525.Az

“Müxtəlif dənizlər. Bir dünya” Bakıda


 

“Müxtəlif dənizlər. Bir dünya” Bakıda<b style="color:red"></b>

Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının “Müxtəlif dənizlər. Bir dünya” adlı sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgi Azərbaycanda “Latviyanı duyun” devizi altında keçirilən Latviya günləri çərçivəsində təşkil edilib. Sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunur.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək bildirib ki, indiyədək Mərkəzdə 30-dək sərgi keçirilib. Latviyanın üç rəssamının 30-dan çox əsərinin yer aldığı budəfəki sərgi ölkənin incəsənətini təqdim etmək baxımından da əhəmiyyət daşıyır. A.Kərimli sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən, Latviyanın İqtisadiyyat Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə və Latviya Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib.

Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola insanların bu peyzaj janrında əsərlərə baxanda rahatlıq tapacağına ümidvar olduğunu bildirib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs sərginin Heydər Əliyev Mərkəzində təşkilindən qürur duyduğunu bildirib. Azərbaycanda üç aydır ki, səfir kimi fəaliyyət göstərdiyini bildirən latviyalı diplomat Mərkəzdə ilk dəfə olmasını və bu ecazkar məkanın onda böyük təəssürat yaratdığını vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Latviya rəssamlarının sərgisi 2016-cı il fevralın sonunadək davam edəcək.

S.ABDULLAYEVA

 





28.11.2015    çap et  çap et