525.Az

Radikal-ekstremist qruplaşmalar özbaşına fəaliyyət göstərmir


 

“TALEH BAĞIRZADƏ XÜSUSİ HAZIRLANMIŞ TƏXRİBATÇIDIR”

Radikal-ekstremist qruplaşmalar özbaşına fəaliyyət göstərmir<b style="color:red"></b>

“Nardaranda baş vermiş iğtişaş son dərəcə xoşagəlməz vəziyyət yaradıb. Durumun ağırlığını təsdiqləyən ilk cəhət insan tələfatının və zorakılığın qeydə alınmasıdır”.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakının Nardaran qəsəbəsində hüquq mühafizə orqanları ilə radikal ekstremist qruplaşmanın üzvləri arasında baş verən silahlı insidentlə bağlı danışarkən deyib. O bildirib ki, məsələnin ikinci tərəfi isə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı xoşagəlməz rəftarın müşahidə olunmasıdır: “Bildiyiniz kimi, Nardaranda “Azad Azərbaycan” və “İctimai” telekanalları, “Report” İnformasiya Agentliyinin, “azvizion.az” xəbər portalının əməkdaşları təzyiqlərlə üzləşiblər. “APA TV”, “APA” və “Trend” Agentliklərinə də çəkiliş aparmağa imkan verməyiblər.

Jurnalistlərə qarşı belə təzyiqin qeydə alınması təəssüf və üzüntü doğurur. Hesab edirik ki, bu, Nardaran hadisəsinin siyasi mahiyyəti ilə bağlı cəmiyyətdə dolaşmaqda olan fikirlərin təsdiqi baxımından tamamlayıcı faktordur. Görünür, kimlərsə iğtişaş və xaos mənzərəsinin formalaşdırılması üçün mediaya təzyiq planını da düşünüb. Əks halda peşə borcunu yerinə yetirmək üçün hadisə yerinə gələn media mənsublarının fəaliyyəti əngəllənməzdi”.

Ə.Amaşov qeyd edib ki, ictimaiyyət içərisində iğtişaşların bir qrup maraqlı şəxs tərəfindən hazırlandığına və həyata keçirildiyinə dair baxışlar var: “Haqlı olaraq irəli sürülən əsaslandırılmış məntiqi fikir və düşüncələrə də rast gəlinməkdədir. Mediaya təzyiq isə söz və ifadə azadlıqları kontekstində dəyərləndirilən məsələdir. Mövcud durumda jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdırmağa yönələn hərəkətin də sıradan bir vəziyyət olmadığını düşünmək mümkündür. Azərbaycan Mətbuat Şurası belə qənaətdədir ki, iğtişaşı yaradan amillərin aşkarlanması nə qədər aktual əhəmiyyət kəsb edirsə, jurnalistlərə qarşı kobud rəftarı doğuran səbəblərin müəyyənləşdirilməsi də bir o qədər zəruridir, mütləqdir”.

Millət vəkili bildirib ki, Mətbuat Şurası Nardaranda baş vermiş iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyir: “Şura ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər”.

Ə.Amaşov əlavə edib ki, Mətbuat Şurası günahkarların layiqli cəzalarını almaları üçün səlahiyyətləri çərçivəsindəki bütün mümkün vasitələrdən istifadə edəcək, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqdır: “Azərbaycan Mətbuat Şurası həmçinin media orqanlarını Nardaranda baş vermiş iğtişaşların işıqlandırılmasına həssas yanaşmağa, hadisənin mahiyyətini düzgün şəkildə çatdırmağa, cəmiyyətdə təfriqə yarada biləcək fikir və düşüncələri yaymamağa, ümumən peşə borcunu məsuliyyətlə yerinə yetirməyə çağırıb”.

Milli QHT Azərbaycan Forumunun prezidenti Rauf Zeyni deyib ki, hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz mövqeyini bildirib.

Azərbaycanın hüquqi dövlət olduğunu diqqətə çatdıran Forum sədri hesab edir ki, dövlətin konstitusion quruluşuna qarşı çevrilən, sabitliyi pozmağa çalışan qüvvələr, radikal ekstremist qruplaşmalar qanun qarşısında cavab verməlidir: “Əfsuslar olsun ki, xarici dairələrin təsiri altında ölkədə din pərdəsi altında toqquşmalar yaratmağa cəhd olunur. Bütün bunların qarşısını almaq üçün ölkənin hər yerində vətəndaş cəmiyyəti gücləndirilməlidir. Azərbaycan vətəndaşları xalqa, dövlətə xidmət etməlidirlər. Əgər dövlət səviyyəsində həyata keçirilən profilaktik tədbirlərdən sonra hər hansı bir vətəndaşımız radikal ekstremist qruplaşmalara qoşulursa, bunun qarşısını yalnız qanunun gücü ilə almaq olar. Bu, üzücü hadisələrin bir də təkrarlanmaması üçün bütün zəruri tədbirlər görülməlidir. Heç kəs Azərbaycanın müstəqilliyinə, sabitliyinə xələl gətirə bilməz”.

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev bildirib ki, bu yaxınlarda Nardaranda baş verən xoşagəlməz hadisəni İslam dini ilə əlaqələndirmək olmaz: “Necə ola bilər ki, dövlətinə, xalqına və onların təhlülükəsizliyini qoruyan, dövlətin atributlarını daşıyan hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı silah işlədəsən?! Bu addımı atan bu cinayətkar qruplar özbaşına fəaliyyət göstərmirlər. Onları xüsusi pultlar vasitəsi ilə xaricdən idarə edirlər. Ancaq o “idarəçilər” anlamalıdır ki, Azərbaycan xalqı dövlətinin yanındadır və hüquq mühafizə orqanlarının ölkəmizin qorunması yolunda atdığı addımları dəstəkləyir və onlarla qürur duyur. Hesab edirəm ki, Nardaranda və digər ərazilərimizdə yaşayan, fəaliyyət göstərən dindarlar, ağsaqqallar bu ekstremist qüvvələrin əməllərinə layiqli cavab olaraq Azərbaycan dövlətinin yanında olduqlarını bəyan edəcəklər.. Necə ki, bu günlərdə belə bəyanatlarla çıxışlar edib öz ölkələrinə bağlı olduqlarını bəyan etdilər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, bu cür hadisələrin baş vermə ehtimalı var idi: “Heç şübhəsiz ki, dövlət təhlükəsizlik qurumları da bu ehtimalı nəzərə almışdılar. Bu hadisəni törədən radikal ekstremistlərin məqsədi Azərbaycanın sekulyar dövlət quruluşunu dəyişmək , cümhuriyyətçilik ənənələrinə qarşı savaş açmaqdır. Bu, prosesin xaricdən idarə olunduğuna qətiyyən şübhə yoxdur. Vaxtilə İslam partiyasının həmin qəsəbədən olan bəzi üzvlərinə İrana işləmələri, eyni zamanda, bu dövlətin təhlükəsizlik qüvvələri tərəfindən maliyyələşmələri ilə bağlı ittiham irəli sürülüb. Nəticədə onların günahları sübuta yetirilib, hətta məhkəmə prosesi zamanı onlar bu əməllərini etiraf ediblər”.

E.Mirzəbəyli qeyd edib ki, “Müsəlman Birliyi” adlı təşkilat yaradan  Taleh Bağırzadənin eyni istiqamətdə fəaliyyət göstərməsi hər kəsə məlumdur: “Taleh Bağırzadə xüsusi hazırlanmış təxribatçıdır. Onun ətrafında olan insanlar da müvafiq təlimlər keçiblər. Heç şübhəsiz, bütün bunlar istintaq prosesində üzə çıxacaq”.

Azərbaycanın hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatı yüksək qiymətləndirdiyini deyən politoloq vurğulayıb ki, Azərbaycanın dövlət quruluşuna qarşı çıxış edən, dölvətə silah qaldıran insanlara ən sərt formada münasibət bəslənilməlidir.

Ceyhun ABASOV

 





28.11.2015    çap et  çap et