ürəyindən deyildi.

İnsafən, Xəlil Rza da çıxışlarını seyrəltmişdi. Çünki oxuduğu şeirlər çox “qayçılanırdı”. Əlbəttə, siyasi “əmma”sına görə... Xəlil Rza isə gecə-gündüz yazır, yaradır, sevdiyi alovlu şairlərdən tərcümələr edirdi...

Onun məşhur bir poeması var “Məhəbbət dastanı”. Əsər Böyük Vətən müharibəsi  qəhrəmanı Əliheydər İbrahimova və onun vəfalı ömür-gün yoldaşı Asya xanımın sınaqlardan keçmiş məhəbbətinə həsr olunub.

Məşhur rus yazıçısı Sergey Smirnov Ümumittifaq radiosu ilə “Podviq” adlı populyar bir veriliş aparırdı. Verilişlərin birində “Azərbaycan qadınının məktubu” oxundu. Müəllifi Asya İbrahimova idi. Məktub ürək ağrısı ilə, məhəbbətlə yazılmışdı. Sonra Asya xanımın özünü də Moskvaya dəvət etdilər. Sergey Smirnov Brest qalası uğrunda döyüşlərdə gözlərini itirmiş Əliheydər İbrahimovun qəhrəmanlığından, arvadı Asya xanımın çəkdiyi əzablardan, ərini Odessaya, məşhur göz cərrahı Filatovun yanına aparmasından, sədaqətindən yazıçı iftixarı ilə danışırdı. O, çıxışında dedi ki, yəqin ki, bu mövzuda Azərbaycan yazıçıları əsərlər yazacaqlar.

Xəlil Rzanın ilhamla yaratdığı “Məhəbbət dastanı” əldən-ələ gəzdi, sevildi. Artıq Sergey Smirnovun da “Brest qalası” romanı çapdan çıxmışdı. Əliheydər İbrahimovun adını kitabın sonunda verilmiş siyahıda oxuyub sevindim. “Azərbaycan qadınının məktubu” da kitaba daxil edilmişdi. İş elə gətirdi ki, mən də bu mövzuda povest yazmaq fikrinə düşdüm. Mərkəzi Komitədən Asya xanıma söz vermişdilər ki, povest hazır olandan sonra film də çəkiləcək. Ssenari müəllifi də mən olmalıydım...

Saçları ağarmış Asya xanım danışırdı ki, “Məhəbbət dastanı”nın müəllifi Xəlil Rza günlərlə qonağım olurdu. Çox işlək adam idi. Səhərdən axşamacan makinasını taqqıldadırdı. Səhər danışdıqlarımı axşamüstü mənə şeirlə oxuyurdu. Onun istiedadına heyran qalırdım. Bu poema bizim  adımızı əbədiləşdirdi, Əliheydər kimi qəhrəmana bir abidə oldu...

 

lll

Gecə-gündüz Xəlil Rzanın qoltuğunda qalın bir dəftər olardı. Şair hər gün yazırdı: hara getdi, harada oldu, kimlə görüşdü, nələr danışıldı... Bəlkə də ürəyinə dammışdı ki, gündəliklər gələcəkdə kitablara çevriləcək, onu şöhrətləndirəcək.

Həmin illərdə məhsul bayramları çox dəbdə idi. İli uğurla başa vuran birinci katiblər istəyirdilər ki, bayramları televiziya ilə göstərilsin. Bizim baş redaksiya hazırlayırdı belə verilişləri. Növbəti səfərimiz Zaqatalaya oldu. Birinci katiblə söhbətdən sonra mehmanxanada istirahət edirdik. Qonaqların çoxu gəlmişdi. Xəlil Rza, Səyavuş Sərxanlı, İlham Rəhimli...  Axşamdan xeyli keçmiş Nəsibə Zeynalova da Elbrus Əhmədin maşınında gəlib çıxdı. Rahat nəfəs aldıq. Öz məzəli söhbətləri, gözbağlıca hərəkətləri ilə hamını güldürən Elbrus Əhməd soruşdu:

– Bəs mənim böyük dostum Xəlil Rza hanı?

Yan otağı göstərdilər. Xəlil Rza dərin yuxudaydı.

– Mən dostumu oyadaram,– deyə bayıra, maşının yanına cumdu. Qayıdanda əlində qulaqlarından tutub nüymayişkaranə bizə göstərdiyi çaqqal ölüsü gördük. Yolda maşının qabağından keçəndə vurmuşdu.

Nərd oynayanlar elə bildilər ki, Elbrus zarafat eləyir. Ancaq o, zarafat eləmirdi, çaqqalı düz Xəlil Rzanın sinəsinə qoymaq istədi. Elbrus Əhmədin şitliyi tutmuşdu:

– Qardaş, dost mənim deyil, icazə verin bir az məzələnim.

Səhər bu əhvalatı Xəlil Rzaya  danışanda:

– Bunu yalnız Elbrusdan gözləmək olar, – dedi.– Mənim bir vintim çatmırsa, Elbrusun iki-üç vinti çatmır...

Xəlil bu səfərdə bir günün içində bir poema yazmaq qüdrətini göstərməklə, oradakı yazı-pozu adamlarının hamısını heyrətləndirdi.

(Ardı var)

 





16.01.2013    çap et  çap et