525.Az

Radikal-ekstremist qüvvələr Nardaranı poliqona çeviriblər


 

EKSTREMİST QÜVVƏLƏRİN TƏSİRİ ALTINA DÜŞƏN YERLİ SAKİNLƏR AÇIQ-AŞKAR ÖLKƏ QANUNLARINA, KONSTİTUSİYAYA, DÖVLƏTİN RƏSMİ ATRİBUTLARINA SAYĞISIZLIQ NÜMAYİŞ ETDİRİRLƏR

Radikal-ekstremist qüvvələr Nardaranı poliqona çeviriblər <b style="color:red"></b>

“Nardaran problemi” nə dünən, nə də bu gün yaranıb. Artıq 15 ilə yaxındır ki, bu “problem” mövcuddur.

Xarici dairələr və dövlətlər tərəfindən körüklənən bəzi radikal-ekstremist təmayüllü qüvvələr uzun illərdir ki, bu kəndi öz məkrli məqsədləri üçün poliqona çeviriblər. Burada da yerli insanların dini hisslərindən, həssaslıqlarından, mövhumatçılığın, cəhalətin dərin kök atmasından, o cümlədən, ölkə qanunlarına tabe olmaq istənilməməsindən və digər “faktorlar”dan yararlanılıb. Məhz həmin qüvvələrin təsiri altına düşən kənd sakinləri tərəfindən bu bölgədə açıq-aşkar ölkə qanunlarına, Konstitusiyaya, dövlətin rəsmi atributlarına sayğısızlıq nümayiş etdirilir, uşaqlar, məktəblilər tədrisdən, təhsildən yayındırılır. Azərbaycanın üçrəngli dövlət bayrağı əvəzinə bu bölgəni İranın bayrağı, həmçinin, yaşıl və qara bayraqlar “bəzəyir” və sair.

Noyabrın 26-da Nardaranda baş verən növbəti qanlı hadisə də məhz deyilənlərin əyani sübutudur. Taleh Bağırzadənin də aid olduğu radikal-ekstremist qüvvələr dünən açıq-aşkar şəkildə Azərbaycan qanunlarına qarşı çıxaraq ölkənin hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirib və cinayət əməlləri törədiblər. Azərbaycan dövlətinə və onun təhlükəsizliyinin keşiyində dayanan hüquq -mühafizə orqanlarına silah qaldırıblar.

“525”in müxbirilə söhbətində Nardaranda yaşanan son qanlı olaya münasibətini açıqlayan Qabil Hüseynli ilk öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) gecikmiş reaksiyasına öz etirazını bildirib.

Onun sözlərinə görə, QMİ rəhbərliyi dini, xüsusilə, dinin siyasətə alətə edilməsi kimi məsələlərdə çox həssas olmalı, dövlətçiliyin qorunub saxlanılması istiqamətində daha çevik reaksiya və mövqe sərgiləməlidir: “Eyni zamanda, bu qurum dinin siyasətə alət edilməməsi üçün vaxtında lazım olan tədbirləri və təbliğati işləri görməyi bacarmalıdır”. Q.Hüseynli deyib ki, ümumiyyətlə, “Nardaran məsələlərinə” kifayət qədər prinsipial yanaşmaq lazımdır.

Q.Hüseynlinin bildirdiyinə görə, çünki bu məsələlər xarici dövlətlər, o cümlədən, yaxın qonşularımızdan biri tərəfindən istiqamətləndirilir, radikal-ekstremist təmayüllü qüvvələrə hətta, silah-sursat və sair göndərilir: “Bu kimi hadisələrin qarşısını almalı olan qurumun başçısının - keçmiş milli təhlükəsizlik nazirinin də, görünür, var-dövlət yığmağa başı qarışıbmış. Yaxşı ki, heç olmasa daxili işlər naziri bu məsələnin, ölkənin milli təhlükəsizliyinin keşiyində dayana bildi. Bəli, eyni zamanda, dini qurumlara rəhbərlik məsələsi də hələlik qaneedici səviyyədə deyil. Xüsusilə, QMİ-nin rəhbərliyi mənim zənnimcə, belə məsələlərdə çox həssas olmalı, dinin siyasətə alət edilməməsi üçün zamanında lazım olan tədbirləri və təbliğati işləri görməyi bacarmalıdır.

Onu da deyim ki, “Nardaran məsələləri” dünən, bu gün yaranmayıb. “Nardaran məsələləri” istiqlalımızın elan edilməsindən bu günə qədər Azərbaycan üçün ciddi problemlərdən biri olaraq qalır. Baş örtüsündən tutmuş müxtəlif məsələlər-hətta, ideoloji cəhətdən dövlət quruluşunun ixrac edilməsinə kimi məsələlər burada özünə yuva salmış radikal-ekstremist ünsürlərin təsir alətinə çevrilib və bu ünsürlər zamanında ifşa, tərkisilah edilmədikləri üçün rayonlarda da özlərinin “bölmələrini” yarada biliblər. Ona görə hesab edirəm ki, müxtəlif dini təriqətlərin və cərəyanların əsas işi sırf dini xarakterli işlərlə məşğul olmaqdır. Onlar dövlətin işlərinə-siyasi məsələlərə qatılmamalıdır. Onların bu işlərə qatıldığı zaman ciddi problemlərin də əmələ gəldiyini görürük.
 
Bu nöqteyi-nəzərdən, mənim zənnimcə, bundan sonra həm hakimiyyət orqanları, həm QMİ, həm vətəndaşlarımızın özləri-bu bölgədən olan ziyalılar, onları parlamentdə təmsil edən millət vəkili meydana çıxmalı, ağsaqqallıq etməli, məcrasından çıxmış bu hadisələrin axarına düşməsinə öz töhfələrini verməlidirlər.

Millət vəkili Zahid Oruc isə bildirib ki, uzun müddətdir orada bir narazılıq yuvası yaradılmışdı: “Ona görə indi bu məsələnin sosial mahiyyəti, iqtisadi səbəbləri üzərində dayananlar səhv edirlər”. Millət vəkilinin sözlərinə görə, ölkənin bütün bölgələri hansı iqtisadi səviyyədədirsə, Nardaran da o durumdadır: “Konkret görünən budur ki, müxtəlif vaxtlarda irəliyə verilən şəxslərin timsalında son dövr Taleh Bağırzadə adlı şəxsin ətrafında müxtəlif narazı qruplar lövbər salmaqda idi. Təsadüfi deyil ki, sosial şəbəkədə onunla bağlı bir qəhrəmanlıq obrazları yaradılırdı.Onun simasında hətta bir sıra siyasi qüvvələr də yeni lideri görürdü və dini-siyasi narazı qüvvələrin bu şəxslərin timsalında bir araya gəlib hakimiyyətə güc göstərə biləcəklərindən yazırdılar.Konkret olaraq son baş verən hadisə, dövlətə, onun orqanlarına güllə atmaqdır. Bunun başqa adı yoxdur. Çünki müəyyən bir situasiyada kimlərsə hakimiyyət orqanlarından narazı ola bilərlər”.

Millət vəkili deyib ki, amma bunun ultimativ dillə, xüsusi bayraqlarla, eləcə də anti-konstitusion çağırışlarla həyata keçirəndə bu artıq hüquq müstəvisindən çıxır:
 
“Real olaraq Nardaranı, ölkənin kiçik bir məkanını sanki qanunun fövqünə qaldırıb ayrı bir siyasi quruluşun tərkibiymiş kimi aparmaq istəyən qruplar var. Ona görə də bəzən qara, bəzən yaşıl bayrağı bizim üçrəngli bayrağımızdan yuxarı qaldırırlar. Özlərini bu zərbənin hədəfindən qorumaq üçün dairələrin mübarizəsinə daha iri ton verirlər. Aşura günündən sonrakı məlum proseslər, Sabunçuda məlum həbslərin həyata keçirilməsi, Gəncədə də yaşananlar sübut edir ki, məsələ dini müstəvidə kimlərinsə etiqad məsələsi deyil.

Bu açıq şəkildə həm təhlükəsizlik nazirliyi çevrəsində müxtəlif qüvvələrin aldığı zərbələrdir, həm də illərdən bəri bu vasitə ilə Azərbaycan dövlətini zəiflətmək istəyən qüvvələrin deşifrə olduqlarından sanki bir itaətsizlik vuruşmaları var. Elə bilin ki, onların üsyanı gedir. Orada iki polisin həlak olması sırf dövlətə qarşı güllə atmaqdır. Bunu heç bir halda qəbul etmək olmaz.Lokal bir ərazidə Azərbaycanın konstitusion prinsiplərini və qanunu kənara qoyaraq, özlərinin islam təriqətini, məzhəb qanunlarını, şəriət normalarını bərqərar etmək yolverilməzdir”.Z.Orucun fikrincə, Azərbaycanın bütün ərazilərində qanunlar işləməlidir:”Hansısa kənddə, qəsəbədə bunu yasaq etmək və başqa bayraqları qaldırıb onu ölkənin üçrəngli bayrağına bərabər tutmaq və yaxud da ondan yüksəyə ucaltmaq olmaz. Bunu vətəndaşlarımız da pisləməlidir. Heç bir siyasi qüvvə həmin dindar şəbəkələrin üzərindən dövlətlə savaşını aparmamalıdır. Bu həmin kəsimə də aiddir, keçmiş MTN-çilərə də yönəlməlidir. Hamımız qəbul etməliyik ki, bu ölkədə sabitlik, sağçının, solçunun, ateistin, inanclı insanların da faydasınadır”.

Digər millət vəkili Sahib Alıyev də öz növbəsində deyib ki, millətinə, vətəninə, dövlətinə, öz dövlətinə bağlı olmayan biriləri dindar ola bilməz. “Bunun üçün sevgi hissi tələb olunur. Onlarda isə bu hiss yoxdur. İŞİD-dəkilər dinimizə necə “xidmət” edirsə, din pərdəsi altında bu gün Azərbaycanda qarşıdurma yaratmağa, çaxnaşma salmağa qalxanlar da o cür “xidmət” edirlər. Yaxın Şərqdə yaşananları, oradan Avropaya qaçıb gedənlərin hansı rəzilliklərlə üzləşdiklərini göz önünə gətirərək biz cəmiyyət olaraq belələrini aramızda barındırmamalıyıq. Hansı dövlətin agentura şəbəkəsində olduqlarını yaxşı bildiyimiz bu cür “dindar”lar bizim polisimizin bir tükünə belə dəyməzlər!” - deyə, o, sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

 





28.11.2015    çap et  çap et