525.Az

“Hüseyn Cavid. Vətənə qayıdış” təqdim olunub


 

“Hüseyn Cavid. Vətənə qayıdış” təqdim olunub<b style="color:red"></b>

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə bu il təsis edilən “Kaspi” mükafatının, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və kitabının təqdimatı da olub.

Tədbirdə əvvəlcə fotoalbomla bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov H.Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, o, təkcə Azərbaycan ədəbiyyatının deyil, türk dünyasının da böyük şairlərindəndir.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin birgə layihəsi olan “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin 2014-cü ilin yay aylarında elan edildiyini deyib. O, müsabiqə müddətində 100-ə yaxın yazı işinin qəbul edildiyini, onlardan 31-nin münsiflər tərəfindən sözügedən kitaba daxil edilərək, qaliblərin müəyyən olunduğunu diqqətə çatdırıb.

O, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomunun və kitabının təqdimatının da bu missiyanın davamı kimi dəyərləndirib.

Akademik İsa Həbibbəyli “Kaspi” Təhsil Şirkətinin Cavid irsinə qayğı və ehtiramını yüksək qiymətləndirib. Bunun, həmçinin klassik ədəbiyyata hörmətin göstəricisi olduğunu deyib.

Akademik qeyd edib ki, H. Cavidin nəşinin vətənə gətirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu, Azərbaycan ədəbiyyatına və H. Cavidə verilən ən böyük qiymət idi.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında “Kaspi” qəzetinin təşkilatçılığı ilə H. Cavidin əsərlərinin türk dilinə tərcümə olunduğunu və təbliğ edildiyini diqqətə çatdırıb. O bildirib ki, H. Cavid irsinin araşdırılması və təbliğində “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın xidmətləri əvəzsizdir.

Professorlar Kamran Əliyev , Cahangir Məmmədli və başqaları da H. Cavid yaradıcılığından, onun ədəbiyyatımızdakı rolundan danışıblar. Çıxış edənlər “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin H. Cavid irsinə qayğısının onun mənəvi varlığının yaşamasında yeni bir mərhələnin başlanğıcı olduğunu bildiriblər.

Sonda “Hüseyn Cavid. Vətənə qayıdış” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

S.ABDULLAYEVA

 





28.11.2015    çap et  çap et