525.Az

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru (7-ci yazı)


 

Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan real əməkdaşlığa doğru <b style="color:red">(7-ci yazı)</b>

Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində – neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Ümumiyyətlə, Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə  fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi daha da zənginləşdi.  Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-ci ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çoxkonfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər. Maraqlıdır ki, Bakıda müxtəlif dinlərə, təriqət və məzhəblərə mənsub insanların yaşadığı dövrdə, yəni XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkədə nəinki tolerantlıq prinsiplərinə əməl olunurdu, hətta bu prinsiplər inkişaf etdirilirdi. Məsələn, məlumdur ki, Bakıda yeni “Aleksandr Nevski” kafedral kilsəsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı ediblər. Müsəlman ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırıblar, hətta müsəlman qadınlar öz gümüş zinət əşyalarını metal zənglərə əlavə olunması  üçün kilsəyə bağışlayıblar. Başqa bir fakt: Arxangel Mixail məbədi yanan zaman bir çox müsəlman onun bərpasına kömək göstərib. Pravoslav ruhanilər bunun səbəbini soruşduqda isə belə cavab veriblər: “Tanrının evi yanan şəhərə müsibət üz verər”.

 Maraqlı məqamlardan biri də odur ki, digər dinlər, o cümlədən, xristianlara qarşı münasibətdə müsəlman əhalinin kasıb-varlı, təhsilsiz-ziyalı, dindar olmayan bütün təbəqələri tolerantlıq nümayiş etdirdilər. Bu onu göstərir ki, Azərbaycanda tarixən mövcud olmuş tolerantlığın insanların təhsili, sosial, mədəni səviyyəsi ilə heç bir əlaqəsi yoxdur, bu, sadəcə olaraq azərbaycanlıların genetik keyfiyyətidir.

 Yəqin çoxları razılaşar ki, hansısa dinə mənsub zəngin insanın başqa dinin mənsubları üçün öz vəsaiti hesabına ibadət evi tikdirməsi nadir hadisədir. Bu nadir  hadisə Azərbaycan cəmiyyəti üçün ənənəyə çevrilmiş ümummilli dəyərdir. Məsələn, XIX əsrin sonu XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi  milyonçular öz hesablarına nəinki məscidlər, eləcə də bir neçə məbəd tikdirmişlər. Başqa bir örnək isə Hüseynağa xan Naxçıvanskinin knaginya Elizavetta Fyodrovnanın xatirəsinə münasibətidir. Qüdsdə dəfn olunmasını vəsiyyət etmiş knaginya Uralda əzablı ölümə düçar olur və Şərqi Avropada XX əsrin siyasi hadisələri zəminində onun vəsiyyətini yerinə yetirmək qeyri-mümkün hala çevrilir. Məhz Hüseynağa xan onun vəsiyyətini həyata keçirmək zəhmətini öz üzərinə götürmüş və knaginyanın Qüdsdə dəfn olunması üçün külli miqdarda vəsait xərcləmişdir.

Azərbaycanda  xristianlıqla bağlı önəmli məqamlardan biri bu dinin müxtəlif, hətta bir-birini qəbul etməyən təriqət və məzhəblərinin ölkəmizdə sərbəst fəaliyyət göstərməsidir. Əslində, Azərbaycanda təkcə xristianlıq deyil, digər dinlərlə bağlı vəziyyət də belədir, yəni həm yəhudiliyin, həm xristianlığın, həm də İslamın bir-birini qəbul etməyən təriqətlərinə mənsub insanlar neçə əsr öncədən burada yaşayırlar və indiyədək onlar arasında heç bir qarşıdurma qeydə alınmayıb. Bu xüsusiyyətinə görə Azərbaycan dünyada nadir ölkələrdən biri, bəlkə də birincisidir.

İslam. Azərbaycanda tarixən müxtəlif dinlər yaranıb və yayılıb. Amma onların heç biri İslam qədər uzun ömürlü olmayıb və ümumxalq dininə çevrilməyib. İslamdan öncə yayılmış xristianlıq Azərbaycanın tarixi ərazilərinin yalnız bir hissəsini, daha doğrusu, Albaniya ərazilərini əhatə edib, atəşpərəstlik isə daha çox Azərbaycanın cənubunda – Atropatendə yayılıb. Bu baxımdan İslam Azərbaycan xalqının yaşadığı tarixi əraziləri bütünlüklə əhatə edən və son 13 əsrdə aparıcı mövqeyini qoruyub saxlayan ümumxalq dindir.

Ümumiyyətlə, yetmiş bir illik sovet dövrünü nəzərə almasaq, Azərbaycan tarixinin on üç əsrlik bölümü İslamla bağlıdır. Hətta sovetlər dönəmində də böyük çətinliklərə baxmayaraq, İslam mövcudluğunu davam etdirmiş və dini dəyərlər insanların qiymətli sərvəti olaraq qalmışdır.

Meydana çıxdığı dövrdən – yeddinci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayan İslam Azərbaycanın bütün hüceyrələrinə qədər işləmiş, silinməz və məhvi qeyri-mümkün olan izlər qoymuşdur. Azərbaycan və azərbaycanlılar  üçün təkcə din yox, həm də mədəniyyət demək olan İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib. Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 13 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil. 

Bəzən İslamın Azərbaycanda  yayılması ilə bağlı müxtəlif fikirlər söylənilir, hətta bu dinin xalqımıza qılınc gücü ilə – zorla qəbul etdirildiyini iddia edənlər də tapılır. Məqsədli və ya məqsədsiz şəkildə irəli sürülən bu cür iddialar ən azı Azərbaycan xalqına və İslama qarşı hörmətsizlikdir. Çünki azərbaycanlılar nə zorla öz dinini dəyişən xalq, nə də İslam bu zorakılığa haqq qazandıran dindir.

Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib, amma bu etirazlar dinə yox, siyasi hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər İslam qılınc gücünə yayılsaydı, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Hamı tərəfindən qəbul edilən həqiqət budur ki, İslamın türk xalqları arasında, o cümlədən Azərbaycanda yayılması böyük  tarixi əhəmiyyətə malik hadisə olub. Dini birlik şüuru etnik  və ya milli birlik şüurundan daha güclü və əhatəli olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynadılar.

Əgər İslam tarixindən, mədəniyyətindən Azərbaycanla bağlı məqamları çıxarsaq, bəlkə də, o, indikindən qat-qat kasıb və natamam təsir bağışlayar. Çünki  on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməmiş və bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə çevrilmişlər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. On beş əsrlik zaman  ərzində milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər çuğlaşıb ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta mümkünsüzdür.

Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olması danılmaz faktdır. Amma bu da bir həqiqətdir ki, ölkəmizdə yüksək səviyyədə dözümlük mühitinin formalaşmasında İslamın böyük rolu olub. Çünki azərbaycanlıların ənənəvi dini olan İslamda tolerantlıq, dözümlük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu Azərbaycanda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşayan digər dinlərin mənsubları buna görə Azərbaycan xalqı ilə yanaşı, İslam dininə də minnətdar olmalıdırlar.

 





16.01.2013    çap et  çap et