525.Az

Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin qalibi oldu


 

Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin qalibi oldu<b style="color:red"></b>

Noyabrın 23-dən 28-nə qədər Budapeştdə dünya miqyasında tanınan macar-amerikan bəstəkarı və dirijor Antal Dorati (1903-1988) adına Beynəlxalq dirijorluq müsabiqəsi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən 525.az-a verilən məlumata görə, Ferens List Musiqi Akademiyasının professoru, məşhur pianoçu və dirijor Tamaş Başarinin rəhbərlik etdiyi, tərkibinə İtaliya, Fransa, Polşa musiqiçiləri daxil olan münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndiriblər.

Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konserti qalibləri müəyyən etməyə imkan yaradıb.

Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub. Üçüncü mükafat verilməyib. Müsabiqə iştirakçıları MAV Budapeşt Simfonik Orkestrinin müşaiyəti ilə Pyotr Çaykovskinin, Klod Debüssinin, Bela Bartokun, Andrea Potreranın və İohann Bramsın əsərlərini səsləndiriblər.
 
Gənc azərbaycanlı dirijor temperamentli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.

Nüfuzlu beynəlxalq müsabiqənin qalibi adına layiq görülən həmvətənimiz Orxan Haşımov 1995-ci ildə Bakıda anadan olub.

Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.

Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib. Orxan Haşımov həmçinin 2016-2017-ci ildə Budapeşt Simfonik Orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, "İtalyan virtouzları" silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Fridrix Şopen adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb.

Qalib statusu eyni zamanda gənc musiqiçinin qarşısında İncəsənət xadimlərinin Beynəlxalq agentliyi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.

Cavid QƏDİR

 





01.12.2015    çap et  çap et