525.Az

İstiqlalı yaşadan mühacirət poeziyası


 

İstiqlalı yaşadan mühacirət poeziyası<b style="color:red"></b>

Azərbaycanda suverenlik aktının imzalanmasından 25 ilə yaxın bir zaman keçir. Çox təəssüf ki, istiqlaliyyətimiz uğrunda canlarından keçən mübarizlərin ömür yolları və fəaliyyəti hələ da layiqincə öyrənilməyib.

Onlar haqqında yazılan azsaylı məqalə və kitablar mətbuat bolluğunda itib-batır, diqqətdən kənarda qalır.

Buna çoxlu nümunə göstərmək olar. Bu qarışıqlıqdan mütəxəssislər belə lazım olanlarını tapıb dəyərləndirə bilmirlər. XX yüzilin Azərbaycan ədəbiyyatı haqqında  iki cildlik araşdırmanın, bir neçə monoqrafiyanın, onlarla məqalənin müəllifi olmama rəğmən, “Qələmnəşr”in az qala bir il bundan əvvəl çap elədiyi “İstiqlal uğrunda” şeirlər məcmuəsi ilə yalnız bu günlərdə tanış olmuşam. Çünki az sayda nəşr edilən bu məcmuəyə nə kitab mağazalarında rast gəlmiş, nə haqqında mətbuatda oxumuşam. Bu nədənlə kitabı mütəxəssis qismində mənə çatdıran şair İbrahim İlyaslıya təşəkkürümü bildirir və gərəkən reaksiyanı verməyi bir ədəbiyyatşünas olaraq özümə borc hesab edirəm.

Öncə bu şeirlər məcmuəsinin Bakı nəşri haqqında bir neçə söz demək yerinə düşər; nədən ki, 90 ilə yaxın özünün yeni nəşrini gözləyən bu qalmaqallı (ona görə qalmaqallı deyirəm ki, İstanbulda nəşr edilən toplu Sovet Azərbaycanında böyük hay-küylə qarşılanmışdı) şeirlər məcmuəsinin transliterasiyasını, izahları hazırlayan və ön sözün müəllifi Hafiz Rüstəmin, ideya müəllifi və redaktoru İbrahim İlyaslının belə bir ağır işin altına girməsini yalnız alqışlamaq gərəkdir. Hərçənd kitabda çoxlu transliterasiya xətaları da getmiş, lakin bu xətalar görülən işin əhəmiyyətini o qədər də azaltmır, əsas odur ki, 20-ci illər mühacirət ədəbiyyatımızın ilk nümunələri bir əsrə yaxın həsrətdən sonra yenidən doğma ədəbi məkana qayıtmışdır. Lakin əgər bu məcmuə və burada şeirləri dərc edilən şairlər o zaman sərt tənqidlə, hətta həbs olunma təhdidi ilə qarşılanmışdısa, indi mühacirət poeziyamızın bir dəyəri, ədəbi irsi olaraq qarşılanır.
Məlumdur ki, ötən yüzilliyin 20-ci illərində baş verən siyasi hadisələr Azərbaycan ədəbiyyatının istiqamətini, mövzu və problematikasını zorən dəyişdi; bolşevik rejiminin hakimiyyətə gəlməsi nəticəsində milli ruhlu poeziyanın meydanı daralmağa və getdikcə ədəbi dövriyyədən çıxmağa başladı. Yüzilliyin başlanğıcında özünün ən yüksək mərhələsinə çatan ədəbi cərəyanlar (realizm, tənqidi realizm, romantizm) və azad mətbuat yerini proletar mətbuatına və proletar ədəbiyyatına verməyə başladı.

Siyasi düşüncədəki suxurların yerdəyişməsi ədəbi həyata da öz təsirini göstərdi və bir neçə il ədəbi prosesdə üzdə görünən bir durğunluq hökm sürdü. “Azərbaycan”ı “Kommunist”, “Füyuzat”ı “Füqəra-Füyuzat”ı əvəz etdi, mətbuat orqanları “Bütün ölkələrin proletarları, birləşin!” devizi altında nəşr edilməyə başladı. Sovet hakimiyyətinin ilk illərində milli təmayülçülük, millətçilik, cümhuriyyətçiliyə siyasi etimadsızlıq ədəbi həyatın susqunluğuna gətirib çıxardı. Lakin iki illik Cümhuriyyət ab-havası onun süqutu ilə başa çatmır, bir neçə on il bu və ya başqa şəkildə gizli şəkildə davam edirdi. “Bəşəriyyətin nicat yolunu” kommunizmdə axtaranlarla yanaşı, milli ruhu yaşadanlar da yox deyildi. Siyasi diktaturanın hökm sürdüyü bu illərdə istiqlalçılığı internosionalizmin, kosmopolitizmin qorxunc seli ağzına alırdı. Belə bir zamanda milli ruhlu xalq həyatının tərcümanı olan ədəbiyyatın yaranmasında böyük maneələr yaranırdı. Abdulla Şaiq, Əhməd Cavad, Əliabbas Müznib, Səməd Mənsur, Cəfər Cabbarlı, Umgülsüm, Gültəkin (Əmin Abid), Davud, Əli Yusif, Əbdürrəhman Dai və başqalarının Cümhuriyyət zamanında artıq formalaşmaqda olan milli ruhlu şeirləri heç cür yeni zamanın malı ola bilmir və buna görə də dövri mətbuata yol tapa bilmirdi. Bu şeirlər yalnız yaxın çevrədə oxunur və getdikcə sandıq ədəbiyyatına çevrilməyə məhkum olurdu. Ə.Cavad, Əliabbas Müznib, Səməd Mənsur, Əli Yusif, Umgülsüm, S.Bədrinin şeirlərinin lirik qəhrəmanın düşdüyü vəziyyət onun daxili durumu ilə ziddiyyət təşkil edirdi.

Cümhuriyyətin süqutunun ilk illərində bu cür şeirlərin intensiv yaranması onu göstərir ki, ədəbiyyat (əslində poeziya!) geri çəkilmək fikrində deyil. Umgülsümün “Hicran” (1920), “Bayrağım enərkən” (1920), Ə.Dainin “Qürbət ellərdə”, “Bulunmaz”, S.Bədrinin “Mən ağlaram”, “Bir həsbi-hal” və s. şeirlərində poeziya xalqın həyatında baş verən siyasi hadisələrə göz yaşı tökürdü. Umgülsüm bayrağın enməsinin ürək ağrısı ilə qarşılayaraq yazırdı:
 
Sən Bayrağım!
O yüksək şanlarımla enərkən,
Mavi göyə bir duman gəldiyini
sezdim mən.
Qoynundakı ağ nurlu
ay-yıldızın sönərkən,
Üzərimə doğacaq
günəşlərdən bezdim mən.
 
Əlbəttə, günümüzədək gəlib çatan bu cür nümunələr çox azdır, barmaqla sayılacaq qədərdir, hətta bu cür şeirlər, bolşevik mətbuatına yol tapdığı zaman dərhal tənqidin sərt təpkisi ilə qarşılanır, ona pessimist damğası vurulurdu. Lakin getdikcə bu tendensiya da rejimin sərt şərtləri altında məkanı dəyişməyə başladı.
Diktatura gücləndikcə bu cür nümunələr də seyrəlir və öz yerini simvollara, rəmzlərə verirdi. Çünki heç çap olunmamaqdansa, çap olunaraq şeirlərində rəmzlərlə fikirlərini ifadə etməyi üstün tutdular. 20-ci illərin sonuna doğru bu imkanlar da getdikcə zəiflədiyindən (eyni zamanda Türkiyədə mühacirət mətbuatı yarandığından) poetik nümunələr ölkədən kənara çıxmağa başlayır, necə deyərlər, məkanı dəyişir. Hətta Azərbaycanda bir neçə il əvvəl yazılmış milli ruhlu şeirlər bu dəfə mühacirətdə çap olunaraq yenidən ədəbi dövriyyəyə qayıtmalı olur; bu dəfə mühacirət ədəbiyyatı kimi...

Sovet rejiminin təqiblərindən sonra ilk milli ruhlu şeirlər mühacirətdəki mətbuatda özünə yer tapır. 1928-ci ildə isə mühacirətdə və Azərbaycanda yazılmış çap olunmuş və çap edilməmiş şeirlərin bir qismi “İstiqlal uğrunda” kitabında toplanır. Kitabı mühacirətdə olan ziyalılarımız İstanbuldakı “Orxaniyyə” mətbəəsində ərəb əlifbası ilə nəşr etdirirlər. Maraqlıdır ki, Azərbaycanın 20-ci illərinin sonu siyasi və ədəbi həyatında bomba kimi partlayan bu məcmuə Azərbaycanda ilk dəfə yalnız bu günlərdə dərc olundu. Ondan da maraqlısı odur ki, mühacirlərimizin ömür yollarını və yaradıcılıqlarını araşdıran alimlərimiz bu kitabda gedən poetik nümunələrə indiyədək gərəyincə diqqət yetirməmiş, orada şeirləri dərc edilən şairlərin bəzilərinin kimliyinə də bir aydınlıq gətirməmişlər. Halbuki bu poetik məcmuə Cümhuriyyətdən sonrakı ədəbi prosesin ən böyük hadisəsi hesab olunmalıdır. Ona görə də mühacirət ədəbiyyatımızın bu böyük hadisəsi ilə bağlı gec də olsa, mülahizələrimizi bölüşmək, onun o zaman və indi dərc olunmasının əhəmiyyətilə bağlı fikirlərimizi bildirmək istəyirik.

“İstiqlal uğrunda” kitabının nəşrinə Azərbaycan bolşevikləri, onların yeni yaratdıqları ədəbi tənqidə o qədər əhəmiyyət verməmişdir. Elə ki, rus yazıçısı Yevgeni Zamyatinə senzor imkan vermədiyi üçün əsərlərini özünün redaktor olduğu jurnalda çap edə bilmədiyindən onları xarici ölkələrdəki nəşrlərə göndərdi, Boris Pilnyakın əsərləri xarici ölkələrdə işıq üzü gördü, Kommunist Partiyasının göstərişi ilə onların xaricdə çap olunmuş əsərlərinə qarşı ideoloji kompaniya başladı. Sovet məmurları və onların zuytutanları bu yazıçları və onların əsərlərini tənqid etməklə kifayətlənmədilər, ölkədə bir düşmən axtarışı başladı. Elə bu zaman gənc tənqidçi Əli Nazim “İnqilab və mədəniyyət”, “Dan yıldızı”, “Türk yurdu” jurnallarında nəşr etdirdiyi məqalələr əsasında “Azərbaycan ədəbiyyatı” adlı bir məqalə yazaraq Moskvadakı “Peçat i revolyusiya” jurnalının 1929-cu il iyul sayında dərc etdirdi. Tənqidçi məqalədə “İstiqlal uğrunda” kitabının nəşri ilə bağlı da məlumat verirdi. Bu məlumat yerli antiistiqlalçılar üçün bir bəhanə oldu. Mərkəzdə Y.Zamyatin və B.Pilnyakin əleyhinə başlamış kompaniyanın təsiri altında Azərbaycandakı zamyatinlər və pilnyaklar aşkara çıxarılmağa başlandı. O zaman hər gün müxtəlif mətbuat orqanlarında (ən çox da Azərbaycanda bolşeviklərin ideoloji tribunası olan “Kommunist” qəzetinin 1929-cu il oktyabr-noyabr saylarında) həmin topluda şeirləri dərc olunmuş Əhməd Cavada qarşı qara piar başladı. Şair təzyiq və təqiblərdən qurtulmaq üçün iki dəfə “Protesto” yazıb “Kommunist” qəzetində dərc etdirdi. Yalnız bundan sonra şairin başı üzərində gəzən təhlükə çətinliklə də olsa, sovuşdu. Bu barədə 1991-ci ildə “Ədəbi tənqid” jurnalının birinci sayında geniş yazdığımdan mövzuya yenidən qayıtmıram.

Müstəqillik dövründən sonra Azərbaycan mühacir şairlərinin əsərləri dərc edilmiş, haqlarında məqalələr, tədqiqatlar, monoqrafiyalar yazılsa da, bu poetik məcmuə diqqətdən kənarda qalıb. Yalnız tədqiqatçı Əli Şamil, Gültəkinin (Əmin Abid) İstanbulda nəşr edilən (1949) kitabını yenidən nəşr edərkən yazdığı ön sözdə diqqəti bu məcmuənin gərəkliliyinə yönəldərək onun nəşrinin vacibliyini bildirmişdi. Budur ədəbiyyatşünas Ə.Şamilin bu həyəcan siqnalı yalnız bu günlərdə gerçəkləşir. Bu, artıq mühacirət poeziyasının tanıdılması yolunda atılan bir addımdır. Biz də bunu nəzərə alaraq “İstiqlal uğrunda” məcmuəsini qısaca da olsa təhlil etməklə ədəbi elmi dövriyyəyə yenidən daxil etmək, onunla bağlı düşüncələrimizi bildirmək istəyirik.

“İstiqlal uğrunda” məcmuəsi 1928-ci il İstanbulun “Orxaniyyə” mətbəəsində çap olunub. Kitabın “Milli Azərbaycan nəşriyyatı” tərəfindən verilən bir neçə cümləlik qeydində yazılır: “Həm bir çox azərilər tərəfindən vüqubulan mütəəddid (çoxlu) müraciətlərlə də təyid olunan (təkid olunan) ruhi pək böyük bir ehtiyac tətmin eləmək, həm də istiqlal uğrunda dönməz əzmlə qüdsi bir cidal səhnəsinə atılan bir türk elinin ruhundakı hürriyyət və istiqlal eşqini qardaş bir mühitə tanıtmaq məqsədilə mətbu və qeyri-mətbu, müxtəlif zamanlarda yazılan və müxtəlif səhifələrdə mündəric bulunan milli nəşidələrin bir arada təb və nəşrini ötədən bəri düşünüyorduq”.

Sonrakı qeydlərdən də görünür ki, nəşriyyat bu kitabın tərtibini Kamal bəyə həvalə etmişdir. Məcmuəyə Kamal bəy tərəfindən yazılan “Bir müqəddimə”də şeirlərin haradan əldə olunduğuna dair bəzi işarələr də vardır. Müəllifə görə, “Azərbaycan istiqlalının eşqi və həsrətilə yanan qəlblərin həmləsini və acısını duyan həssas qələmlərdən çıxmış bu nəşidələr”in əldə edildiyi mənbəyi də göstərilir: “Əvət, əldə mövcud parçalar diyoruz, çünki orada, o zülm, vəhşət və əsarət diyarında yaşayan və ən qutlu nəşidələrini gizli məhfillərdə (yığıncaq) oxuyan canfəza şairlərin əksəriyyətlə əzbərdən oxunaraq dildən-dilə dolaşan istiqlal şeirlərindən bu məcmuəyə keçən qismi azdır. Fəqət burada, bu mühacirət həyatında yazılan və əksəriyyətlə istiqlal mücadiləsinin ən şanlı təzahüratını qeyd edən möhtərəm “Yeni Qafqasya” və “Azəri türk” səhifələrində yer bulan şeirlər dəxi bizə Azərbaycan türklüyünün nə kimi hisslərlə istiqlal uğrunda mücadiləyə girişmiş olduğunu göstərir”.

Göründüyü kimi, müqəddimə müəllifi Kamal bəy bu şeirlərin əksəriyyətinin mühacirət mətbuatından götürüldüyünü, çox az bir qisminin isə ağızlarda dolaşan şeirlərin daxil edildiyini açıq şəkildə göstərir. Bu həqiqətən də belədir, çünki məcmuədə Sovet Azərbaycanında yaşayan Ə.Cavadın, Umgülsümün elə şeirləri yer almışdır ki, onlar nə Azərbaycanda, nə də mühacirətdə çap olunmuşdur. Ən azından bu şeirlər mühacirətə göndərilmişdisə, deməli həyatlarını risqə qoymuşdular. Bəlkə də bunu nəzərə alan müqəddimə müəllifi bu parçaların yazıldığı yerdə “zülm, vəhşət və əsarət diyarında” şeir müəlliflərini gözləyən təhlükəni önləmək üçün “çox az bir qism parçaların” dillərdən alındığına dair işarələr verir. Ancaq bu qeydlərin Azərbaycanda keçərliliyi olmur, ona görə ki, bolşevik rejimi istiqlal uğrunda mübarizə aparanlara qarşı rəhm və aman tanımırdı.

Məcmuədə Ə.Cavadın 10 (“Azərbaycan” himni müəllifsiz dərc edilib), Gültəkinin 22, “...Xanım”ın 1 (bu imza Umgülsümündür. Lakin məcmuədə “Gülsüm xanım” imzası ilə də şeir çap olunmuşdur. Görünür ki, şeiri ağızlardan topladıqları üçün onun müəllifi xanım olaraq tanındığından tərtibçilər də bu cür yazmışlar), Gülsüm xanımın 1, Gülsənəmin (içəridə Gülsərən getmişdir) 1, Sənanın 6, Əli Ustanın 1, Məsud Səfvətin 2, Azərizadənin 2, Əli Yusifin 1, H.Həmidzadənin 1, Nafe Şükrinin (Əmin Abidin həyat yoldaşı) 1, İsmayıl Zöhdinin 1, “B...”-nın 1 şeiri verilib. Şeirlər arasına rəmzi parçalar da daxil edilib. Bu rəmzi parçaların əksəriyyəti Gültəkinə aiddir.

Şeirlərin bir neçəsinin Gültəkinə həsr olunması da mühacirət poeziyasının görkəmli nümayəndəsi Gültəkinin həm mühacirət ədəbiyyatındakı, həm də bu məcmuədəki rolunu bir daha ortaya qoymuş olur. Məcmuədə istiqlal poeziyasının təhlilini verən və poetik parçaların da yer aldığı iki- Azərinin “İnqilab nəğmələri və yaxud həbsxana şeirləri” (“Yeni Qafqasya”, 1927, 28 may), M.B.Məmmədzadənin “Əli Usta və şeirləri” (“Azəri Türk”dən) məqalələri də dərc edilmişdir. Bu məqalələrdə təhlil edilən şeirlər isə ədəbiyyatşünaslığımız üçün tamamilə yenidir, müəllifləri məlum deyil. Birinci məqalədə Azəri həbsxana şeirlərini, ikinci məqalədə isə M.B.Məmmədzadə mühacirətşünaslığın indiyədək üzə çıxara bilmədiyi Əli Ustanın şeirlərini təhlilə cəlb edir. Məcmuə poetik parçalarla (Gültəkindən 5, Ə.Cavaddan 1, “Ə.B.”-dan 1 rəmzi parça) izlənilən “Bayarğı təbrik”, “İstiqlal məfkurəsi”, “Vətən sevgisi”, “Türk qardaşlığı”, “Qəhrəman mücahidlərə”, “Şanlı istiqlal mücadiləsi”, “Rəmzi parçalar”, “Mücadilə şərqiləri”, “Milli cihad cazibələri” bölümlərinə bölünür ki, burada gətirilən parçaların yalnız ikisi Gültəkinin deyildir.

Təəssüf ki, şeirləri dərc edilən müəlliflərin şəxsiyyətləri ilə bağlı tərtibçi heç bir məlumat vermir. Yalnız bəzi araşdırmalardan həmin şairlərin mümkün olduğu qədər kimliyini ortaya çıxara bildik. Burada şeirləri dərc edilən Ə.Cavad, Gültəkin, Ə.Yusif Azərbaycan oxucu və tədqiqatçılarına yaxşı məlumdur. “...Xanım” və “Gülsüm xanım” imzaları ilə getmiş şeirlərdən də məlum olur ki, bu adlar altında Umgülsüm nəzərdə tutulur.

Elə buradaca qeyd etmək lazımdır ki, Ə.Cavada aid edilən “Mənəm” şeiri Umgülsümündür. 1925-ci ildə yazılan şeirin adı “Bən”dir. Umgülsüm “Bən” (1925, 28 may) şeirinə M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərini epiqraf gətirmişdir.
 
Professor A.Bayramoğlu ilk dəfə olaraq həmin şeiri Umgülsümün kitabına daxil etmişdir. Nafe Şükri imzası ilə “Azərbaycanın millətpərvər şairi Gültəkin bəyə” ithaf olunan “Qardaş sevgisi” şeirinin müəllifi isə türk qızı Əmin Abidin həyat yoldaşı Nafiə Abiddir. Onun digər mətbuat orqanlarında da bir neçə şeiri dərc edilmiş, Ə.Abid repressiyaya uğradıqdan sonra bir müddət o da həbs edilmiş, yalnız Türkiyə konsulluğu işə qarışdıqdan sonra çətinliklə də olsa azad olunmuşdur. “Salam sənə, yurdum Bakı” şeirinin müəllifi H.Həmidzadənin Cənubi Azərbaycandan olduğu şeirin altında olan “Təbriz, Temmuz, 1928” qeydindən də görmək olar. “Vətən həsrəti” şeirinin müəllifi Əli Ustanın nəşriyyat qeydindən xalq içindən çıxan şairlərdən olduğunu aydın etmək olur.

Bəzi mənbələrdə bu şairin Gəncədən olduğu qeyd edilir, lakin tədqiqatçı Əli Şamil onun Nardarandan olduğunu müəyyənləşdirmişdir. M.B.Məmmədzadənin məcmuədə yer almış “Əli usta və şeirləri” adlı məqaləsində də Ə.Şamilin qənaəti təsdiqlənmiş olur. Bununla yanaşı M.B.Məmmədzadənin məqaləsindən Əli Ustanın ya mühacirətdə, ya da uzaq sürgünlərdə olduğunu da yəqin etmək mümkündür: “Əli Usta Abşeronun qumsal sahilində böyüyən, üçüncü Gəncə alayının dülgərliyini yapan, Əsgəran-Qarabağ müharibələrini görən, Gəncə, Qarabağ və Kürdəmir üsyanlarının şahidi olan və bu gün də Alucərədə kəndi təbiri ilə boğulan, üçboyalı bayrağımızın həsrətilə vulkan kimi coşan Əli Usta qızıl rus kabusu altında azəri kəndlisinin keçirdiyi həyəcanları yaşamırmı? Yaşatmırmı? Onu uzun məsafələr, keçilməz dağlar və dənizlər belə Azərbaycandan ayırmır”. Əli Ustanın məktublarından görünür ki, o, əslində şair deyil, üç il əsarət zəncirində qalmışdır; indi isə “ürəyində coşan üsyan nəhri var. Ona görə də yazdığı məktublarında şair olmasa da, şeirlərinin dərcinə mane olmamalarını, onları dərc etmələrini istəyir.

“Vətən” və “Yeni dastan” (Ziya Göyalp bəyə bənzətmə) şeirlərinin müəllifi Azərizadənin Azərbaycan mühacirlərindən olduğunu yəqin etmək olar. Ancaq bu kitabda yer alan “İnqilab nəğmələri və yaxud həbsxana şeirləri” məqaləsinin müəllifi Azəri ilə eyni adam olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.

“Sevimli Azərbaycan” və “Azəri oğluna” şeirlərinin müəllifi Məsud Səfvətin Türkiyənin gənc şairlərindən biri olduğunu Gültəkinin ona ünvanladığı “Kommunizm “düha”sına” “Türkiyənin gənc şairi Məsud Səfvətə” qeydindən öyrənmək olur. “İstiqlal” (“Mənimlə yürüyün” şairinə), “Vətən sevgisi”, “Ağa bəyimə”, “İstiqlal yolçusuna”, “Nisan” şeirlərinin müəllifi Sənan isə Azərbaycan mühacirət poeziyasının görkəmli nümayəndələrindən biridir. “Azərbaycan” şeirinin müəllifi İsmayıl Zöhdi isə Türkiyənin İzmir şəhərindəndir.

Onun Azərbaycana sevgisi və şeirləri çox olmuşdur ki, nəşriyyat redaktorunun qeydində yazılmışdır: “Bu mənzumə məşhur bəstəkar, izmirli İsmayıl Zöhdi bəy mərhumundur. Azərbaycanımızın elani-istiqlal etməsi üzərinə coşan qiymətli sənətkar bu mənzuməni yazaraq bəstələmiş, İzmirdə və Anadolunun müxtəlif yerlərində öz tələbələrinə tədris etmişdir. Son zamanlar Ankara musiqi məktəbinin müdiri olaraq milli bəstələri ilə Qərbi Anadoluda böyük şöhrət qazanmışdır. Vəfat etdiyi zaman İzmirdə kəndisinə böyük bir mərasim yapılmış və cənazəsi təyyarə ilə yüksəklərə qaldırılmışdır. Azərbaycana candan aşiq olan bu böyük ustadı hər azəri türkü hörmətlə yad etmək məcburiyyətindədir”.

“İstiqlal uğrunda” məcmuəsində Əhməd Cavad, Gültəkin, Xanım, Gülsənəm, Sənan, Əli Usta, Məsud Səfvət, H.Həmidzadə, Ə.Yusif, Nafiə Şükri, Azərizadə, Gülsüm xanım, İsmayıl Zöhdinin şeirləri verilmiş və bu adlar kitabın üz qabığına da “Mühacirət şairləri” çətiri altında çıxarılmışdır. Aydındır ki, bu şairlərin hamısı mühacir, bu şeirlərin hamısı da mühacirətdə yazılmasa belə artıq mühacirət poeziyasına daxil edilmişdir.

Məcmuədə Ə.Cavadın “Milli bayrağımıza” (1918), “Al bayrağa” (1918), “Nədən yarandın” (1919), “Göygöl” (1924), “Bismillah” (1919, kitabda səhvən 1926-cı il getmişdir), “Qalx” (1918), “Sən ağlama”, “Bir gül əkdim”, “Bir gün” şeirləri verilib. Bu şeirlərin çoxu bolşevik işğalından əvvəl yazılıb. Aydındır ki, Ə.Cavad mühacirətdə olmayıb, 1929-cu ildə yazdığı iki “Protesto”sunda yazdıqlarının səmimiyyətinə inansaq bu şeirləri o dərc olunmaq üçün kimsəyə göndərməyib. “Gülsüm xanım” imzası ilə dərc edilən Umgülsümün (“Hicran”) və Əli Yusifin (“Bir Turan yolçusu deyir ki...”, şeirləri də olsun ki, dərc edilmək üçün göndərilməyib. Elə buradaca qeyd edək ki, məcmuədə “...Xanım” imzası ilə “Bayrağım enərkən” şeiri də dərc edilmişdir ki, bu şeir də Umgülsümə aiddir. Əli Yusifin həmin vaxt Solovki adalarında olduğunu nəzərə alsaq, onda onun şeirinin mühacirət poeziyasına daxil edilməsini təbii qarşılamaq olar. Gülsənəm (yaxud Gülsərən), Məsud Səfvət, Nafiə Şükri, Azərizadə, İsmayıl Zöhdi Türkiyədə yaşadığından şeirlərinin dərc edilməsinin elə bir təhlükəsi yox idi. Ona görə ki, onlar Azərbaycanda yaşamırdılar. Burada şeirləri dərc edilənlərdən ən çox təhlükədə olanlar Ə.Cavad, Umgülsüm və Gültəkindir. Göründüyü kimi, məcmuənin nəşrindən sonra tənqid yalnız Ə.Cavadın üstünə düşmüşdür. Halbuki, Ə.Cavadın bu şeirləri artıq çoxdan Azərbaycan oxucusuna tanış olduğu kimi, Sovet hakimiyyəti əleyhinə də yazılmamışdı. Umgülsümün isə adı “...Xanım” və “Gülsüm xanım” kimi getdiyindən və bu şeirlər ədəbi prosesə məlum olmadığından, olsun ki, müəllifini tanımadığından onun adı gündəmə gəlməmişdir. Halbuki bolşevik dönəmində Ə.Cavaddan daha çox məhz Umgülsümün şeirlərində üçrəngli bayrağın endirilməsinə etiraz edilir, istiqlal duyğuları təqdir edilirdi:

Yazıq səni, bayrağım,
endirdilər öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar.
O haqq deyən haqsızlar, vəhşilər,
 tanrısızlar,
Yanar ocağını da söndürdülər,
öyləmi?

Məcmuədə şeirləri dərc edilən şairlərdən Gültəkin də həmin illərdə Azərbaycanda yaşamasına rəğmən, tənqidlərdən, təhdidlərdən yan keçmişdir. Buna səbəb olsun ki, Türkiyədə Universitetdə oxuyarkən “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini yazaraq 1926-cı ilin sonunda Bakıya qayıdan və “Kitabi-Dədə Qorqud”la bağlı bir çox tədqiqatlar aparan və sonralar dastanı nəşrə hazırlayan Gültəkinin (Əmin Abidin) Azərbaycanda bu təxəllüslə tanınmaması olmuşdur. Ə.Abidin Gültəkin imzası ilə şeirlər yazması son vaxtlara qədər naməlum qalmışdır; yalnız Əli Şamilin araşdırmaları nəticəsində təkzibedilməz faktlarla Gültəkin imzalı şeirlərin ona məxsus olması təsdiqlənmişdir. Demək lazımdır ki, Ə.Abid 1938-ci ildə repressiyası zamanı müstəntiqlərə Gültəkin imzası ilə mühacirət mətbuatında şerilərilə çıxış etdiyini etiraf etmişdir. Tədqiqatçı Əli Şamilin araşdırmalarında bütün bunlar tədqiq olunduğu kimi, şairin şeirləri də “Buzlu cəhənnəm” adı altında dərc edilmişdir (1999). 1929-cu ildə Ə.Cavadı ittiham edən məqalələri araşdırarkən aydın görmək olur ki, məqalə müəllifləri Ə.Cavadın adıgedən məcmuədə hansı şeirlərinin belə dərc edildiyini bilmirlər. Çünki şairin hər hansı bir şeirinin adını çəkmədikləri kimi, tənqidlərində də ümumilik çox idi. Onlar yalnız şairin mühacirət (oxu-düşmən) mətbuatında nə üçün şeirlərinin dərc olunmasına qarşı çıxır və şairi siyasi baxışlarına görə ittiham edirdilər. Ona görə də Azərbaycanda ya Gültəkin imzasının Ə.Abidə məxsus olduğunu o illərdə bilməmişlər, ya da məcmuə özü tənqidçilərin, yaxud çekistlərin əlində olmamışdır, yalnız belə bir məcmuənin İstanbulda dərc olunması və burada Ə.Cavadın da şeirlərinin yer aldığı informasiyası üzərindən Ə.Cavada hücumlar olmuşdur. Əslində məcmuəni tərtib edənlər özləri də bu məcmuənin nəşrinin Sovet Azərbaycanında yaşayan şairlər üçün bu qədər təhlükə mənbəyi olacağının fərqinə varmamışdılar, əgər bunu nəzərə alsaydılar, bəlkə də, Ə.Cavadın şeirlərini daxil etməzdilər.

Qeyd etmək gərəkdir ki, “İstiqlal uğrunda” toplusunda dərc olunan şeirlər bədii dəyərilə yüksək olduğu kimi, ideya və problematika etibarilə də poeziyamıza təsir göstərmək, onu irəli aparmaq baxımından son dərəcə qiymətlidir. Məcmuədə toplanmış şeirlər, içi də Azərbaycanda yazılmasına rağmən, Ə.Cavad, Umgülsüm, Ə.Yusifin şeirləri olmaqla, bütövlükdə Azərbaycan poeziyasının bir tərkib hissəsidir. Bu şeirlər nəinki Azərbaycandan kənarda yaşayan mühacirlərin yaradıcılığına, eləcə də ümumilikdə Vətəndə yazılan poeziyaya da öz təsirini göstərmişdir. Çünki məhz bu cür şeirlərdən sonra vətəndə yaranan poetik nümunələr bir az da milli ruha yaxınlaşır, yeni poetik nəfəs, milli ideya gətirir. Düşünürük ki, 1929-cu ildə məcmuənin tam olaraq üzə çıxmaması da məhz burda toplanmış şeirlərin gənc Azərbaycan şairlərinə təsir göstərməməsinə görə olmuşdur. Belə ki, o zaman bu məcmuə haqqında tənqidlər səslənsə də məqalələrdən də göründüyü kimi, burdan bir nümunə belə verilməmişdir. Hər halda burada ən çox şeirləri yer almış Gültəkinin adının çəkilməməsi və ona qarşı kampaniya aparılmaması düşündürücüdür.

Azərbaycanda yazılaraq məcmuədə yer alan şeirləri mühacirət ədəbiyyatı saymaq mümkündürmü? Tutaq ki, Ə.Cavadın 1918-19-cu illərdə yazdığı milli, vətənpərvərlik şeirlərini mühacirət poeziyası adlandırmaq nə dərəcədə doğrudur?! Yaxud 1924-cü ildə yazılan və vətəndə dərc edilən “Göygöl” şeirinin kitaba daxil edilməsi onu mühacirət ədəbiyyatına daxil edirmi?! Onu demək lazımdır ki, bu şeirlər vətəndə yazılmasına və dərc olunmasına rəğmən, yenidən “İstiqlal uğrunda” məcmuəsində getməsi onlara yeni həyat vermişdir və faktiki olaraq onun müəllifi Ə.Cavad mühacirətdə şeirlərini çap etdirməsi üzündən sərt tənqidlərə məruz qalmışdı. Elə həmin illərdə rus ədəbiyyatının görkəmli nümayəndələri Y.Zamyatin və B.Pilnyakın da Sovetlərdə yaşayıb yazmasına baxmayaraq əsərlərini mühacirətdə çap etdirmələri və mühacirət ədəbiyyatının nümayəndələri hesab edilməsi bizi də düşündürməlidir. Bizə belə gəlir ki, Ə.Cavadın bu şeirlərinin (“Milli bayrağımıza”, “Nədən yarandın”, “Bismillah”,”Qalx”, “Sən ağlama”) “İstiqlal uğrunda” məcmuəsində dərc olunmaqla mühacirət poeziyasına və siyasi mühacirətinə təsir göstərməsi onu passiv mühacirət ədəbiyyatı mövqeyindən çxarıb aktiv mühacirət nümunələrinə çevirə bilmişdir. Bu şeirlərin həm ədəbi, həm də siyasi mühacirətə təsiri şübhəsizdir. Bu şeirlər mühacirətdəki milli ruha yeni rəng qatmış olur və mühacirləri bu istiqamətdə ruhlandırır.

Şairin keçmişi idealizə etmək baxımından Azərbaycanda kəskin tənqidlərə məruz qalan “Göygöl” şeirinin məcmuədəki statusu isə bir qədər fərqlidir. Sovet dövründə yazıldığına görə həm “Göygöl”, həm də Sovet mətbuatında dərc edilməyən “Bir gül əkdim” şeirləri isə ruhuna, yazılış tarixinə və ilk dəfə bu məcmuədə yer aldığına görə əsl mühacirət poeziyası nümunəsi hesab etmək olar. Nəzərə alaq ki, bu şeirin yazılmasına qədər Ə.Cavad bir neçə aylığa bir dəfə həbs edilmiş, “Göygöl” şeirinə görə isə yenidən həbs təhlükəsi yaşamışdı. Buna baxmayaraq şair “Mənəm” şeirində özünün vətəndaş mövqeyini yenidən poetik şəkildə bəyan edir:

Kommunist, yurdumu buraxdın yetim,
Sanma ki, bununla ölən igidəm.
Sənə baş əyməyən nasionalistəm,
İstiqlalımın ilk qurbanı mənəm.

Səndə “oraq” varsa, mənim “ay”ım var,
Oğuzdan aldığım altun yayım var.
Milliyyət deyilən bir sarayım var,
Yaşıl diyarın göy pasbanı mənəm...

Umgülsümün işğalın ilk ilində yazılan, lakin vətəndə nəşr edilməyən “Bayrağım enərkən”, “Hicran”, Əli Yusifin “Bir Turan yolçusu deyir ki...” şeirləri də eyni taleyi yaşamışdır. Bu şeirlər vətəndə yalnız kiçik, dar çərçivədə, mühacirətdə isə geniş şəkildə yayılaraq vətəndə milli ruhun yaşadılması duyğusunu mühacirlərə aşılamış oldu. Bu şeirlərə müxtəlif şairlərin yazdığı bənzətmələr də onu göstərir ki, onların mühacirət poeziyasına təsiri birmənalıdır. Məcmuənin müqəddiməsində vətəndə yazılan bu cür şeirlər təqdir edilirdi:

“Fəqət bu dəfə qızıl imperializm şəklində zühur edən ikinci rus istilası bu məsaiyi (səyi) zahirən tətil etdirdisə də, Azərbaycan şeiri bu tətilə qarşı rəmzi bir lisan tərbiyəsilə müqabilə etdi. Mənşəyinmazidə bulunan və istiqlal günlərinin şəşəsilə nəşvəsi artan milli eşq dərinləşdi. İstila dövrünün vücuda gətirdiyi ÇK-lara, buzlu zindanlara, issiz bodrumlara (iş-gücsüz yerlər) və “buzlu cəhənnəmlərə” qarşı əqlləri durduran fərağət qüvvətini bu milli eşdə buldu”.

“İstiqlal uğrunda” məcmuəsində Gültəkinin yaradıcılığı xüsusi yer tutur. Maraqlıdır, toplu nəşr edilərkən Gültəkin artıq üç il idi ki Azərbaycanda yaşayırdı, ədəbiyyatşünas olaraq fundamental tədqiqatlar aparırdı. Lakin məcmuədə şairin bu qədər şeirinin yer alması, bölümlərin böyük əksəriyyətinin onun poetik parçaları ilə açılması nəyi göstərir? Hansı əsasla tərtibçi şairin şeirlərinə bu qədər geniş yer verib? Kitaba yazılan müqəddimə isə demək olar ki, başdan-başa Gültəkinin yaradıcılığını təhlil edir, gətirilən sitatların əksəriyyəti də ona məxsusdur. Bütün bunlar yalnız tərtibçinin şairin şəxsiyyətinə yaxınlığından irəli gələ bilməzdi.

Fikrimizcə, burada əsas faktor şairin  yaradıcılığında milli ruhun, vətənpərvərlik və istiqlal duyğularının ən yaxşı şəkildə poetik ifadəsinin məhz onun yaradıcılığında əks olunmasından qaynaqlanırdı. M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, Kamal bəy və başqalarının məqalələrində mühacirət poeziyası ilə bağlı ilk növbədə Gültəkinin yaradıcılığından danışılır və ona qiymət verilirdi. M.Ə.Rəsulzadə “Gültəkinin şeirlərində biz həqiqi milli “İnqilab” mübarizəsinin nəşidələrini görürük”-deyə şairin poetik nümunələrinə yüksək qiymət verirdi.

Ə.Cəfəroğlu isə yazırdı: “Gültəkin bəyin şeirləri qüvvət və gözəlliyi ilə yalnız ədəbi deyil, siyasi mətbuatımızda da rəğbətlə qarşılanmışdır. Hətta onun bəzi şeirlərinə mahnılar da bəstələnmişdir və bu gün həmin mahnılar İstanbulda böyük maraq doğurmaqdadır”.

Gültəkin özünün şəxsiyyəti, poetik yaradıcılığı və vətəndaşlığı ilə bir istiqlal yolçusu olaraq 20-ci illərin əvvəllərindən başlayaraq milli istiqlal ruhlu şeirlərini mühacirət mətbuatında dərc etdirməklə Azərbaycan mühacirət poeziyasının çox böyük hərəkətverici qüvvəsini təşkil edir. Hətta mən deyərdim ki, bu şeirlərilə Gültəkin nəinki mühacirət poeziyasının ən görkəmli nümayəndəsi olur, hətta siyasi mühacirətə belə təsir göstərir, onu canlandırır, yeni nəfəs, yeni qan verir:

Biz dalğalar yıxan gəmiçiləriz,
Gəliriz, yaşarız, ölür, gedəriz.
Qorxmayız dənizdən, fırtınalardan,
Qorxmayız nə topdan, nə də məzardan.
Bulunduqca nəfəsimiz,
“İstiqlal!” deyəcək uca səsimiz.

Elə buna görə də “İstiqlal uğrunda” məcmuəsi, demək olar ki, onun yaradıcılığının üzərində qurulub. Şairin 1949-cu ildə İstanbulda “Mühacirətdə yetişən millətçi Azəri şairləri” seriyasından Gültəkinin “Buzlu cəhənnəm” ilk şeirlər kitabının nəşr edilməsi də bir daha bunu sübut edir ki, onun şeirləri mühacirət poeziyasının əsasını təşkil edir. Təsadüfi deyil ki, M.B.Məmmədzadə “Buzlu cəhənnəm” kitabının ön sözündə şair haqqında yazırdı: “Azərbaycan türkünün milliyet, hürriyet ve istiklal uğrunda kızıl emperyalizmine karşı kanlı savaşını şiir vadisinde temsil eden mücahitlerden muhacirette yetişenlerin başında Gültekin gelir. Gültekinin hüriyyet ve istiklal haykıran şiirleri 1923-1928 yıllarında İstanbulda Resulzade Mehmet Emin Bey tarafından neşr olunan “Yeni Kafkasya” mecmuasında çıkmıştır. Bazıları daha o zamanlar, rus empryalizmi ile çarpışan esir milletler tarafından kendi dillerine tercüme edilmiş ve bir örnek alınmış bu şiirler, milli Azerbaycan neşriyatının sekizincisi olmak üzere, 1928-de İstanbulda çıkan “İstiklal uğrunda” adlı şiirler mecmuasında toplanmıştır”.

Bütün bunları nəzərə alaraq biz “Bir istiqlal yolçusu...” monoqrafiyamızda bu şeirlərdən mühacirət ədəbiyyatı nümunəsi kimi bəhs etmişik. Bolşevizmin tüğyan etdiyi bir zamanda Gültəkin cəsarətlə mövcud rejimin sonu ilə bağlı poetik qənaətlərini bildirir, ona qarşı açıq münasibətini ifadə edirdi:

Bürüdü bir qorxunc yel kibi bizi,
Bu dağlarda oldu duman bolşevik.
Qanlara boyandı Xəzər dənizi,
Vermədi kimsəyə aman bolşevik.

Bolşevik atını sürdü Araza,
Oğulsuz analar batdılar yasa,
Ey əziz qardaşlar, bu il olmasa,
Gələcək il olur viran bolşevik.

Rəngini tökdüyü qandan aldı o,
Dünyaya bir yekə vəhşət saldı o,
Qafqaz onun deyil, bizdən çaldı o,
Oldu bu gün bizə düşman bolşevik.

Beləliklə, Gültəkinin şeirlərinin Azərbaycan mühacirət poeziyasının önündə getdiyini aydın görmək olur. Təəssüf ki, onun şeirləri bəzi ədəbiyyatşünasların yanlış baxışı nəticəsində hələ də mühacirət poeziyası nümunəsi kimi təhlilə cəlb edilmir. Lakin təkcə “İstiqlal uğrunda” məcmuəsindəki şeirləri onun mühacirət poeziyasının aparıcı qüvvəsi olduğunu aydın göstərir. Gültəkin özü siyasi mühacir olmasa da, onun şeirləri klassik mühacirətin ən yaxşı nümunələridir.

“İstiqlal uğrunda” şeirlər toplusu son dərəcə qiymətlidir; ona görə ki, nəşr edildiyi ildən başlayaraq müstəqilliyə doğru uzun, keşməkeşli bir yol gəlmiş, poetik düşüncədə istiqlal obrazını yaşatmış, həm mühacirətdə, həm də vətəndə yaranan poeziyaya təsir göstərmişdir. Ona görə də bütövlükdə bu poetik toplunu, ayrı-ayrı şairlərin şeirlərini, şəxsiyyətini mühacirət ədəbiyyatı kontekstində elmi dövriyyəyə gətirmək və hərtərəfli araşdırmaq mühacirətşünaslığın qarşısında duran ən vacib problemlərdəndir.

 





30.11.2015    çap et  çap et