525.Az

"33 pərdəli dram"ın birinci hissəsi təqdim edilib


 

"33 pərdəli dram"ın birinci hissəsi təqdim edilib<b style="color:red"></b>

Akademik Milli Dram Teatrında yazıçı-publisist Ramilə Qurbanlının "33 pərdəli dram" kitabının təqdimatı və imza mərasimi olub.

Tədbirdə teatrın baş rejissoru, Xalq artisti Azərpaşa Nemət çıxış edərək kitabda yer alan 33 sənətkara həsr olunmuş tədqiqatları yüksək qiymətləndirib: "Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı üçün onun hərtərəfli araşdırmasına və təbliğatına ehtiyac var. Mədəniyyət və incəsənət, o cümlədən, ədəbiyyat xadimlərinin sənət və həyat yolları oxucu kütləsi üçün həmişə maraq kəsb edib. Kitabdakı materiallar bu baxımdan oxunaqlıdır".

Təqdimat mərasimində çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Xalq artisti Fuad Poladov, yazıçı-dramaturq Əli Əmirli və digər şəxslər məşhur sənət adamlarının həyat və yaradıcılığına həsr olunmuş "33 pərdəli dram" kitabının çapını yüksək qiymətləndiriblər.

Tədbir iştirakçıları kitabın Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliğatında ciddi rol oynayacağını vurğulayaraq, müəllifin bu sahədəki araşdırmalarının xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Vurğulanıb ki, kitab 33 sənətkarın bütün həyat və yaradıcılığını, keçdiyi sənət yolunu canlandırır və bu sahədə gənc nəslin maariflənməsinə xidmət edir.

Xatırladaq ki, "33 pərdəli dram" kitabında R.Qurbanlının vaxtilə mətbuatda  çap olunan portret yazıları yer alıb.

Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş sənətkarların portretləri həm peşəkarlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı haqqında olan sanballı materiallar da yer alıb. Adı çəkilən və çəkilməyən sənətkarların həm yaradıcılığı, həm də şəxsi həyatları barədə kitabda dolğun məlumatlar var, bir sözlə, oxuduqca onların tam portretlərini göz önündə canlandırmaq mümkündür.

"33 pərdəli" dram kitabına mədəniyyət aləminin tanınmış imzaları Azərpaşa Nemət və İlham Rəhimli ön söz yazıblar. 

Kitab ikihissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli, Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.

Sonda müəllif kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Yaradıcılıq Fonduna və təqdimatda iştirak edən qonaqlara minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





28.11.2015    çap et  çap et