525.Az

Bakıda “Müqayisəli ədəbiyyat və mədəniyyət...” müzakirə olunur


 

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ BU MÖVZUDA BEYNƏLXALQ KONFRANS TƏŞKİL EDİLİB

Bakıda “Müqayisəli ədəbiyyat və mədəniyyət...” müzakirə olunur<b style="color:red"></b>

Ötən gün Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkil etdiyi konfrans “Milli ədəbiyyat və mədəniyyət meyarları” layihəsinin davamı kimi nəzərdə tutulub.

Açılış mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev konfransın mahiyyəti barədə məlumat verib:
 
“Beynəlxalq konfransa İtaliya, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstandan 30-dan çox alim qatılıb. Azərbaycanın bir sıra ali təhsil müəssisələri və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları konfransda iştirak edəcəklər. Bu konfrans Azərbaycanın dünyəvi multikultural ənənələrini və dünya xalqlarının mədəniyyətini bir araya gətirir”.

Xalqımızın qədim mədəniyyətindən, ölkəmizdə mövcud olan multikultural mühitdən və tolerantlıqdan danışan rektor multikulturalizmin dövlətimizin siyasi prioritetlərdən biri olmasından və bu sahədəki uğurlardan söz açıb: “Əsasını Heydər Əliyevin qoyduğu dövlətçilik siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilir.
 
Dövlət başçısının “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” tezisinin ölkəmizdəki reallıqları dolğun əks etdirir və təhsil müəssisələrində, o cümlədən, BSU-da da bu sahədə geniş fəaliyyət göstərilir. Bugünkü konfrans da məhz bu fəaliyyətin bariz nümunəsidir”.

Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva konfransın işi haqqında iştirakçıları məlumatlandırıb: “Konfrans fasilələrlə bölmə iclaslarında işini davam etdirəcək. Bakı Slavyan Universitetində Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları və millilik meyarları mövzusunda birinci bölməsi olacaq. Noyabrın 28-də AMEA-nın Ədəbiyyat İnstitutunda Nizami (“Leyli və Məcnun”) və Şota Rustaveli (“Pələng dərisi geyinmiş cəngavər mövzusunda ikinci bölmə, ADA Universitetində Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər mövzusunda konfransın üçüncü bölməsi keçiriləcək. BSU-da keçiriləcək dördüncü bölmədə Ədəbiyyatın “millilik” meyarında əlifba mövzusunda dəyirmi masa baş tutacaq, ustad dərsləri keçiriləcək”.

Konfransda çıxış edən millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına Region Araşdırmaları Mərkəzinin direktor müavini Olqa Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin professoru Stefania Sini, Böyük Birtaniyanın Kembric Universitetinin professoru Firuza Melville, Rusiyanın Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin nümayəndəsi Mixail Şkarovskiy, İranın Xarəzmi Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota Rustavelli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina Modebadze, Türkiyə nümayəndəsi doktor Nazmi Ağıl və başqaları çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

S.ABDULLAYEVA

 





28.11.2015    çap et  çap et